Azərbaycan milli maraqlarını qətiyyətlə təmin edir

 

Sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində baş verənlər Ermənistanın növbəti hərbi-siyasi avantürası idi. Bu hadisələri törətməklə Ermənistanın məqsədi üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaq, bütövlükdə normallaşma prosesini sabotaj etmək olsa da, İrəvanın bütün planları iflasa uğradı.

Əslində, buna qədər Ermənistan müxtəlif səviyyələrdə status-kvonu özünə sərf edən istiqamətə yönəltmək istəyirdi. Görünən odur ki, Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin apardığı bərpa və quruculuq işlərinə davamlı şəkildə maneçilik yaradan düşmən indi də ölkəmizi hərbi təxribata çəkməklə danışıqlar prosesini dalana dirəməyə və vəziyyəti öz maraqlarına uyğunlaşdırmağa cəhd edir.

Ötənlərə nəzər yetirsək, ermənilərin istər Kəlbəcərin azad edilməsi, istər Laçın şəhərinin təhvil verilməsi zamanı öz terrorçu niyyətlərini həyata keçirdiklərini açıq-aydın görərik. Sarıbaba yüksəkliyində düşmənin 2021-2022-ci il istehsalı olan minaların basdırılması Ermənistanın əsl niyyətini ortaya qoydu. Son dövrdə isə Azərbaycan ərazilərinin Ermənistandan atəşə tutulması sistemli hal almışdı. Təbii ki, vəziyyət bu cür davam edə bilməzdi və Azərbaycan Ordusu bu mənfur niyyətli addımlara müvafiq cavab verməli idiverdi də. Azərbaycan Ordusunun dövlət sərhədi istiqamətində mövqelərini intensiv atəşə tutan Ermənistanın hərbi bölmələri sentyabrın 12-dən 13-nə keçən gecə layiqli cavablarını aldılar. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri bir daha göstərdi ki, "dəmir yumruq" həmişə ayıq-sayıqdır və  düşmənin istənilən təxribatçı hərəkətinin qarşısını dərhal almağa qadirdir. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun xeyli sayda canlı qüvvə və döyüş texnikası məhv edildi. Sonradan Ermənistanın baş naziri itkiləri etiraf etməyə məcbur oldu.

Xatırladaq ki, buna bənzər vəziyyət avqust ayının əvvəllərində də baş vermişdi. O zaman keçirilən  "Qisas" əməliyyatından sonra Prezident İlham Əliyev düşmənə bir daha xəbərdarlıq etmişdi. "Bir neçə saat ərzində davam edən "Qisas" əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaqheç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz". Beləliklə, xəbərdarlıqdan nəticə çıxarmayan Ermənistanın hərbi təxribatı ona yenidən baha başa gəldi. Xalqımız bir daha Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinə, ordumuzun gücünə, hərbçilərimizin yüksək döyüş ruhuna şahidlik etdi.

Ordumuzun düşmənə verdiyi layiqli cavab bizimlə istər açıq, istərsə də pərdəarxası mübarizə aparan bəzi dövlətləri hərəkətə gətirdi. Fransanın təklifi ilə BMT-nin Təhlükəsizlik Şurasının çağırılması buna bariz nümunədir. Əlbəttə ki, Azərbaycan güclüeyni zamanda beynəlxalq birlikdə möhkəm mövqeləri olan dövlətdir və heç bir qüvvə ölkəmizin milli maraqlarını  təmin etməsinin qarşısını ala bilməz.

Bu hadisələr fonunda özünü göstərən başqa bir məqam isə adını müxalifətçi qoyan bəzilərinin antimilli mövqeyi oldu. Azərbaycanın qələbəsi ilə başa çatan döyüşlər xalqımızı sevindirdi, milli həmrəyliyimizin təcəssümünə çevrildi. Lakin sapı özümüzdən olan bəziləri Azərbaycanın hərbi uğuruna ləkə salmağa cəhd edərək millisiyasi mənəviyyatsızlıqlarını bir daha ortaya qoydular. Əslində həmin qüvvələrin hansı xisləti daşıdıqları illər öncədən bəlli idi. Antiazərbaycançı şəbəkənin tapşırıqlarını yerinə yetirən Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli kimiləri hər zaman düşmən dəyirmanına su töküblər, Azərbaycanın uğurlarına kölgə salmağa cəhd ediblər.

Ermənistanın hərbi təxribatının qarşısının uğurla alınmasından sonra da bu qaragüruhçular sosial şəbəkələrdə şəhidlərimizin qanı hesabına qazanılmış qələbəni ordumuzun uğursuzluğu kimi təqdim etməyə çalışır, öz vətənini qanı, canı bahasına qoruyan igidlərimizin qəhrəmanlıqlarını kiçildirlər. Görünən odur ki, Azərbaycan xalqının öz Ali Baş Komandanı ətrafında sıx birləşməsi, milli həmrəyliyi bu antimilli ünsürləri dərindən narahat edir. Qazandığımız uğurları həzm edə bilməyən bu satqınlar, dırnaqarası müxalifət nümayəndələri xaricdən aldıqları tapşırıqlar əsasında qələbəmizə kölgə salmağa cəhd edirlər.

Bu adamlar həmişə Azərbaycana qarşı siyasi cəbhədə olan dövlətlərin yanında yer almış, onların fikirlərinin ifadəçisi rolunu oynamışlar. Bu günlərdə dövlət sərhədində Azərbaycanın Ermənistanı darmadağın etməsindən sonra bu, bir daha təsdiqini tapdı.

Hazırda dünyada gedən proseslər fonunda vahid ideya ətrafında birləşmək, xalqımızı, ordumuzu ruhlandırmaq əvəzinə bu cür pozucu fəaliyyətlə məşğul olmaq birmənalı şəkildə dövlətimizə və xalqımıza qarşı çıxmaqdır. Ona görə də Ermənistanın maraqlarına xidmət edən belələrinin düşüncələri, ordumuza atdıqları böhtan, uğurlarımızı şübhə altına almaları Azərbaycan cəmiyyətində dərin hiddət və qəzəb doğurdu.

Bu antimilli qaragüruh heç vaxt öz məqsədinə çatmayacaq, arzusu və niyyəti gözündə qalacaq. Qalib Azərbaycan maraqlarını daim qətiyyətlə təmin edəcək, ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün strateji hədəflərə çatacaqbiz yeni qələbələrin şahidi olacağıq!

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2022.- 17 sentyabr.- S. 6.