Tarixi
dönüş nöqtəsi
2020-ci il 27
sentyabr...
Tarixin bu təqvimi ölkəmizdə
həm Vətən müharibəsi şəhidlərinin
Anım günü, həm də 44 günlük İkinci
Qarabağ mühribəsinin bağlandığı
gündür.
Bu gün respublikamızın bütün şəhər
və rayonlarinda, o cümlədən azad edilmiş ərazilərimizdə
anım mərasimləri keçirilir, xalqımız Vətən
uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin
xatirəsini qürurla yad edir.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən
təsis edilən Anım günü Vətən müharibəsində
qəhrəmancasına döyüşmüş, ölkəmizin
ərazi bütövlüyü yolunda canlarından
keçmiş əsgər və zabitlərimizə,
bütün şəhidlərimizə dərin ehtiramın
ifadəsidir.
Bu tarix həm də qələbə
vədi ilə başlayıb, Zəfərlə bitən
savaş tariximizin şərəfli səhifəsinə
çevrilib.
Çünki düşmənin genişmiqyaslı
təxribatının qarşısını almaq
üçün Azərbaycan Ordusu Ali Baş Komandan İlham
Əliyevin "dəmir yumruq" əməliyyatının
icrasına başladı.
Güclü ordu,
siyasi nüfuz, birlik...
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin üzvü
Aydın Mirzəzadə Vətən müharibəsindən
iki il keçdiyini xatırladaraq qeyd edir ki, məğlub Ermənistan
dövlət sərhədində hərbi təxribatlar törətməklə
sülhə hələ də hazır
olmadığını göstərir. Deputat bildirir ki, revanş üçün heç bir
gücü olmamasına baxmayaraq, Ermənistan cəmiyyəti
yaranmış yeni reallıqla razılaşa bilmir.
Razılaşmamaq isə özünün inkişafına ciddi ziyan
vurur. Qonşu dövlətin torpağına
iddia etmək, onunla sərhəd məsələsini həll
etməmək istər-istəməz cəmiyyətin resursunu əlindən
alır.
Aydın Mirzəzadənin
fikrincə, Ermənistan dövlət kimi güclənmək,
sosial problemlərini həll etmək əvəzinə
özünü bu cür avantüralara xərcləyir. Amma müharibənin
yenidən başlaması qeyri-mümkündür. Azərbaycan bütün istiqamətlər üzrə
Ermənistandan güclüdür. Təxribatlara
cavab verəcək güclü ordumuz, beynəlxalq aləmdə
siyasi nüfuzumuz, cəmiyyətin birliyi və lider ətrafında
güclü birlik vacib məqamlardır. Ermənistanda isə
bunlar yoxdur: "Ermənistanın vəziyyətdən nəticə
çıxarmasına çox böyük ehtiyac
var. Nəticə çıxaracaqsa, bir dövlət kimi
inkişaf edəcək, əks halda daha da zəifləyəcək.
Azərbaycan isə həm dövlət kimi
güclənir, həm də Ermənistanın istənilən
təxribatına cavab vermək iqtidarındadır".
Bütün
xalqın əsgərə çevrildiyi gün
Milli Məclisin İctimai
birliklər və dini qurumlar komitəsinin sədr müavini
Sahib Alıyev qəzetimizə açıqlamasında bildirdi
ki, sentyabrın 27-si Vətən savaşının
başlandığı gün - ilk növbədə tarixin Azərbaycan
xalqının əleyhinə cərəyan edən gərdişinin
dəyişdirilməsinin başlanğıc
günüdür. Bu tarix bütün Azərbaycan
xalqının öz torpaqlarının azad edilməsi yolunda əsgərə
çevrildiyi reallığının üzə
çıxdığı gün idi. Bu
gün ədalətsizlik, haqsızlıq, ancaq və ancaq
böyük dövlətlərin iradəsi üzərində
qurulan beynəlxalq konyunkturanın
sındırıldığı gündür.
Böyük güclər Prezident İlham Əliyevin də
vurğuladığı kimi, BMT-nin bəzi qətnamələrinin
mürəkkəbi qurumamış
canfəşanlıq göstərərək onu yerinə
yetirdikləri halda, Azərbaycanın işğal
altındakı torpaqları ilə bağlı 4 qətnaməyə
Ermənistanın əməl etməməsini görməzdən
gəlirdilər, çünki maraqları bunu diktə edirdi. Təkidlə Azərbaycana öz torpaqlarını
savaş yolu ilə qaytara bilməzsən deyirdilər, hətta
təhdidə belə əl atırdılar. Bütün
bunlara baxmayaraq, ardıcıl erməni təxribatları
qarşılığında Müzəffər Ali Baş
Komandan savaş əmrini verdi. İlk dəfə
olaraq Azərbaycan dünyaya göstərdi ki, Qafqaz kimi
böyük qüvvələrin maraqlarının kəsişdiyi
bir regionda, güc kimi qəbul edilənlərin
sırasında yer almadan da məhz öz xalqının, onun
liderinin iradəsinə dayanaraq beynəlxalq konyunkturanı dəyişdirə,
torpaqlarını işğaldan azad edərək, BMT qətnamələrini
özü yerinə yetirə bilər.
