Erməni vandalları odla oynamaqdan çəkinmirlər...

 

 

Vətən müharibəsi günlərində onlar nəhəng neft-qaz infrastrukturumuzu da hədəfə alırdı

 

 

 

Erməni vandalları törətdikləri əməllər üçün heç bir məsuliyyət daşımayaraq Azərbaycanın yaşayış məntəqələrini, o cümlədən infrastruktur obyektlərini atəşə tuturdular. Onlar odla oynamaqdan çəkinməyərək dəfələrlə Mingəçevir İstilik Elektrik Stansiyasını, neftqaz kəmərlərimizi hədəfə almışdılar.

Ermənilər atdıqları raketlərdən birini də Xızı rayonuna tuşlamışdılar, halbuki bu bölgə döyüş getdiyi ərazilərdən xeyli uzaqda yerləşir. Müəyyənləşdirilmişdir ki, raket 300 kilometr radiusda hədəfləri vurmaq imkanına, 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malikdir. O, Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilmiş və şumlanmış əkin sahəsinə düşərək üç hissəyə bölünmüşdü. Xoşbəxtlikdən heç kim xəsarət almamışdı.

Məsələnin digər vacib bir tərəfi o idi ki, buradan cəmi 250 metr aralıda Azərbaycan neftini Rusiyaya, Qara dəniz sahilinə daşıyan Şimal İxrac Boru Kəməri (ŞİBK) - Bakı-Novorossiysk marşrutu keçir.

Erməni vandalları dərk etmir, yaxud sadəcə dərk etmək istəmirdilər ki, neftqaz kəmərlərinə atəş açmaqla təkcə Azərbaycanı təhlükə qarşısında qoymur, eyni zamanda həmin layihələrdəki tərəfdaşların hamısına zərbə endirməyə cəhd göstərirlər. Ermənilər bu və digər layihələrə vəsait yönəltmiş səhmdarlar, istehsalçı, istehlakçı və tranzit ölkələr qarşısında öz mənfur niyyətlərinə, cinayətkar əməllərinə görə cavabdehlik daşıyırdılar. Lakin erməni xisləti bütün qayda-qanunları, beynəlxalq normaları, insanlıq məsuliyyətini ayaqlayıb keçirdi...

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Rusiyanın "İnterfaks" Agentliyinə müsahibəsində dövlət başçısına verilən suallardan biri ermənilərin bu ağılsız hərəkətinin Azərbaycan neftinin və qazının dünya bazarına çatdırılması üçün hansı riskləri yarada biləcəyi ilə bağlı olmuşdur. Prezident demişdir: "Əgər onlar vəd etdiklərini reallaşdıra bilsələr, konkret olaraq Səngəçal terminalını və ya bizim neftqaz kəmərlərimizi bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı olacaq. İndiki halda düşünürəm ki, onları qınayacaqlar, çünki bu neftqaz əsasən avropalı istehlakçılara lazımdır. Sirr deyil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır və yaradacaq".

Bununla belə vandallar bəd əməllərini dayandırmırdılar. Prezident həmin sualı cavablandırarkən daha bir mühüm məqama toxunmuşdur: "Onlar Bakı-Novorossiysk neft kəmərini bombalamağa cəhd göstərmişdilər. Bu neft kəməri Azərbaycan ilə Rusiyanı bağlayır. Həmin Rusiyanı ki, Ermənistan ondan həmişə hansısa xüsusi münasibətlər tələb edir, əvəzində heç nə vermədən. Heç nə. Əsla. İstər tarixi baxımdan, istər beynəlxalq arenada dəstək mənasında. Əlbəttə, indi Sorosun komandasından başqa bir əməl gözləmək çətindir. Buna görə də Mingəçeviri, elektrik stansiyasını bombalamağın məqsədi Azərbaycanın enerji sistemini dağıtmaqdır. Bu, əlbəttə, müəyyən dərəcədə təsir göstərər, lakin biz artıq şaxələnmiş enerji təchizatı şəbəkəsi, yeni elektrik stansiyalarını yaratmışıq. Ona görə də bu, məhz erməni tərəfin yırtıcı mahiyyətini göstərir".

 Yevlax rayonunun Aran qəsəbəsində Bakı-Tbilisi-Ceyhan (BTC) və Xızı rayonunda - Sitalçay yaxınlığındakı ərazidə Bakı-Novorossiysk neft kəmərlərinə raket tuşlayan düşmən Azərbaycanı həmçinin Səngəçal terminalına hücum edəcəyi ilə hədələyirdi.

Xatırladaq ki, Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminallarından biri, karbohidrogenlərin ixracının regional mərkəzidir. Azərbaycan neftini və qazını dünya bazarlarına nəql edən kəmərlər başlanğıcını buradan götürür. Belə ki, Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından çıxarılan neft, qazkondensat sualtı xətlərlə terminala çatdırılır və buradan karbohidrogenlərin dünya bazarlarına yolu başlanır.

Azərbaycanın belə mühüm əhəmiyyətə malik bir sənaye infrastrukturunu düşmənin gözü, əlbəttə, götürə bilməz. Çünki paxıldır, xəbisdir, işğalçıdır, faşistdirBir də axı Ermənistan ölkəmizin həyata keçirdiyi bütün qlobal layihələrə dalandan baxır.

Məlumdur ki, Ermənistan sosial-iqtisadi sahədə böyük gerilik yaşayan, inkişafdan kənarda qalan, sakinləri dəstələrlə köçüb başqa məmləkətlərə gedən bir ölkədir. Bu ölkə regionda həyata keçirilən qlobal layihələrin heç birinin iştirakçısı deyil. Öz xislətinə görə bu layihələrin hamısından qıraqda qalıb. Neft, qaz ixracı marşrutları, dəmiryolu xətləri, nəqliyyat dəhlizləri Ermənistandan yan keçir.

Ermənistan məhz öz günahları və cinayətləri ucbatından çıxdaş edildiyi bu layihələrə zərbə endirmək cəhdi ilə bizə hədə-qorxu gəlmək istəyirdi. Onların güddüyü bu üzdəniraq məqsədlərdən Prezident İlham Əliyev bir sıra xarici KİV-ə müsahibələrində də bəhs etmişdir.

Fransanın "Figaro" qəzetinə müsahibəsində dövlət başçısı bildirmişdir ki, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü dəfə hərbi təxribat olmuşdur: "Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin sizində bildiyiniz kimi, Trans-Adriatik Boru Kəməri, demək olar ki, tamamlanıb. "Cənub qaz dəhlizi" təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi".

Erməni vandalları bu cinayətkar əməlləri ilə həm də tərəfdaşlarımızla bizim aramızda nifaq salmaq məqsədi güdürdü.

Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində Prezident İlham Əliyev bu məsələyə də toxunmuşdur: "Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıb. Ona görə də Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər".

Erməni faşistləri bütün bəd, cinayətkar əməllərinin cəzasını alıblar və buna yenidən əl atdıqda cavabını görürlər. Azərbaycan isə qurub-yaratmaqda, yüksəlməkdə, düşmənə göz-dağı olan yeni-yeni qlobal layihələri gerçəkləşdirməkdədir.

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 28 sentyabr.- S.11.