Lənkəranda  şəhid Mais Abbasovun doğulduğu evə xatirə lövhəsi vurulub

 

Lənkəran şəhərində I Qarabağ müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Mais Qurbanəli oğlu Abbasovun doğulduğu evin üzərinə vurulmuş xatirə lövhəsinin açılışı olub.

Mərasimdə yerli icra strukturlarının və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsinin veteranları, məktəblilər, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və şəhidin anası Zahirə Abbasova xatirə lövhəsinin üzərindəki örtüyü götürərək önünə gül-çiçək dəstələri düzüblər.

Daha sonra Dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edən İcra başçısı Taleh Qaraşov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra təkcə respublikamızın ərazi bütövlüyü bərpa olunmayıb, eyni zamanda Birinci Qarabağ müharibəsi zamanı canından keçmiş qəhrəman övladlarımızın da qisası alınıb.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edən icra başçısı şəhid ailələrinə dövlət səviyyəsində həssaslıqla yanaşıldığını vurğulayıb: "Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin qayğı və problemlərinin, müraciətlərinin diqqət mərkəzində saxlanılmasına daim nəzarət edirlər".

Şəhid anası Zahirə Abbasova çıxışında oğlunun adının əbədiləşdirilməsi üçün göstərilən dəstəyə görə rayon rəhbərliyinə  minnətdarlığını çatdırıb: "Biz şəhid valideynləri övladlarımızın dərdini qəlbimizdə yaşayırıq. İcra başçısımız Taleh Qaraşov isə şəhid dəfnlərində, yas mərasimlərində, anım günlərində, xatirə gecələrində hər bir şəhidin və onların ailələrinin ağrı-acısını yaşayır. Şəhid anası kimi bilirəm ki, bu necə çətindir, buna görə icra başçımıza minnətdaram".

Sonda şəhidin təhsil aldığı şəhər 1 nömrəli tam orta məktəbin şağirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər ifa olunub. 

Qeyd edək ki, Mais Abbasov 20 aprel 1974-cü ildə Lənkəran şəhərində  anadan olub. 1982-1991-ci illərdə orta təhsil alıb. 1991-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub.

Subay olan Mais Abbasov 1997-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər üzrə şöbəsində qeydiyyatdan keçərək Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılıb. Cəbhə xəttində yerləşən hərbi hissələrdən birində xidmət edən M.Abbasov bir sıra hərbi əməliyyatlarda iştirak edib. Ali təhsil aldığına görə "baş leytenant" rütbəsinə, hərbi əməliyyatlarda fərqləndiyi üçün taqım komandiri vəzifəsinə yüksəlib.

22 sentyabr 1999-cu ildə M.Abbasov Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində gedən hərbi əməliyyatlarda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

 

Ağaddin BABAYEV,

"Lənkəran" qəzetinin əməkdaşı

 

Azərbaycan.- 2022.- 27 sentyabr.- S.17.