Böyük Britaniyanın dövlət naziri Ermənistanın son təxribatları barədə məlumatlandırılıb

 

Sentyabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı tərəflər Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyəti müzakirə ediblər.

Ceyhun Bayramov sentyabrın 12-dən etibarən Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması və hücumları nəticəsində 79 hərbi qulluqçumuzun həlak olduğunu, bölgədə yaranmış gərginliyə görə məsuliyyətin Ermənistan üzərinə düşdüyünü diqqətə çatdırıb. Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra əldə olunmuş razılıqlar çərçivəsində öhdəliklərə riayət etməməsi, habelə postmünaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar barədə məlumat verilib.

Hazırda atəşkəsə əməl olunduğu, Ermənistanın təxribatlardan çəkinməsinin və iki dövlət arasında məsələlərin danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi Ermənistan ilə siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlı olduğu nazir tərəfindən diqqətə çatdırılıb.

Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti öz növbəsində yaranmış vəziyyətə görə narahatlığını ifadə edib, Azərbaycanın hərbi qulluqçularının həlak olmasına görə başsağlığı bildirib, hazırda atəşkəsə əməl olunmasından məmnunluğunu vurğulayıb. Sabitliyin təmin olunacağına və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Sonra tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının gündəliyində duran məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 

Azərbaycan.- 2022.- 18 sentyabr.- S.2.