Erməni ekoterrorizmi
Məğlubiyyətlə barışmaq istəməyən
düşmən qeyri-qanuni məskunlaşdığı
Azərbaycan torpaqlarında vandallığını davam etdirir
Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti, vandallıq, ekoloji terror göz qabağındadır. Təcavüzkar ölkə 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatından sonra da belə çirkin əməllərindən əl çəkmir.
Onlara edilən hər güzəştə, Azərbaycanın humanizm addımlarına baxmayaraq, daim öz xislətlərinə uyğun davranırlar. Məğlub ölkə olaraq kapitulyasiya aktını imzaladıqdan sonra onlara verilən vaxt ərzində Kəlbəcəri, Laçını tərk edərkən belə evləri, meşələri yandırdılar. Ağdamda isə təsəvvüredilməz dərəcədə vandallıq etmişdilər. Orada 30 il müddətində yandırmağa bir şey qalmamışdı, çünki daşı daş üstündə qoymayaraq, şəhərin axırına çıxmışdılar.
Laçın yolu hazır olduqdan sonra Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxmaq üçün möhlət istədiklərində də Azərbaycan humanist addım ataraq avqustun sonuna kimi ermənilərə vaxt vermişdi. Bu ərazilərimizi tərk edərkən də yenə özlərinin olmayan hər şeyi yandırmağa başladılar. Ermənilər qeyri-qanuni yaşadıqları evləri, habelə meşələri yandıraraq həmin əraziləri tərk etdilər. Bu zaman Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınmışdı.
Son günlərdə isə ermənilərin Xocalı istiqamətində yanğın törətməsi məlum oldu. Hər dəfə məğlub olduqda həm hərbi, həm də danışıqlar masasında uduzduqlarını gördükdə, belə alçaq əməllərə əl atan ermənilər hər şeydən əvvəl insanlıqdan kənar olduqlarını göstərirlər. Heç insan gözəllikləri, təbiəti məhv edərmi? Amma vandallar bunu edirlər.
Ermənilər təbiətə qarşı da düşmən mövqedə olduqlarını
göstərdilər
Xocalı istiqamətində törətdilən yanğınlara münasibət bildirən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, ermənilər indi də Xocalı istiqamətində, dağlıq ərazilərimizdə yanğınlar törətməklə öz riyakarlıqlarını, təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarını bir daha göstərdilər.
Nazir müavininin sözlərinə görə, bu cür hadisələr cinayətdir, ekoloji terror aktıdır: "Düşmən tərəfinin törətdiyi bu yanğınları ürəkağrısız izləmək mümkün deyil. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır, bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi növlərə aid olan qiymətli meşələri məhv edir".
Vüqar Kərimov bildirir ki, ermənilərin törətdiyi yanğınlar ekosistemimizə böyük zərər vurur.
Ekoloji terrorun izləri
Təbii ki, ermənilərin ekoloji terroru yalnız meşələrin, yaşıllıq ərazilərin yandırılması ilə bitmir. Eyni zamanda Ermənistan ərazisindən keçərək gələn, həmçinin Qarabağ və Şərqi Zəngəzurda yerləşən çayların çirkləndirilməsi, təbiətə vurulan digər ziyanlar da ekoterrorizmi açıq-aydın göstərir. Bu illər ərazində çirkləndirilmə nəticəsində çayların suyu yararsız hala düşüb. 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra ərazilərimizin bərpası istiqamətində sürətli işlərə başlanılıb. Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işləri həyata keçirilir. Eyni zamanda təbiətə vurulmuş ziyanın miqyası ölçülür, çayların çirklənmə səviyyəsi öyrənilir. İndiyədək aparılan təhlillərə görə, ən çox çirklənmə Oxçuçayda qeydə alınıb. Transsərhəd çay Ermənistan ərazisində daim çirklənməyə məruz qalıb. Belə ki, çayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında, Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib. Aparılan araşdırmalar zamanı Oxçuçayın çirklənmə səbəbinin Qafan və Qacaran dağ-mədən sənayesinin tullantı sularının təmizlənmədən birbaşa çaya axıdılması ilə bağlı olduğu müəyyənləşib. Çirklənmə səviyyəsi normadan dəfələrlə artıq olduğu üçün Oxçuçayın suyu yararsız hesab edilir. Çayın suyundan istifadə insan sağlamlığı üçün zərərlidir və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Çayın çirkliliyi onun biomüxtəlifliyinin məhvinə də gətirib çıxarır. Bunun nəticəsidir ki, müxtəlif vaxtlarda çayda balıqların kütləvi ölümünə də rast gəlinir. Təbii ki, çirklənmə yalnız Oxçuçayda deyil. İşğaldan azad olunmuş ərazilərin hər qarışında ekoloji terrorun izləri görünür.
Oxçuçay fəlakəti
Xatırladaq ki, Oxçuçayla
bağlı vəziyyətə Prezident İlham Əliyev bu ilin birinci rübünün
yekunlarına həsr olunmuş
müşavirədə də toxunub.
Dövlət başçısı qeyd edib ki, Lev
çayı, Zabux, Tutqun,
Turqay, Bəsitçay, Qarqarçay,
Quruçay, Köndələnçay, Oxçuçay - bütün
bu çayları ermənilər işğal edərək vəhşicəsinə
istismar edirdilər. Prezident
Oxçuçay fəlakətinin indi dünyanın gözü
qabağında olduğuna da
diqqət çəkib: "Biz bu məsələni qaldırmışıq.
Məsələni qaldıranda bizə söz
verildi ki, bu fəlakəti törədən şirkət
gəlib bunu təmizləyəcək. Amma artıq
bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən "Cronimet"
şirkətidir. Bu, böyük şirkətdir
və bəzi xarici mətbu orqanlarda gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş
xunta rejiminin nümayəndələri ilə
bunların qanunsuz biznes əlaqələri olub və onlar
birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra
Ermənistan hökuməti
korrupsiyalaşmış həmin
o erməni nümayəndələrindən
bu kombinatın payını alıbdır.
Ancaq bu fəlakəti törədən "Cronimet"
şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə
məsələ qaldırılmalıdır.
İndi mən çox şey demək istəmirəm, biz artıq
hüquqi iddia ilə də çıxış edəcəyik,
hazırlıq işləri
gedir, beynəlxalq mütəxəssislər cəlb
olunublar. Erməniləri törətdikləri vəhşiliklərə
görə bütün
dünyada ifşa edəcəyik".
Qeyd edək ki, mütəxəssislər
tərəfindən Qarabağ
və Şərqi Zəngəzurun çaylarında
suyun keyfiyyətinin öyrənilməsi məqsədilə
mütəmadi olaraq monitorinqlər keçirilir. Monitorinqlər zamanı çaylardan nümunələr götürülür.
Amma əzəli, tarixi torpaqlarına qayıdanlar
yenidən quraraq, yaradaraq, əkərək,
becərərək Qarabağı
və Şərqi Zəngəzuru cənnətə
çevirəcəklər. Uzaq deyil... Yenidən bu
ərazilərimiz yaşıllığa
bürünəcək, orada
təbiət, həyat
canlanacaq.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2022.- 18 sentyabr.- S.6.