Xarici jurnalistlər Ağalıda “ağıllı kənd”lə tanış olublar

 

Azərbaycanın işğaldan azad edilmiş rayonlarında səfərdə olan bir qrup xarici jurnalist Zəngilanda olub.

AZƏRTAC xəbər verir ki, qonaqlara Zəngilanda işğal zamanı törədilən dağıntılar, maddi-mədəniyyət abidələrimizin məhv edilməsi, həmçinin Azərbaycan tərəfindən aparılan minatəmizləmə əməliyyatları, bərpa-quruculuq işləri, reallaşdırılan layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan dövləti tərəfindən “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq əhali köçürülüb.

Qeyd olunub ki, burada Dövlət Xidmətləri Mərkəzi, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, KiçikOrta Biznesin İnkişafı Mərkəzi burada fəaliyyət göstərəcək.

Həmçinin kənddə “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri yaradılıb.

Diqqətə çatdırılıb ki, Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Kənddə “Gillmedtikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi də tikilib.

 

Azərbaycan.- 2022.-17 sentyabr.- S.10.