Sahib Alıyev bildirir ki, 27
Sentyabrı həm əziz şəhidlərimizi anıb,
onların ruhu qarşısında baş əyməklə, həm
də o məqama ucalanların sayəsində
başımızı dik tutmaqla qeyd edirik: "Əminəm
ki, illər keçdikcə 27 Sentyabrın Azərbaycan
xalqının tarixində nə demək olduğunun önəmi
daha çox dərk ediləcək. Qafqazda Azərbaycan
adlı ölkənin, onun xalqının nə dərəcədə
qeyrətli, mübariz, qürurlu, ləyaqətli olduğu
getdikcə daha qabarıq görünəcək".
Zəfər
yolumuzun başlanğıcı
Milli Məclisin İnsan
hüquqları komitəsinin sədr müavini Tahir Kərimli
qeyd edib ki, 27 Sentyabr Vətən müharibəsinin ilk
günü Zəfər yolumuzun
başlanğıcıdır. 30 ilə yaxın
düşmən tapdağında qalan torpaqlarımızın
azad olunmasının, şəhidlərimizin qisasının
alınmasının, Azərbaycanın məğrur
obrazının yaranmasının ilk günüdür. Bu gün Azərbaycan
dövlətinin, xalqının, vətəndaşının
şərəfinin bərpası günüdür.
Şəhidlərimizi rəhmətlə
anan T.Kərimli Vətən müharibəsində 3 minə
yaxın şəhid verdiyimizi xatırladaraq deyir ki, onların
və qazilərimizin hesabına Vətənin bütövlüyünü təmin
edə bilmişik: "Ağır məğlubiyyətə
uğrayan Ermənistan tərəfi 10 noyabrda Rusiyanın
iştirakı ilə kapitulyasiya aktına imza atmalı oldu. Doğrudur, Ermənistan bəzən sözündən
qaçır, öz imzasının dalında gizlənir,
müəyyən manipulyasiyalar edir, amma bu, heç də 27
Sentyabrın əhəmiyyətini azaltmır".
Deputat vurğulayır ki,
2020-ci ildə Ali Baş Komandanın əks-hücum əmri
xalq tərəfindən olduqca xoş qarşılandı. Təsadüfi deyil ki, bu
zaman 50 minə
yaxın insan cəbhəyə könüllü olaraq getmək
üçün müraciət etmişdi. Bəzi
dövlətlərdə səfərbərlik elan edildiyi halda
insanların qaçmasının fonunda Azərbaycan vətəndaşının
nə qədər məğrur, vətənsevər olduğu
daha aydın göründü.
Artıq Azərbaycanın
öz ərazi bütövlüyünü təmin etdiyini
vurğulayan Tahir Kərimli hesab edir ki, bundan sonra tarixinin ən
qüdrətli dövləti daim bu
bütövlüyünü qoruyub saxlayacaq. Çünki
Azərbaycanın həm iqtisadi, həm də hərbi
gücü yetərincədir.
Şanlı
ordumuzun 44 günlük Vətən müharibəsində
tarixi qələbəsi
Milli Məclisin
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu
qəzetimizə açıqlamasında dedi ki, 2020-ci il 27
sentyabr tarixində Azərbaycan Ordusu Ermənistanın növbəti
genişmiqyaslı təxribatlarının
qarşısını almaqla yanaşı, əks-hücum əməliyyatlarına
da başlayıb və qısa zaman kəsiyində
torpaqlarımızı işğaldan azad edib.
Deputat 2020-ci ilin
payızına qədər Ermənistanın təxribatlar
törətdiyini xatırladaraq, elə həmin ilin yayında
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz
rayonu istiqamətində təxribatların
qarşısının qətiyyətlə
alındığını vurğuladı. Deputatın
sözlərinə görə, reallıq o idi ki, Ermənistan
özünü cəzasızlıq şəraitində hiss
edərək Azərbaycana qarşı təxribatlarını
daha da intensivləşdirirdi. Ermənistanın
addımları aydın göstərirdi ki, münaqişənin
dinc vasitələrlə tənzimlənməsi istiqamətində
heç bir istəkləri yoxdur: "Nikol Paşinyanın
getdikcə hərbiləşən ritorikası da təbii ki,
münaqişənin dinc yolla nizamlanmasına olan inamı itirməkdə
idi. Azərbaycan tərəfi isə
münaqişənin sülh yolu ilə tənzimlənməsi
prinsipinə sadiqlik nümayiş etdirir, hər zaman
danışıqlara, müzakirələrin aparılmasına
hazır olduğunu göstərirdi".
