Dünyaşöhrətli azərbaycanlı

 

Dünyaya gəldiyi gün doğma xalqı, müstəqilliyi yolunda böyük mücadilələr etdiyi Azərbaycan üçün onun adı ilə əlamətdardır. 18 sentyabr məhz Üzeyir günüdür...

 

Azərbaycan mədəniyyətində yeni dövrün başlanğıcı

 

Üzeyir bəy Hacıbəyli 1885-ci ilin bu günü dünyaya göz açıb. Şuşada boya-başa çatıb. Bu şəhərin ab-havası, musiqi ilə, muğamla, poeziya ilə nəfəs alan mühiti balaca Üzeyir bəyin dünyagörüşünə böyük təsir göstərib. Kiçik yaşlarından Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı, nəsildən-nəslə ötürdüyü mənəvi irsinə yalnız bələd olmayıb. Öyrəndikcə xalqının bu dəyərli milli mənəvi sərvətinə heyran qalıb.

İllər ötdükcə o, Azərbaycan xalq mahnılarının, muğamlarının bilicisi olub. Şuşanın musiqi mühiti Üzeyir bəyə Azərbaycanın zəngin mənəvi irsini dərindən mənimsəməklə, yaşatmaqla bərabər, həm də dövrlə ayaqlaşmağı öyrədib.

XIX əsrin sonlarında Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə Şuşada həvəskar artistlər tərəfindən "Məcnun Leylinin məzarı üstündə" adlı musiqili səhnəcik göstərilib. Tamaşanın musiqi tərtibatçısı məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) olub.

Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasından götürülən, muğam musiqisi əsasında qurulan səhnəcikdə Məcnun rolunu Cabbar Qaryağdıoğlu ifa edib. On üç yaşlı Üzeyir bəy xanəndəni müşayiət edən oğlanlar xorunda çıxış edib. Sonralar Üzeyir bəy Hacıbəyli xatirələrində yazacaqdı: "Təxminən 1897-1898-ci illərdə... mən doğma şəhərim olan Şuşadakı həvəskar tamaşada "Məcnun Leylinin məzarı üzərində" səhnəsini gördüm; bu səhnə məni o qədər dərindən həyəcanlandırdı ki, ... mən opera yazmağa qərar verdim".

Tiflisdə, Qori Seminariyasında oxuduğu vaxt italyan operasına - Rossinin "Seviliya bərbəri"nə tamaşa edib. Tamaşa uşaqlıq xatirələrində dərin iz buraxan, heç zaman unutmadığı fikirlərini reallaşdırmağa onu daha da həvəsləndirib.

1907-ci ildə "Leyli və Məcnun" operasını yazıb. Operanın librettosunun müəllifi özü idi. Yalnız Azərbaycanın deyil, bütün Şərqin musiqi tarixində yeni səhifə açan operanın səhnəyə qoyulması üçün hazırlıqlara başlanılıb. Üzeyir bəy Hacıbəylinin evində "İsmailiyyə" mehmanxanasında məşqlər keçirilib. Üzeyir bəyin yaxın dostu İmran Qasımovun təklifi ilə 1907-ci ilin son günlərindən isə operanın məşqləri Muxtarov, 115 ünvanında (keçmiş Persidskaya, 135) yerləşən Qasımovların böyük evinin üçüncü mərtəbəsindəki geniş zalda aparılıb. "Leyli Məcnun" operasının ilk tamaşası 1908-ci il yanvarın 18-də Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında nümayiş olunub. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski idi. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. Tamaşanın təəssüratları elə möhtəşəm olub ki, şəhərdə bu barədə günlərlə danışılıb. Yeni əsər onun istedadlı müəllifindən Bakıda nəşr olunan mətbu orqanlarda da bəhs olunub.

Azərbaycan musiqi mədəniyyəti "Leyli Məcnun"la yeni dövrə qədəm qoydu. Üzeyir bəy "Leyli Məcnun"dan sonra musiqimizi "Şeyx Sənan", "Rüstəm Söhrab", "Şah Abbas Xurşudbanu", "Əsli Kərəm", "Harun Leyla", "Koroğlu" operaları, "Ər arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları, xalq calğı alətləri orkestri üçün iki fantaziya, çoxlu mahnılar, romanslar, kantatalar, orkestr, kamera-instrumental digər ölməz əsərləri ilə zənginləşdirdi.

