Avstraliya senatorları və parlamentarlarının diqqəti Ermənistanın genişmiqyaslı təxribatına cəlb edilib

 

Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə Avstraliya Senatı və Parlamentinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Avstraliya–Azərbaycan Türk Dostluq Birliyinin sədri, Yeni Cənubi Uels Türk Dərnəkləri Şurasının vitse-prezidenti İmaməddin Qasımovun imzası ilə senatorlaraparlamentarlara ünvanlanan müraciətdə Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Bəyanatda Avstraliyada yaşayan Azərbaycan və türk icmalarının Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə hiddətləndiyi və dərin narahatlıq hissi keçirdiyi, Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan normallaşma, sülh danışıqları prosesinə beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın hər vəchlə mane olmağa çalışdığı diqqətə çatdırılıb.

Birlik rəhbəri senator və parlamentarları, eləcə də beynəlxalq qurumları Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması, sülhə sövq edilməsi istiqamətində səylərini artırmağa, əməli addımlar atmağa çağırıb.

 

Azərbaycan.- 2022.- 17 sentyabr.- S.6.