Qətiyyətli cavab əməliyyatı Ermənistana dərs olmalıdır

 

Məğlub ölkə vaxtaşırı Azərbaycandan zərbə almasa, sülhün onun üçün nə qədər vacib olduğunu anlamayacaq

 

İkinci Qarabağ müharibəsində cəmi 44 günə Azərbaycan qarşısında diz çökərək yalvaran Ermənistan indi sülh sazişi bağlamaq əvəzinə məkrli oyunlar oynayır. Dövlət sərhədinin müxtəlif istiqamətlərində təxribatlar törətməklə yenə də əsl xislətini nümayiş etdirir.

Sentyabrın 12-də erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq Daşkəsən, Kəlbəcər, Laçın rayonları istiqamətində təxribatlar törətməsi isə Azərbaycanın səbrini daşırmaya bilməzdi. Dəfələrlə edilən xəbərdarlıqlardan dərs almayan işğalçı erməni ordusu növbəti dəfə qəhrəman Azərbaycan əsgərinin gücünə şahid oldu. Ordumuzun qətiyyətli cavab əməliyyatı Ermənistanı məyus etdi.

Buna görə Ermənistan məğlubiyyətini qəbul etməli və sülh danışıqlarına gəlməlidir. Anlamalıdır ki, atəşkəs haqqında razılığı pozaraq işğalçılıq niyyətini gerçəkləşdirməyə çalışsa, yenə də başına "dəmir yumruq" dəyəcək.

 

Revanşistlər regionda sülh istəməyən xarici qüvvələrin alətinə çevriliblər

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edir ki, Ermənistan hərbi birləşmələrinin növbəti təxribatı nəticəsində gərginliyin yaranmasına görə bu ölkənin hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

Deputat bildirir ki, Ermənistanda revanşist qruplar regionda sülhün bərqarar olmasını istəməyən xarici qüvvələrin alətinə çevriliblər və onlar həmin dairələrin sifarişlərini yerinə yetirərək bölgədə sabitliyin yaranmasına əngəl törədirlər. Lakin Azərbaycan Ordusu hər zaman olduğu kimi, təxribatlara layiqli cavab verir. Sonuncu qətiyyətli cavab əməliyyatı da bunun bariz təcəssümüdür.

Tahir Mirkişili deyir ki, Ermənistan dövləti 10 noyabr 2020-ci il razılaşmasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu halda bunun tam əksini edir. Azərbaycanla sərhəddə hərbi texnikalar cəmləşdirərək, canlı qüvvələr yığaraq revanşist düşüncələrə qapılır. Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətlərində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutmaları intensiv xarakter daşıyırdı. 

Komitə sədrinin sözlərinə görə, Azərbaycan hər zaman olduğu kimi, yenə də beynəlxalq hüquq normaları çərçivəsində öz mübarizəsini aparır və BMT-nin Təhlükəsizlik Şurası qətnamələrinin icrasını təmin edən bir dövlət olaraq bölgədə sülhünsabitliyin bərqərar olması üçün səylərini davam etdirir.

Deputat qeyd etdi ki, erməni hərbi birləşmələrinin atəşkəsi pozmasından dərhal sonra baş nazir Nikol Paşinyanın bir sıra dövlətlərin rəsmilərinə zəng etməsi də fayda vermədi, çünki Azərbaycan heç bir beynəlxalq hüquq normasını pozmayıb, əksinə, bölgədə təxribatçılıqla məşğul olan revanşist qrupları zərərsizləşdirib.

Komitə sədri hesab edir ki, Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün müraciət etməsi ilə özünü gülünc vəziyyətə qoydu: "Paşinyan bilməlidir ki, beynəlxalq birlik Azərbaycanın BMT tərəfindən təsdiq olunmuş ərazi bütövlüyünü tanıyır, sərhəd toxunulmazlığına hörmətlə yanaşır. Eyni zamanda KTMT-də təmsil olunan dövlətlərin hər biri Azərbaycanla dostluq münasibətində olan ölkələrdir. Əgər Paşinyan ölkəsinin sülhsabitlik içində yaşamasını istəyirsə, bu cür müraciətlərə zamanını xərcləməkdənsə, hökumətdə və hərb sahəsində olan revanşist, təxribatçı qüvvələri təmizləsə, daha yaxşı olardı. Əks halda Ali Baş Komandanımızın vurğuladığı kimi, "dəmir yumruq" yerindədir və ölkəmizə qarşı təxribatlar törədənlərin başını hər an əzməyə qadirdir".

 

Dünya artıq erməni yalanını qəbul etmir

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Aydın Mirzəzadə qəzetimizə açıqlamasında bildirib ki, Ermənistanın son təxribatı dünya mətbuatının diqqətində olan məsələlərdəndir. Məğlub ölkə yenə də təxribatlar törətməklə bunu Azərbaycanın üstünə atmağa çalışır. Amma görünən odur ki, artıq erməni yalanı keçmir. Ermənistan təxribatına böyük dövlətləri, o cümlədən KTMT üzvlərini cəlb etməyə çalışsa da, heç nəyə nail ola bilmir.

Aydın Mirzəzadə Ermənistanın tələbi ilə KTMT Şurasının iclasının keçirildiyini, amma təşkilatın Ermənistanın mövqeyini müdafiə etmədiyini, nəticədə öz nümayəndəsini sərhəd xəttinə göndərməyi qərara aldığını bildirdi. Həmin nümayəndənin Azərbaycana da səfər etməsi mümkündür. Bu zaman dövlətimiz müvafiq məlumatları ona verəcək.

Deputat deyir ki, Ermənistan Azərbaycan torpaqlarından qovulması ilə razılaşa bilmir: "Bu, Ermənistanın ağılsız və özünə ziyan vuran yanaşma tərzidir. Ermənistan Azərbaycanla yenidən hərbi münaqişəyə çıxmaqla əslində özünü zəiflədir".

Aydın Mirzəzadə vurğulayır ki, Ermənistanın iqtisadiyyatı zəif, resursları çox aşağıdır, əhalisi isə durmadan ölkəni tərk etməkdədir. Hərbi potensialını artırmaq üçün imkanları yoxdur. Azərbaycan Ordusu onların hər təxribatının cavabını qat-qat ağır verir. Bu, haqqımızdır, çünki Azərbaycan ərazi bütövlüyünü, suveren hüquqlarını qoruyur.

Görünən odur ki, Ermənistan vaxtaşırı Azərbaycandan ağır zərbə almasa, sülhün və əmin-amanlığın onun üçün nə qədər vacib olduğunu anlamayacaqdır.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 17 sentyabr.- S.1; 6.