Elşad Mirbəşiroğlu dedi ki,
münaqişənin tənzimlənməsi üçün
yaradılmış ATƏT-in sabiq Minsk qrupu tam fəaliyyətsizlik
nümayiş etdirirdi. Onun sözlərinə
görə, danışıqlar sadəcə olaraq
görüntü xarakteri daşıyır, bir çox
hallarda isə ATƏT-in Minsk qrupu Ermənistanın
işğalçılıq siyasətinin nəticələrinin
leqallaşdırılmasına yönəlik mövqelər sərgiləməkdən
çəkinmirdi. Bu da dəlalət edirdi ki,
aparılan danışıqlar deklorativ xarakter daşımaqla
nəticəsizdir.
"Azərbaycan Prezidenti dəfələrlə
bəyan etmişdi ki, biz nəticəsiz
danışıqları sonsuza qədər davam etdirmək
fikrində deyilik. Azərbaycan Ordusu hərbi yolla öz
torpaqlarını işğaldan azad etmək
iqtidarındadır", - deyən deputat əlavə edir ki,
Ermənistan Azərbaycanın münaqişənin dinc vasitələrlə
tənzimlənməsi prinsipinə həssas
yanaşmasını düzgün qiymətləndirməyi
bacarmadı. Yenə də havadarlarına
ümid edərək düşünürdü ki,
işğalçılıq siyasətini davam etdirəcək
və zamanla da bunun nəticələrini
leqallaşdırmağa nail olacaq. Ermənistanın
digər məqsədi də aydın müşahidə
edilirdi. Onlar Azərbaycanın yeni ərazilərini
də işğal etmək niyyətində idilər. Belə ki, 2019-cu ildə Ermənistanın həmin
dövrdə müdafiə naziri olan David Tonayan ABŞ-da səfərdə
olan zaman "yeni ərazilər naminə yeni müharibə"
ifadəsini işlətməkdən də çəkinmədi.
Deputat qeyd edir ki,
bütün bunlar artıq Ermənistanla danışıqlar
aparılmasının əhəmiyyəti
olmadığını göstərirdi. Buna görə də Azərbaycan
2020-ci il 27 sentyabr tarixində Ermənistanın növbəti
təxribatlarının qarşısını almaqla
yanaşı, torpaqlarımızın
işğaldan azad olunması üçün də əməliyyatlara başladı.
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında
şanlı Azərbaycan Ordusu 44 gün ərzində
müasir dövrün ən effektiv müharibəsini aparmaqla,
torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il
10 noyabr tarixində Ermənistan kapitulyasiya sənədini
imzalamaq məcburiyyətində qaldı. Bununla Azərbaycan dünyaya nümayiş etdirdi
ki, həqiqətən sülhsevən dövlətdir, regionda
təhlükəsizliyin etibarlı təmin olunmasını
istəyib və bu istiqamətdə təşəbbüskar
rolunda çıxış edib. Lakin Ermənistan
işğalçılıq siyasətindən heç vaxt
geri çəkilmədi.
Deputat bildirir ki, Rusiyanın vasitəçiliyi ilə
birgə bəyanatın imzalanması, sənəddə Azərbaycanın
maraqlarına cavab verən müddəaların yer alması hər
şeydən öncə şanlı ordumuzun 44 günlük Vətən
müharibəsində tarixi qələbəsinin nəticəsi
idi. Bu gün Azərbaycan Vətən müharibəsi nəticəsində
təmin etdiyi güclü mövqelərini daha da möhkəmləndirmiş
vəziyyətdədir.
E.Mirbəşiroğlu deyir ki, ötən
iki il müddətində Azərbaycan
Ordusunun daha da müasirləşdirilməsi istiqamətində
təsirli addımlar atılıb. Maddi-texniki təchizatın
ən yüksək səviyyədə təmin olunması
üçün hərbi texniki sahədə əməkdaşlıq
dairəsi xeyli genişləndirilib, həmçinin yeni hərbi
birləşmələr yaradılıb. Ermənistanın
növbəti təxribatlarının qarşısının alınması istiqamətində
Azərbaycan Ordusunun
keçirdiyi hərbi əməliyyatlar da aydın
göstərir ki, ordumuz iki il öncəkindən də
güclüdür. Dövlət sərhədimizin
təhlükəsizliyinin təmin olunması istiqamətində
bütün effektiv tədbirləri həyata keçirə
bilər. Ermənistan tərəfi də
aydın görür ki, törətmiş olduğu təxribatlar
onların özünə baha başa gəlir.
44 günlük Vətən müharibəsi ordumuzun gücünü, qüdrətini, rəşadətini göstərməklə yanaşı, Azərbaycanın hərb yolu ilə torpaqlarını işğaldan azad etmək əzmini göstərdi. Dünyaya bəyan etdi ki, Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayıb. Torpaqlarını işğaldan azad edib, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən ölkəmiz artıq regionda yeni reallığın yarandığını, həmçinin Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasının, təhlükəsizliyin tərəfdarı olduğunu göstərdi. Özü haqqı, ədaləti bərpa etdi.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2022.- 27 sentyabr.- S.9.