Paşinyana qarşı çevrilişi bu dəfə öz partiyası hazırlayır

 

"Vətəndaş müqaviləsi" yeni baş nazir axtarışındadır

 

 

Ermənistanda siyasi qarşıdurmanın daha da dərinləşməsi, keçmiş hərbi xunta ilə hakimiyyət arasında ziddiyyətlərin kəskinləşməsi müşahidə olunur.

Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə təşkil edilən etiraz aksiyaları davam edir, siyasi vəziyyət gərgin olaraq qalır. Bir həftədir davam edən aksiyalar artıq rəsmi İrəvanı ciddi şəkildə narahat edir.

Bunların fonunda Ermənistanda hakim partiya olan "Vətəndaş müqaviləsi" Nikol Paşinyanın istefa verməli olacağını da istisna etmir. "Past" nəşri öz mənbələrinə istinadən yazır ki, "Vətəndaş müqaviləsi" partiyasında mümkün fors-major vəziyyətlə bağlı intensiv müzakirələr gedir.

Bu müzakirələr ölkə və dövlət nöqteyi-nəzərindən yox, hakimiyyətin qorunması baxımından aparılır. Fakt budur ki, partiya təmsilçiləri yaranmış münaqişə vəziyyətindən və artan daxili siyasi təzyiqdən son dərəcə narahatdırlar. Ona görə də onlar "a" və "b" planları üzərində düşünürlər ki, birdən-birə hakimiyyət müxalifətə keçməsin. Mənbə bildirir ki, hətta "Vətəndaş müqaviləsi" də Nikol Paşinyanı istefaya məcbur edə bilər.

Qeyd olunur ki, indi parlamentdə bu posta namizədi irəli sürmək və baş naziri seçmək variantını müzakirə edirlər. Hətta müdafiə naziri Suren Papikyanın namizədliyi ən aktiv şəkildə müzakirə olunur. Amma burada da "geosiyasi" oriyentasiyaların toqquşması müşahidə edilir. Çünki "Vətəndaş müqaviləsi"ndə heç də hamı qərbyönlü fikirlərə sadiq deyil. Mənbə bildirir ki, növbədənkənar seçkilərin keçirilməsi müzakirə olunan fors-major variantlardan biridir.

Erməni politoloq Edvard Antinyan bildirib ki, dövlət müharibəyə başlayanda bütün xalq ayağa qalxır, hamı hakimiyyət ətrafında birləşir. Müxalifətin aksiyaları əslində kortəbii bir toplantı idi, əslində onu idarə edənlər bir müddətdən sonra ortaya çıxdı: "Serj SarkisyanRobert Koçaryan".

Erməni politoloqun qənaətinə görə, mitinqlər biabırçı uğursuzluğa düçar olub, bundan sonra belə etirazların heç bir mənası yoxdur, çünki o uğursuzluq bütün aspektləri əhatə edib.

Bu arada dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənlik və çətinliklərin digər ölkələrlə müqayisədə Ermənistana daha çox dağıdıcı təsir göstərdiyi nəzərə çarpır. Xüsusən də Rusiyada rublun məzənnəsinin aşağı düşməsi Ermənistan iqtisadiyyatı üçün böyük fəlakət sayılır. Əvvəlki illərlə müqayisədə Ermənistanda ərzaq məhsullarının qiymətlərində 11,5 faiz artım qeydə alınıb. İnflyasiya ilə yanaşı, insanların gəlirləri mütənasib şəkildə artmayıb və bu, erməni əhalisini daha da yoxsullaşdırıb. Ermənistan Mərkəzi Bankı isə inflyasiya qarşısında acizdir.

Ermənistanda ABŞ dollarının məzənnəsi ucuzlaşıb. Bu prosesin heç bir obyektiv iqtisadi səbəbinin olmadığı bildirilir. Dolların ucuzlaşması isə həmin valyuta ilə pul köçürmələri alan ailələrin gəlirlərinə mənfi təsir göstərir. Daxili ixrac da itkilərə məruz qalır. Onu da əlavə edək ki, xarici investorlar dolların "zəifliyi"nə görə Ermənistana marağını itirirlər.

Ermənistan Mərkəzi Bankı inflyasiya ilə mübarizə üçün maliyyələşdirmə dərəcəsini 1,25 faiz artıraraq 9,5 faizə çatdırıb. Dolların orta məzənnəsi avqust ayı ilə müqayisədə təxminən 26 dram azalıb. Əslində bu, idxal mallarının müəyyən qədər canlanmasına səbəb olmalı idi. Bununla belə avqust ayında sentyabr ayı ilə müqayisədə ümumi inflyasiya 2,3 faiz, o cümlədən ərzaq inflyasiyası 4 faiz təşkil edib. Göründüyü kimi, ABŞ dollarının "zəifləməsinə" və yenidən maliyyələşdirmə dərəcəsinin artırılmasına baxmayaraq, inflyasiya səngiməyib, əksinə, sürətlənib.

Bunlar Ermənistanın üzləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir və ölkənin indi daha böyük sürətlə öz məhvinə doğru sürükləndiyini göstərir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 21 sentyabr.- S.7.