Erməni təxribatına dəstək verənlər

 

Səfirliklərimizin təhlükəsizliyini təmin etməyən dövlətlər bilməlidirlər ki, onların da Azərbaycanda diplomatik nümayəndəlikləri var

 

Son günlər bəzi ölkələrdə ermənilərin Azərbaycana qarşı təxribatçı əməlləri artıb. Xüsusən Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına hücumlar narahatlıq doğurur.

Özlərini "məzlum" kimi göstərən ermənilər müxtəlif ölkələrdə bu istiqamətdə "aksiya"lar keçirərək öz çirkin niyyətlərini və vandallıqlarını açıq-aşkar göstərir, saxtakarlıqlarını  vəhşiliklə nümayiş etdirirlər.

Belə "aksiya"lardan biri sentyabrın 16-da Livanda yaşayan ermənilər tərəfindən həyata keçirilib. Beyrutda Azərbaycan səfirliyinin binasının qarşısına toplanaraq "aksiya" keçirən ermənilər səfirlik binasına hücum etməyə cəhd göstəriblər. Nəticədə təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Ermənilər təhlükəsizlik qüvvələrinə də hücum ediblər.

 

Fransa hökuməti heç bir təhlükəsizlik tədbiri görməyib

 

Daha bir "aksiya" isə Azərbaycanın Fransadakı səfirliyinin binası qarşısında təşkil olunub. Bu zaman ermənilər səfirliyin binasına zərər yetirməyə çalışıblar. Yayılan kadrlarda ermənilərin vəhşiliyi özünü göstərir. Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevbinaya hücumla bağlı tviter hesabında paylaşım edərək qeyd edib ki, ermənilər səfirliyin binasına basqın edirlər: "Fransadakı fanatik ermənilər Azərbaycanın Fransadakı səfirliyinin binasına hücum ediblər. Qoy barbar ermənilər Emmanuel Makronun tərəfində qalsınlar. Səfirlikləri qorumayanbizim təhlükəsizliklə bağlı haqlı tələblərimizi qulaqardına vuran Fransaya ayıb olsun".

Fransa beynəlxalq konvensiyalara uyğun olaraq Azərbaycan diplomatlarının təhlükəsizliyini gözardı etməməli, vəziyyəti nəzarətdə saxlamalı idi. Görünən odur ki, bu məsələdə o qədər də maraqlı olmayan Fransa hökuməti heç bir təhlükəsizlik tədbiri görməyib.

Ermənilər həmçinin Gürcüstanın paytaxtı Tbilisidə də Azərbaycan səfirliyi istiqamətində yürüş edərək təxribata cəhd ediblər, amma Gürcüstan polisi yürüşü dağıdıb. Hüquq- mühafizə orqanlarının əməkdaşları ermənilərə səfirlik binasına yürüş etməyə icazə verməyiblər. Nəticədə yürüş Metexi körpüsü üzərində dayanıb.  Polislə aparılan danışıq cəhdi də baş tutmadığından ermənilər geri qayıtmaq məcburiyyətində qalıblar.

Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq respublikanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən edilən hücumları pisləyib və bunun ciddi narahatlıq doğurduğunu bildirib. Qeyd olunub ki, özündə vandalizmterror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə, cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.

Xatırladılıb ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.

 

Ermənilərin səfirliklərimizə hücumları mütəmadi xarakter daşıyır

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyir ki, ermənilər tərəfindən xaricdəki səfirliklərimizə hücumlar mütəmadi xarakter daşıyır.  Onun sözlərinə görə, bu istiqamətdə Xarici İşlər Nazirliyi sistemində səfirliklərin mühafizəsinin gücləndirilməsindən ötrü əlavə tədbirlər görülməlidir. Səfirliklərin yerləşdiyi şəhərlərdə hökumət orqanları, şəhər meriası ilə müqavilələr yenilənməlidir. Bundan başqa, erməni təxribatlarını nəzərə alaraq, ayıq-sayıq olmaq lazımdır. Səfirliyə qarşı erməni və digərlərinin hansı təxribat törədə biləcəkləri, hansı niyyətləri olduğu müəyyənləşdirilməlidir. Belə bir məlumat olduqda yerli hökumətin nəzərinə çatdırmaq lazımdır. 

