Gücümüz birliyimizdədir
Azərbaycan dəfələrlə xəbərdarlıq etmişdi. Prezident, Müzzəfər Ali Baş Komandan İlham Əliyev Ermənistanın hərbi-siyasi rəhbərliyinə müraciət edərək onları 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyə, revanşist hərəkətlərindən çəkinməyə çağırmışdı.
Xəbərdarlıq etmişdi ki, əgər Ermənistanda bəzi qüvvələr revanş götürüb sülh danışıqlarını pozarlarsa, problemi yenidən güc, hərb yolu ilə həll etmək niyyətinə düşərlərsə, cavab daha sərt, daha amansız olacaq. Ermənilər yenə də anlamadılar. Yaxın keçmişlərini, atəşkəs haqqında yalvarıb üstümüzə minnətçi saldıqları günləri çox tez unutdular. Üzdə özlərini danışıqların, sülhün tərəfdarı kimi göstərib, arxada oyun qurmaq niyyətinə düşdülər. İki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiya olunması haqqında danışıqlar getdiyi bir vaxtda Ermənistan tərəfi heç bir beynəlxalq hüquqa məhəl qoymayaraq hələ dəqiqləşdirilməmiş sərhədlərə ağır döyüş texnikası, canlı qüvvə yığaraq sərhədləri minaladılar. Bu azmış kimi, qana susamış düşmən sentyabrın 12-dən 13-nə keçən gecə Daşkəsən, Kəlbəcər, Laçın rayonları istiqamətində sərhədlərimizi pozaraq, xaincəsinə ərazilərimizə soxulub əsgərlərimizə hücum etdilər.
Dağlarda döyüş
44 günlük müharibənin acı nəticəsini dadmış namərd düşmən, görünür, hələ də Azərbaycan əsgərinin gücünü, vətən sevgisini düzgün dərk edə bilməyib. Unudurlar ki, indi qarşılarında yenilməz Azərbaycan Ordusu durur. Düşmən anlamaq istəmir ki, şəhidlərin qanı ilə suvarılıb canları ilə aldıqları vətən torpağına bir də ayaq basmalarına imkan vermərik. Bir əsgərimizin canına qıyılarsa, qısasımız daha amansız olur. Ermənilər bir şeyi unudurlar ki, 30 ilə tikdikləri istehkamları, bunkerləri cəmi 44 günün içində onlara məzar etdik. İndi öz yurdumuzda, öz torpağımızda, şəhidlərin bizə əmanət etdikləri o dağlarda qəhrəmanlarımız məskən salıb. İstehkamlar tikilib. O torpaqlarda erməninin canına vəlvələ salıb, kabusuna dönmüş xüsusi təyinatlılarımız, Komando birliklərimiz keşik çəkirlər.
Təbii ki, erməninin öz xisləti, namərdliyi özünə bəllidir. Amma oğullarımızın Vətən üçün hər an canlarından belə keçməyə, şəhid olmuş döyüş yoldaşının qisasını almaq üçün ölümün üstünə dik getməyə hazır olduqlarını unutmuşdular. Əsgərlərimiz, igidlərimiz ermənilərin gəldikləri o dağ yollarını onlara məzar etdilər. Tikdikləri istehkamları qısa bir vaxtda dağıtdılar. Güvəndikləri S-300 raketlərini "ovuclarının içində" məhv etdilər. Ermənilərin bu qanlı təxribatı nəticəsində 80 igidimiz şəhid oldu. Onlar canlarını vətənə fəda etdilər.
İndi heç kimə sirr deyil ki, bu gün dünyanın böyük hərbi institutları, dünya hərb elmi bir örnək kimi Azərbaycan əsgərinin döyüş taktikasını öyrənirlər. Hətta Azərbaycan əsgərinin döyüş qabiliyyəti, cəsurluğu, vətənə olan sevgisi dünyanın təəccübünə səbəb olur desək, yanılmarıq. Azərbaycan əsgərinin gücü onun vətən sevgisində, torpağa bağlılığında, haqsevərliyində, aldığı tərbiyədədir. Sonuncu dəfə torpaqlarımız uğrunda şəhid olanların, döyüşənlərin, yaralıların əksəriyyəti Birinci Qarabağ savaşı döyüşçülərinin övladları, qan bağı olan insanlardır.
Gücümüz birliyimizdədir! Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan əsgərinin, Azərbaycan Ordusunun qüdrətini belə ifadə edib: "Xalqın birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qarşımızda dura bilməz. Və əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, onlar bilməlidirlər ki, onları nələr gözləyir".
Onu da qeyd edək ki, artıq ermənilərin yaratdıqları
o yazıq erməni obrazı dünyada keçmir. İndi erməni yalanı ayaq
tutub yerimir. Müdrik Azərbaycan Prezidenti
İlham Əliyevin apardığı dürüst siyasət, faktlara
söykənən məntiqli çıxışları dünyada erməni yalanlarını
darmadağın edib. Siyasət
meydanında erməni ideologiyasını, erməni
yalanını və məkrini darmadağın edən Azərbaycan
Prezidenti ermənilərə sülh təklif edib. Bunu qəbul edərlərsə, özləri üçün də yaxşı olar. Yox, çaşıb
yenidən başqa fikirlərə
düşərlərsə, "dəmir yumruq"
və dəmir iradəli Azərbaycan əsgəri ilə
qarşılaşmalı olacaqlar.
Elşən QƏNİYEV
Azərbaycan.-
2022.- 20 sentyabr.- S.8.