Azərbaycan imzalanmış üçtərəfli sənədlərə
sadiqdir
Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:
-Hörmətli İlham Heydər oğlu, Sizi bu dəfə Şanxay Əməkdaşlıq Təşkilatı məkanında, bu təşkilatın Sammitində görməyə çox şadam.
Bu gün biz həm təşkilatın özünün işi, həm də ikitərəfli münasibətlər, regionda vəziyyət barədə artıq dəfələrlə söhbət etmişik, fikir mübadiləsi aparmışıq.
İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir, çox uğurla inkişaf edir, şübhəsiz, bunu qeyd etmək lazımdır. Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xətti ilə əməkdaşlıq həyata keçirilir.
Lakin, əlbəttə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi bu gün hamımızı çox narahat edir. Biz Sizinlə bu barədə danışmışıq. Mən dünən gecə Ermənistanın baş naziri Nikol Paşinyanla danışmışam. Siz bunu bilirsiniz, mən bu barədə Sizi məlumatlandırmışam. Yaxşı ki, əlaqələndirilmiş səylərimiz sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin mən belə başa düşürəm ki, hər halda vəziyyət gərgin olaraq qalır.
Sizinlə görüşmək, bütün bu məsələlər barədə söhbət etmək imkanına görə çox şadam, çünki onların hamısı vacibdir.
***
Azərbaycan Prezidenti
İlham Əliyev dedi:
-Sağ olun, Vladimir Vladimiroviç.
Yeni görüşümüzə çox şadam.
Bundan əvvəlki
görüşümüzdən üç aydan az vaxt keçib. Lakin bu müddətdə
də biz daim əlaqədə olmuşuq,
telefonla danışmışıq,
həmçinin ikitərəfli
münasibətlərin çox
müsbət dinamikasını
görürük.
Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti
haqqında Bəyannamə
imzalanandan sonra da müxtəlif sahələr üzrə mühüm sənədlər
imzalanıb və Sizin qeyd etdiyiniz
kimi, bütövlükdə
görürük ki, əmtəə dövriyyəsində
və nəqliyyat sahəsində yükdaşımaların
həcmi artır. Bundan əlavə,
indi biz tranzit imkanlarımızın potensialını
tam həcmdə işə
salmaq niyyətindəyik.
Belə ki, nəticələr göz qabağındadır.
Əminəm ki, biz bu ili bütün istiqamətlər
üzrə yaxşı
nəticələrlə başa
vuracağıq.
Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə,
eskalasiyaya operativ reaksiya verdiyinizə görə də Sizə təşəkkürümü
bildirmək istərdim. Döyüş
toqquşmaları 8 saatdan
az davam
edib və dayandırılıb. Doğrudur, erməni
tərəfi atəşkəs
rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq
iki sutkaya yaxındır ki, atəşkəs rejiminə
riayət olunur. Sərhəd
münaqişələri olur.
Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu
dinc şəraitə
keçirmək mümkün
olub. Mənim indi yerlərdən
aldığım informasiyaya
görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib.
İndi əsas məsələ münasibətlərin başlanmaqda
olan normallaşması
prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən
Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində
nəqliyyat kommunikasiyalarına
dair üçtərəfli
komissiya çərçivəsində,
delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını
alqışlayırıq. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik.
Bir daha demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən
sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli
sənədlərə sadiqdir
və biz Qafqazda vəziyyətin sabit olması üçün
nə lazımdırsa
edəcəyik.
Prezident Vladimir Putin: Çox
sağ olun.
Azərbaycan.- 2022.-17 sentyabr.- S.1; 3.