Sülhə, sabitliyə, təhlükəsizliyə
çağırış
21
Sentyabr Beynəlxalq Sülh Günüdür
Əslində, Yer kürəsinin hər gün, hər an ona ehtiyacı var. Ancaq ilin yalnız bir günü - 21 Sentyabr Beynəlxalq Sülh Günü adı ilə bütün dünyada bayram edilir.
Beynəlxalq Sülh Gününün qeyd olunması barədə qərar Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1981-ci il noyabrın 30-da qəbul olunub. Qərarın lehinə dünyanın 192 ölkəsi səs verib.
"Yaşasın Mütləq Dünya Sülhü"
Müharibə, təbii fəlakət, aclıq və regional qarşıdurmaların ağrı-acısını görən milyardlarla insanın çəkdiyi əzab-əziyyətləri hiss etmək üçün fürsətə çevrilən Beynəlxalq Sülh Günü ənənəvi olaraq, BMT-nin Nyu Yorkdakı baş qərargahında quraşdırılan "Sülh zəngi"nin çalınması ilə başlayır. Bu zəng Yaponiya parlamentinin bütün dünya xalqlarına hədiyyəsidir. Üzərində "Yaşasın Mütləq Dünya Sülhü" sözləri yazılmış zəng hər ilin ilk payız günündə - 21 sentyabrda səsləndikcə sakini olduğumuz Yer kürəsini, bəşəriyyəti qorumaq, əmin-amanlığa nail olmaq naminə silahların susdurulmasına çağırır.
Ənənəvi olaraq Nyu Yorkda düzənlənən BMT Baş Assambleyasının sessiyalarının gündəliyində planetimizin qorunması üçün sülh, sabitlik, təhlükəsizlik kimi əhəmiyyətli məsələlər yer tutur. Yoxsul ölkələrdə xəstəlik, ana və uşaq ölümlərinin qarşısının alınması, yoxsulluq və aclıqla mübarizə yolları ilə bağlı müzakirələr aparılır, əhalisi aclıqdan, maddi vəziyyətdən əziyyət çəkən xalqlara yardımların ayrılması ilə bağlı fikirlər bildirilir. Qarşıya qoyulan məqsədlərə səyləri birləşdirməklə nail olmağın mümkünlüyü barədə ümumi qənaətə gəlinir.
2007-ci ilin 21 sentyabrında BMT-nin Baş katibi Pan Gi Mun "Sülh zəngi"ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmaqla bir-dəqiqəlik sükuta səsləyərək demişdi: "Sülh bizim missiyamızdır, gündəlik axtarışlarımızın mövzusudur".
Azərbaycan dövləti, xalqı da ilin yalnız bir gününün deyil, bütün günlərinin sülh içərisində yaşanmasının tərəfdarıdır. XIX əsrin əvvəllərində ərazilərimizə köçürülən ermənilərə yaşamaq üçün yer verən, humanistlik göstərən azərbaycanlılar əsrlərdir ki, yaxşılıqlarına qarşı yamanlıqlar görüblər. Ermənilər yerləşərək yurd saldıqları Azərbaycanın əzəli torpaqlarını münaqişə ocağına çeviriblər. Tarixin hər ziddiyyətli, mürəkkəb dönəmində öz məkrli niyyətlərini, uydurduqları, özlərindən başqa kimsənin inanmadığı xülyalarını reallaşdırmaq arzusuna düşüblər. Havadarlarından da təlimatlar, həmçinin hər cür yardımlar aldıqdan sonra Azərbaycan xalqının bəlasına dönüblər. Xalqımıza qarşı qırğınlar, qətliamlar, terrorlar, soyqırımıları törədiblər. 1980-ci illərin sonlarında da sovet hakimiyyətinin çökməkdə olduğunu, qarışıqlıq yarandığını fürsət bildilər. Qarabağda azərbaycanlıların yaşayış məntəqələrinə hücumlar etməyə, soydaşlarımızı qətlə yetirməyə başladılar. Qanlı hadisələr göstərdi ki, Ermənistanın məqsədi Azərbaycandan yalnız yeni ərazilər qoparmaq deyil. Xislətində vandallıq olan ermənilər dəhşətli cinayətlər törətdilər, yalnız azərbaycanlı olduqları üçün körpələrə, hamilə qadınlara, qocalara belə aman vermədilər. 1990-cı illərin əvvəlində erməni quldurlarının törətdikləri təxribatlar nəticəsində baş verən Birinci Qarabağ müharibəsində Azərbaycana ağır zərbə dəydi. Ölkəmizin ərazisinin 20 faizi işğal edildi. Minlərlə azərbaycanlı şəhid oldu, əsir götürüldü. Evləri, yurdları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən bir milyondan çox Azərbaycan vətəndaşı məcburi köçkün həyatı yaşamalı oldu.