Tahir Kərimli bildirir ki, ermənilər haqsız yerə hay-küy salmağı bacarırlar. Onlar 30 il müddətində də yalan təbliğatlarını yaxşı aparıblar, hətta haqsız mövqelərini dünyaya qəbul etdirmək üçün diaspor, eləcə də lobbiçilik fəaliyyətlərini güclü qurublar. Azərbaycan da haqlı mövqeyinin dünyaya çatdırılmasında  daha yaxşı təşkilatlanmalı və bu sahədə maarifləndirmə, təbliğat aparılmalıdır.

 

Fransa polisinin məsuliyyətsizliyi

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa qəzetimizə açıqlamasında dedi ki, Azərbaycan ilk növbədə ermənilərin xaricdəki diplomatik nümayəndəliklərimizə hücumları ilə bağlı həmin ölkələrə sərt etirazını bildirməlidir. Qarşılıqlı addım atılmalı, yəni hansı ölkədəki səfirliyimizin təhlükəsizliyi qorunmursa, Azərbaycanda da həmin ölkələrin səfirliyinin təhlükəsizliyi nəzarətsiz qoyulmalıdır: "Hansısa erməni vandalları  Azərbaycana qarşı tərbiyəsiz hərəkət edir, təxribat törədir, amma həmin ölkənin polisinə tapşırıq verirlər ki, buna əhəmiyyət verməyin. Bu, gələcəkdə həmin ölkələrlə münasibətlərdə kifayət qədər ciddi amil olacaq, çünki onlar konvensiyaya uyğun davranmırlar".

Fazil Mustafa bildirdi ki, məsələni müxtəlif platformalarda müzakirəyə çıxartmalıyıq. Xüsusən Fransa polisinin məsuliyyətsiz davranışı məntiqlə onlara Fransa rəsmiləri tərəfindən verilən siyasi tapşırıqdır. Bu məsələ qarşılıqlı nəticələr doğura bilər, bunun üzərində düşünülməlidir.

 

Erməni  terrorçularının hücumlarına qarşı seyrçi mövqe təsadüfi deyil

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev qeyd etdi ki, hər bir ölkə Vyana Konvensiyasına uyğun olaraq ərazisindəki səfirlikləri qorumağa borcludur, amma təəssüf ki, son zamanlar bir sıra Qərb dövlətlərində bunun əksini görürük. Deputat deyir ki, erməni terrorçularının səfirliklərimizə basqını və həmin ölkələrin aidiyyəti strukturlarının seyrçi qalması təsadüfi deyil. Söhbət o dövlətlərdən gedir ki, ömrünü başa vurmuş ATƏT-in Minsk qrupunun uzun müddət həmsədrləri olduqları halda Azərbaycanın işğal altındakı torpaqlarında baş verən vandalizmə də seyrçi yanaşmış, səslərini çıxartmamışdılar. Həmin dövlətlər  BMT Təhlükəsizlik Şurasının daimi təsisçiləri, BMT-nin Nizamnaməsini formalaşdıran dövlətlərdən olmalarına baxmayaraq, keçmiş Qarabağ problemi ilə bağlı dörd qətnamənin yerinə yetirilməməsinə barmaqarası baxırdılar. İndi isə bizim səfirliklərə bu cür basqınların, vandalizmin qarşısının alınmamasının arxasında həmin dövlətlərin acizliyi gizlənir. Yəni onlar regiondakı proseslərə əvvəlki kimi təsir etmək qüdrətində olmadıqlarını görüb, həm də bu yolla narazılıqlarını göstərməyə çalışırlar.

Sahib Alıyev beynəlxalq əlaqələrdə "qarşılıqlılıq" deyilən anlayışın olduğunu vurğulayaraq bildirir ki,  həmin dövlətlər bunu unutmamalı,  özlərinin də Azərbaycanda səfirliklərinin olduğunu anlamalıdırlar. Azərbaycan o dövlətlərin səfirliklərini necə qoruyursa, onlar da zəhmət çəkib Vyana Konvensiyasına uyğun davranmalıdırlar.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 20 sentyabr.- S.5.