Avstraliyada fəaliyyət göstərən diaspor
təşkilatları Ermənistanın sərhəddə təxribatını
pisləyən bəyanatlar yayıblar
Avstraliyada yaşayan Azərbaycan icması Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatla əlaqədar bu ölkənin rəsmi qurumlarına, beynəlxalq təşkilatların nümayəndəliklərinə və yerli KİV-lərə müraciət edib.
AZƏRTAC xəbər verir ki, Kvinslend Azərbaycan İcmasının sədri Elnur Fətullayevin, Avstraliya Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Elxan Məmmədovun və Avstraliya-Azərbaycan-Türkiyə Dostluğu Cəmiyyətinin sədri İmaməddin Qasımovun imzaladığı müraciət Avstraliya federal parlamentinə, parlamentin xarici əlaqələr şöbəsinə, ölkənin Baş nazirinə, Xarici İşlər Nazirliyinə və yerli kütləvi-informasiya vasitələrinə ünvanlanıb.
Bəyanatlarda sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dövlət sərhədində təxribat törədildiyi, hərbi qulluqçuların qətlə yetirildiyi və infrastruktura zərbə vurulduğu qeyd edilib.
Beynəlxalq ictimaiyyəti təcavüzkar siyasətə son qoyulması üçün Ermənistana təzyiq göstərməyə çağıran diaspor təşkilatları bildiriblər ki, adıçəkilən ölkə 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır, Azərbaycanın sülh və regional əməkdaşlıq təşəbbüsləri fonunda yeni fitnələrə əl atırlar.
Bəyanatlarda diqqətə çatdırılır ki, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə müəyyən razılıqlar əldə olunmasına baxmayaraq, qarşı tərəf sülh müqaviləsinin hazırlanması və imzalanması, həmçinin sərhədlərin delimitasiyası prosesinə əngəl törədir.
Sənəddə
vurğulanır ki, Ermənistanın mövqeyi normallaşma və
sülh prosesinə tamamilə ziddir. Baş vermiş təxribat, qarşıdurma və
itkilərə görə bütün məsuliyyət
Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə
düşür. Ermənistanın təcavüzkar
hücumlarına baxmayaraq, Azərbaycan
dövləti işğaldan azad edilmiş ərazilərdə
genişmiqyaslı yenidənqurma və quruculuq
işləri aparır.
Azərbaycan.-
2022.- 17 sentyabr.- S.8.