Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

 

Sentyabrın 21-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr çıxış edib. Ölkəsinin Azərbaycanla əlaqələri möhkəmləndirmək kursunu gələcəkdə də davam etdirəcəyini bildirən səfir vurğulayıb ki, 1932-ci ildə Krallığın birləşməsindən sonra Səudiyyə Ərəbistanı sürətli inkişaf yolu keçib.

Səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. O qeyd edib ki, bu günədək iki ölkənin maraqlarına uyğun sazişmemorandumlar imzalanıb. Hər iki ölkə “OPEC+” platforması vasitəsilə əməkdaşlıq edir.

Daha sonra maliyyə naziri Samir Şərifov çıxış edərək, Azərbaycan Hökumətinin və Prezidentinin Səudiyyə Ərəbistanı xalqına səmimi təbriklərini çatdırıb. Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır. Keçirilən yüksək səviyyəli mühüm görüşlər ölkələrimizin siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə təkan verib. Səudiyyə Ərəbistanının ölkəmizdə qeyri-neft sektorunun ən böyük investorlarından biri olduğu diqqətə çatdırılıb.

S.Şərifov qeyd edib ki, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı yüksək səviyyədədir. “Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, işğalçı Ermənistanla diplomatik əlaqə qurmaqdan imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanının bu mövqeyini yüksək qiymətləndirir", - deyə nazir vurğulayıb.

 

Azərbaycan.-2022.- 22 sentyabr.- S.7.