Həmin ərazilərimiz otuz ilə yaxın Ermənistanın işğalında qaldı. Bu müddət ərzində işğalçılıq siyasətini davam etdirən Ermənistan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərimizin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 822, 853, 874, 884 nömrəli qətnamələrinin heç birinə əməl etmədi. Buna baxmayaraq, Azərbaycan Respublikası münaqişənin danışıqlar masasında həllinin tərəfdarı olduğunu bəyan etdi. İşğal altında olan ərazilərini müharibə yolu ilə geri qaytarmaq iqtidarında olsa da, dövlətimiz məqsədinin, niyyətinin sülh olduğunu əməlləri ilə göstərdi. Münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində ardıcıl və mühüm addımlar atdı.
Dünyanı yalnız müharibələrə, münaqişələrə son qoymaqla təhlükəsiz etmək olar
1994-cü ilin mayında atəşkəs haqqında razılaşma imzalansa da, Ermənistan dövləti buna məhəl qoymadı, təcavüzkar siyasətini davam etdirdi. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarla intensiz atəşə tutdular. Əsgər və zabitlərimizi şəhid etdilər. Ermənistan təmas xəttinə yaxın olmayan ərazilərimizi, mülki əhalimizi belə atəşə tutmaqdan çəkinmədi.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistana Azərbaycan xalqının səbrinin heç də hüdudsuz olmadığını dönə-dönə xatırlatması da sülh istəyindən irəli gəlirdi.
Dövlət başçısı bu münaqişənin həlli istiqamətində öz mövqeyini 2016-cı ilin Aprel döyüşlərindən sonra bir daha bildirdi. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında yaralı və şəhid hərbçilərin ailə üzvləri ilə görüşündə vurğuladı ki, biz bəyan etmişdik, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq, bir şərtlə ki, qarşı tərəf də atəşkəsə əməl etsin. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dedi: "Biz müharibə istəmirik, istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu çətin prosesdir. Ancaq bilin ki, bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Azərbaycanın mövqeyini, həqiqəti əks etdirən qərar və qətnamələr qəbul ediblər. Düzdür, hələ ki bu qərarlar nəticəyə gətirib çıxarmayıb, ancaq bu qərar və qətnamələr məsələnin həlli üçün hüquqi əsasdır".
Dünya ictimaiyyəti, aparıcı dövlətlər, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsinin illərdən bəri davam etdiyini görürdü. Təəssüf ki, Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi istiqamətində qətiyyətli addımlar atılmırdı. Cəzasızlıq Ermənistan dövlətinin əl-qolunu açırdı, cinayət əməllərini davam etdirirdi.
Cəzasızlıq mühitinin əbədi olacağına özünü inandıran Ermənistanın Baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır və nöqtə", o zamankı müdafiə naziri David Tonoyan isə "Yeni ərazilər üçün yeni müharibə" dedilər. Ermənistan dövləti öz mövqeyindən əl çəkmədi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatları Vətən müharibəsinin başlanmasına səbəb oldu. Və nəticədə Azərbaycan tarixi ədaləti bərpa etdi. Torpaqlarımız işğaldan azad edildi. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları Birgə Bəyanatla başa çatan Vətən müharibəsinin nəticələri regionda real sülhün bərqərar olması üçün əsaslar yaratdı.
Təəssüf ki, Ermənistan dövləti yenə də məsuliyyətini dərk etmək istəmir. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam etdi. Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat nəticəsində isə Azərbaycanın səksən əsgər və zabiti şəhid oldu, iki mülki vətəndaşı yaralandı.
Bu onu göstərir ki, terrorçu Ermənistan dövləti də, ona himayədarlıq edənlər də sülhün əleyhdarlarıdır. Ancaq unudurlar ki, hansı qitədə, hansı ölkədə yaşamasından, hansı millətə, irqə mənsubluğundan asılı olmayaraq, bir Yer kürəsi var. Bu dünyanı müharibələrə, təxribatlara rəvac verməklə deyil, yalnız münaqişə ocaqlarını söndürməklə, sülhlə təhlükəsiz yerə çevirmək mümkündür.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.-2022.- 21 sentyabr.- S.6.