“Qarabağda yeni
iqtisadiyyat quruculuğu:
Ağdamdan inkişaf
impulsları” kitabı işıq üzü
görüb
Ötən ilin sentyabrın 16-17-də Ağdam şəhərində “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransın əhəmiyyəti nəzərə alınaraq onun materialları kitab şəklində çap edilib.
Qarabağ Dirçəliş Fondundan AZƏRTAC-a bildiriblər ki, konfransın ildönümü münasibətilə dərc olunan kitabda konfrans iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu, təşkilatçı qurumların rəhbərlərinin açılış nitqləri, konfrans iştirakçılarının üç dildə - Azərbaycan, ingilis və rus dillərində məruzə və məqalələri toplanıb.
Xatırladaq ki, sözügedən konfrans Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilib.
Həm konfransın, həm də onun materialları əsasında tərtib edilmiş kitabın əsas məqsədi Qarabağın, xüsusilə də Ağdamın bərpası, yenidən qurulması, qısa, orta və uzunmüddətli perspektivdə inkişafı ilə bağlı sosial-iqtisadi tədqiqatları stimullaşdırmaq, ölkəmizin elmi ictimaiyyətini bu məsələlərlə bağlı araşdırmalara daha geniş cəlb etməkdir.
İki gün davam edən konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru professor Nazim Müzəffərli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov, iqtisadçı alimlər, bir sıra hökumət qurumlarının əməkdaşları, ali məktəblərin - Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Biznes Universitetinin, Xəzər Universitetinin, Sumqayıt Dövlət Universitetinin müəllimləri və Avropa, ABŞ və Türkiyədən qonaq gəlmiş tədqiqatçılar iştirak ediblər.
Yüzdən
çox elmi məqalənin
təqdim olunduğu konfransda
Qarabağda yeni iqtisadiyyat quruculuğu,
iqtisadçı alimlərin tədqiqatlarının bu baxımdan əhəmiyyəti,
Qarabağın təbii resursları, yaşıl enerji potensialı, məcburi
köçkünlərin Ağdama və
Qarabağın digər bölgələrinə qayıdışı
məsələləri və digər mövzular
ətrafında geniş fikir
mübadilələri aparılıb.
Azərbaycan.-
2022.- 17 sentyabr.- S.8.