Azərbaycanın Fransadakı səfirliyinə radikal erməni qrup
üzvlərinin hücum etməsi
faktı ilə bağlı cinayət işi
başlanıb
Sentyabrın 18-də bir çox
yerli və xarici media resurslarında Azərbaycan
Respublikasının Fransadakı səfirliyinin inzibati
binasına bir neçə radikal erməni qrup
üzvünün zorla daxil olmağa cəhd etmələrini əks
etdirən videogörüntülər
yayılmışdır.
Qeyd edilən faktla bağlı dərhal
başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri
məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin
beynəlxalq münasibətləri gərginləşdirmək
və müharibəyə təhrikçilik məqsədi ilə
“Beynəlxalq müdafiədən istifadə edən şəxslərə,
o cümlədən diplomatik agentlərə yönəlmiş
cinayətlərin qarşısının alınması və
cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il
tarixli Beynəlxalq Konvensiyanın tələblərinə zidd
olaraq 18 sentyabr 2022-ci il tarixdə Azərbaycan
Respublikasının Fransadakı səfirliyinin inzibati
binasına zorla daxil olmağa cəhd etmələrinə, əllərindəki
silah qismində istifadə etdikləri əşyalarla inzibati
binaya və ətraf əraziyə maddi ziyan vurmalarına əsaslı
şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokuror tərəfindən
Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən
istifadə edən şəxslərə və ya təşkilatlara
hücum etmə), 12.2, 186.1 (özgənin əmlakını qəsdən
məhv etmə və ya zədələmə) maddələri
ilə cinayət işi başlanmaqla istintaqın
aparılması Baş Prokurorluğun İstintaq idarəsinə
həvalə edilib.
Baş Prokurorluq tərəfindən
həmin cinayət işi üzrə istintaqın Fransanın
aidiyyəti orqanları ilə birgə əməkdaşlıq
çərçivəsində aparılması
üçün hüquqi yardım haqqında vəsatətlə
müraciət edilmişdir.
Cinayət işi üzrə beynəlxalq
norma və prinsiplərə uyğun olaraq hərtərəfli,
tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin
dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə
cəlb edilmələri istiqamətində zəruri tədbirlər
görülür.
Azərbaycan.-
2022.- 20 sentyabr.- S.4.