 

Dəyişən siyasi quruluşlar, dəyişməyən şəxsiyyət

 

Onun Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi XX əsrin ilk illərindən başlamışdı. 1918-ci ildə Azərbaycan Xalq Cünhuriyyətinin qurucuları ilə çiyin-çiyinə dayandı. 1920-ci ildə bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bir çoxu kimi Üzeyir bəy Hacıbəylinin həyatı üçün təhlükə yaransa da, Vətəni tərk etmədi. Bir müddət susdu. Sonra sovet hakimiyyətinin bütün ziddiyyətlərinə, danosbazların şərinə, təzyiqlərinə rəğmən, yaradıcılığını davam etdirdi. Ölməz əsərlərinin bir çoxunu da həmin gərgin illərdə yaratdı. Üzeyir bəyin təşkilatçlıq bacarığı ilə Azərbaycan musiqi sənəti inkişaf etdi. O, Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru, (1928-1929, 1939-1948), Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru (1945-1948) oldu. Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etdiyi illərdə Üzeyir bəyin təşəbbüsü ilə Rusiyanın aparıcı şəhərlərindən - Moskva Leninqraddan (indiki Sankt-Peterburq) görkəmli musiqiçilər, tanınmış pedaqoqlar, nüfuzlu professorlar dəvət edildilər. Həmin illərdə Azərbaycan musiqi sənətini Avropa səviyyəsinə bərabərləşdirən musiqiçilərimiz yetişirdi. Onların dərs aldıqları böyük pedaqoqların arasında Üzeyir bəy Hacıbəylinin yeri əvəzolunmaz idi. Yaradıcılığında milliliyi qoruyub saxlayan, Azərbaycan milli musiqisindən, muğamlarımızdan bəhrələnən Üzeyir bəy gənclərə xalq musiqisinin əsaslarından dərs deyirdi.

Üzeyir bəy Hacıbəyli istedadı olanların əlindən tuturdu, onların yaradıcılıq yollarında maneələrlə qarşılaşmalarına imkan vermirdi. Onun təməlini ənənələr üzərində qoyduğu, yeniliklərə, müasirliyə açıq Azərbaycan musiqisi ona görə parladı. Şöhrəti bütün dünyaya yayıldı. O dövrün Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Maestro Niyazi, Əfrasiyab Bədəlbəyli, Arif Məlikov başqa istedadlı gəncləri musiqi sənətimizi yeni əsərlərlə zənginləşdirdilər.

Üzeyir bəyin böyük xidmətlərindən biri müxtəlif musiqi kollektivləri yaratmaq istiqamətində gördüyü uğur qazandığı işlər oldu.

 

Minnətdarlıqla anılan dahi ömrü

 

Üzeyir bəy Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin müəllifidir. O, "Professional Şərq musiqisinin atası" adlandırılır. Əsərlərinə bütün dünyada maraq sevgi olan bəstəkarıın 100 illik yubileyi UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd edildi.

18 Sentyabrın Musiqi Günü kimi qeyd olunması ənənəsini görkəmli bəstəkarımız drijorumuz maestro Niyazi qoydu. O, Üzeyir bəy Hacıbəylinin vəfatından sonra hər ilin 18 sentyabrını bayram kimi qeyd edirdi. Bu ənənə uzun illər davam etdi.

1995-ci il sentyabrın 18-də dahi bəstəkarın anadan olmasının 110-cu ildönümündə Prezident Heydər Əliyev "Üzeyir musiqi gününün keçirilməsi haqqında" Fərman imzaladı. Fərmana uyğun olaraq, ölkəmizdə hər il ənənəvi şəkildə Üzeyir musiqi günü keçirilir.

Həmin gün dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, redaktor Üzeyir bəy Hacıbəylinin yalnız soydaşlarına deyil, bütün insanlara örnək olan altmış üç illik ömür yolu, çoxşaxəli zəngin yaradıcılığı heyrətqarışıq minnətdarlıqla yenidən anılır...

 

Zöhrə  FƏRƏCOVA

 

Azərbaycan.- 2022.-18 sentyabr.- S.7.