Azərbaycanın ilk "ASAN Həyat" kompleksi

 

6 il öncə Masallıda açılan mərkəz qısa müddətdə əhalinin böyük etimad və rəğbətini qazanıb

 

 

Yaradıldığı gündən fəaliyyətini "vahid məkan" prinsipi əsasında quran Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri artıq 10 ildir ölkə vətəndaşlarının xidmətindədir.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan yeni Azərbaycan brendi qısa müddətdə xalqın böyük etimad və rəğbətini qazanıb. 2016-cı ildən isə xidmətin fəaliyyətinin genişləndirilməsi fonunda bir yenilik yaşanıb - "ASAN Həyat" kompleksləri yaradılmağa başlanılıb və ilk belə kompleks respublikanın cənub bölgəsində - Masallı şəhərində yaradılıb.

Azərbaycanın ilk "ASAN Həyat" kompleksinin açılışı İlham Əliyevin 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində reallaşıb. Sentyabrın 20-dən isə mərkəz fəaliyyətə başlayıb. Masallıya səfərimiz zamanı kompleksdə yaradılan şərait və vətəndaşlara xidmətin məmnunluq səviyyəsi ilə maraqlandıq.

Xüsusi zövqlə tikilən dördmərtəbəli "ASAN xidmət" mərkəzi "ABAD", kinoklub, incəsənət mərkəzi, "ASAN İntelektual" inkişaf mərkəzi, "ASAN Kafe" və həmçinin ombudsmanın Cənub Regional Mərkəzi kompleksdə fəaliyyət göstərir. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir. Fəaliyyət dövrü ərzində vətəndaşlara səyyar formada da xidmət göstərilib. Bu bölgədə səyyar xidmətlərdən 254 mindən çox vətəndaş yararlanıb.

İlk olaraq məlumat mərkəzində vətəndaşlara xidmət göstərən xanım əməkdaşlarla söhbətləşirik. Ləman Bağırova Bakı Slavyan Universitetinin məzunudur. Artıq 6 ildir ki, bu mərkəzdə çalışır. Yəni yarandığı gündən burada vətəndaşların xidmətindədir. Ləman deyir: "Bura artıq mənim üçün çox doğma məkana çevrilib. Çalışırıq ki, hər zaman gülərüz və nəzakətli şəkildə vətəndaşlara xidmət edək. Üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək üçün əlimizdən gələni edirik".

"ASAN xidmət" mərkəzlərində ilk gündən ictimaisosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir. Masallı Regional "ASAN xidmət" Mərkəzində fəaliyyət göstərən 667 könüllüyə, səyyar "ASAN xidmət"də isə 391 könüllüyə sertifikatlar verilib.

Hazırda bu mərkəzdə könüllü kimi vətəndaşların xidmətində olan Rabil Məmmədli, Türkan Ağazadə, Aysel Zeynalova, Aygün Məmmədova, Ramal Abıyevlə söhbət zamanı bəlli olur ki, onlar "ASAN xidmət" mərkəzlərində təcrübə toplayaraq elə bu kompleksdə daha məsul vəzifələrdə çalışmaq arzusundadırlar. Deyirlər ki, könüllü olmaq, ümumiyyətlə, insanların xoş niyyətindən irəli gəlir. Təmənnasız olaraq kiməsə kömək etmək üçün özləri xidmətə müraciət edirlər. Bu mərkəzdə də yaradıcılıq potensiallarını inkişaf etdirmək üçün lazım olan şərait və imkanlar yaradılıb. Könüllülər müqavilə əsasında 2 ay müddətində fəaliyyət göstərirlər. Müqavilədə göstərilən öhdəliklərlə 2 ay müddətində çalışan könüllülərə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən rəsmi sertifikat və xasiyyətnamə verilir.

Kompleksdə olduğumuz zaman mərkəzə gələn rayonun 85 yaşlı sakini Xudakərim Rəhimovun fikirləri diqqətimizi çəkdi: "Bura ancaq işim düşəndə gəlmirəm. Bu kompleks bizim kimi ağsaqqalların həm də istirahət mərkəzidir. Allah Prezidentimizin canını sağ eləsin ki, insanlar üçün belə rahat şərait yaradır. 49 il həkim işləmişəm, 11 ildir ki, pensiyaçıyam. "ASAN xidmət" yaranandan camaatımızın günü olub. Çoxu  kənd adamıdır. Yalnız şənbə-bazar günləri gəlib sənədlərini düzəldə bilirlər. Burada çalışanlar da sağ olsunlar, həftənin bütün günü işləyirlər. Xalqa xidmət bax, belə olar..."

Notariat xidmətinə ərizə vermək üçün mərkəzə gələn 64 yaşlı rayon sakini Xoşqədəm Əliyeva çox sevincli görünürdü. Bizimlə söhbətində o da xidmətdən çox razılıq etdi: "Eşq olsun Azərbaycan Prezidentinə! Xalqını düşünən dövlət başçısı görün insanlar üçün necə gözəl şərait yaradıb. Rahat şəkildə gəlirik, istədiyimiz sənədi alırıq. Bundan əvvəl küçələrdə, qapılarda qalırdıq. İndi bir mərkəzdə hər bir xidmət var. Adam bura daxil olanda əhvalı xoş olur".

Bir faktı da söyləyək ki, bu il avqustun 5-də Masallı "ASAN Həyat" kompleksində insan hüquqları üzrə müvəkkilin (ombudsman) Cənub Regional Mərkəzinin də açılışı olub. Mərkəzin burada yerləşməsi vətəndaşların sənədləşmə və bir çox məsələlərlə bağlı müraciətlərinin yerində həllinə imkan verir. Eyni zamanda yaradılmış şərait və elektron imkanlar müraciətçilərin vəzifəli şəxslər tərəfindən qəbul imkanlarını genişləndirməklə vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

Bütün gördüklərimiz, şahidi olduğumuz reallıqlar bir məkanda - Masallı "ASAN Həyat" kompleksində cəmləşib. Həm "ASAN xidmət", həm də digər əyləncə və istirahət mərkəzləri vətəndaş rahatlığına xidmət edir. Kompleksə təşrif buyuran vətəndaşlar həm "ASAN xidmət" mərkəzinə hansısa sənədlə bağlı müraciət edirlər, həm də parkda istirahət edirlər. Gənclər isə asudə vaxtlarını intellektual inkişaf mərkəzində, kinoklubda keçirirlər.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 21 sentyabr.- S.7.