UNESCO-nun mənzil
qərargahının qarşısında Qərbi Azərbaycanın
tarixi və mədəni irsinin
dağıdılmasını əks etdirən aksiya davam edir
Parisdə UNESCO-nun mənzil qərargahında “Mədəniyyətlərarası Dialoqun Yaradılması” mövzusunda tədbir keçirildiyi vaxt qurumun qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən sərgi xarakterli üçgünlük aksiya davam edir.
AZƏRTAC xəbər verir ki, aksiya Sərhədsiz ədalət və Hüquqlar (Justıce et Droıts Sans Frontières) Assosiasiyası tərəfindən təşkil olunub.
Aksiyada nümayiş olunan şəkillər uzun illər Ermənistan ərazisində Azərbaycan tarixi və mədəni irsinə qarşı kultursid siyasətini əks etdirir. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan tarixi və mədəni irsinə qarşı vandalizm siyasəti aparmaqla, tarixi və mədəni irsimizi tamamilə məhv etdiyi yerli sakinlərə göstərilir və bu haqda məlumat verilir.
Təşkilatçı “Sərhədsiz Ədalət və Hüquq” Assosiasiyasının məqsədi aidiyyəti beynəlxalq təşkilatların diqqətini Ermənistanın Azərbaycana qarşı apardığı urbisid və kultursid siyasətinə cəlb etməkdir. Ermənistanın bərpa işləri adı altında Azərbaycanın mədəni abidələrinin digər xalqlara aid olması kimi tarixi saxtalaşdırmasının qəbuledilməz olduğunu vurğulayaraq, İrəvan şəhərindəki Azərbaycan abidələri haqqında ziyarətçilərə məlumat verirlər.
Sərgi xarakterli aksiyaya yaxınlaşan yerli sakinlər tarixi və mədəni irsin dağıdılmasını pisləyərək, bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildiriblər. Qeyd ediblər ki, mədəni irsin dağıdılması yolverilməzdir və bununla beynəlxalq təşkilatlar ciddi məşğul olmalıdırlar.
Şəkillərdə dağıdılmış mədəni irs abidələrini görənlər bu hadisələr haqqında fransız mətbuatının susmasına təəssüfləndiklərini bildiriblər.
Aksiyada
İrəvan qalası, Sərdarabad qalası, Sərdar
sarayı, Səlim karvansarayı, Urud abidələr kompleksi, Təpəbaşı
məhəlləsi, Aşıq Ələsgərin qəbirüstü
abidəsi, Abbas Mirzə məscidi, Sərdar məscidi, Rəcəb
Paşa məscidi, Novruzəli bəy məscidi, Hacı Cəfər
bəy məscidi, Təpəbaşı məscidi və mədəni
irsimizə daxil olan digər abidələrin fotomaterialları
nümayiş etdirilir.
Azərbaycan.-2022.- 22 sentyabr.- S.7.