"Şuşa
ili" çərçivəsində tədbir
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naftalan Reabilitasiya Mərkəzində "Şuşa ili" çərçivəsində "Şuşa, tarixi Zəfərin şahidi şəhər" adlı tədbir keçirilmişdir.
Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa ili" elan edilməsi haqqında sərəncamının mühüm siyasi və tarixi əhəmiyyəti olduğunu diqqətə çatdırmış, dövlət başçısının bu qərarının eyni zamanda xalqımızın tarixinə, mədəni dəyərlərimizə xüsusi diqqətin və böyük ehtiramın göstəricisi olduğunu qeyd etmişlər. 30 illik işğala 44 gündə son qoyan rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığın, ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşada, eləcə də digər işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin hər bir azərbaycanlıda qürur və iftixar hissi yaratdığını diqqətə çatdırmışlar.
Şəhər icra hakimiyyətinin məsul əməkdaşları Şahmar Ədilov və Afət Mustafayeva, reabilitasiya mərkəzinin direktoru Pərvanə Əbdürrəhmanova və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasətin ölkəmizi beynəlxalq təşkilatların ən mötəbər üzvünə çevirdiyini, dövlət proqramlarının, eləcə də "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın xalqımızın hərtərəfli inkişafı, sosial rifah halının yaxşılaşdırılması, sağlam həyat tərzinin təbliğ olunması baxımından böyük tarixi sənədlər olduğunu qeyd etmişlər.
Sabir ƏLİYEV,
Azərbaycan.-2022.- 21 sentyabr.- S.6.