Şərqşünaslıq
İnstitutunun kollektivi görkəmli şərqşünas-alim
Aida İmanquliyevanın xatirəsini anıb
Sentyabrın 19-da AMEA-nın akademik
Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun kollektivi XX əsrdə Azərbaycanın
dünya elminə bəxş etdiyi görkəmli simalardan biri
şərqşünas-alim, pedaqoq, filologiya elmləri doktoru,
professor Aida İmanquliyevanın məzarını ziyarət
edib, xatirəsini dərin ehtiramla anıb, məzarı
önünə əklil və gül dəstələri
qoyub.
AZƏRTAC xəbər verir ki,
anım mərasimində çıxış edən
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq
İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva
30 il öncə sentyabrın 19-da dünyasını dəyişmiş
böyük alim Aida İmanquliyevanın həm ictimai fəaliyyət,
həm şəxsi keyfiyyətləri baxımından
başqalarından fərqlənən, parlaq bir şəxsiyyət
olduğunu deyib. Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq
elminin inkişafında silinməz iz qoyduğunu söyləyən
Gövhər Baxşəliyeva, elmi fəaliyyətini ərəb
ədəbiyyatının tədqiqinə həsr edən 3
sanballı monoqrafiya, 100-dən çox elmi və elmi populyar məqalələrin
müəllifinin ərəb-Qərb ədəbiyyatlarının
qarşılıqlı əlaqələrini və təsirini
öyrənən ilk alimimiz olduğunu qeyd edib.
Vurğulanıb ki, Aida
İmanquliyeva məhcər - ərəb ədəbiyyatını
dərindən araşdırıb. Məhz onun tədqiqatları
nəticəsində yeni ərəb ədəbiyyatının
Qərb ədəbiyyatına, o cümlədən ingilis
romantiklərinin, rus tənqidi realizminin nümayəndələrinin
yaradıcılığına çox güclü təsir
etdiyi müəyyən olunub.
Aida İmanquliyevanın Şərqşünaslıq
İnstitutuna rəhbərlik etdiyi dövrdə
bacarıqlı elm təşkilatçısı kimi
özünü göstərdiyini xatırladan G.Baxşəliyeva
əlavə edib ki, o, Azərbaycan elmini dünya səviyyəsində
təmsil edən gözəl alim idi.
Gövhər Baxşəliyeva Aida
İmanquliyevanın itkisinin şərqşünaslarımız
üçün çox ağır olduğunu, alimlərimizin
onun əziz xatirəsini daim uca tutduqlarını deyib.
Şərqşünaslıq
İnstitutunun Cənubi Azərbaycan şöbəsinin
müdiri tarix üzrə fəlsəfə doktoru Səməd
Bayramzadə Aida İmanquliyevanın dəyərli elmi fəaliyyətindən
bəhs edib, onun gənc şərqşünaslara göstərdiyi
qayğıdan danışıb.
Azərbaycan.-
2022.- 20 sentyabr.- S.7.