Yurda sahiblik hissi ilə

 

Birinci Qarabağ müharibəsinin şəhidi Sahib Qadaşov Qax şəhərində 1973-cü il avqustun 1-də sadə, zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. Məktəb yaşı çatanda atası Cuma Qadaşov onu şəhərdəki rus məktəbinə yazdırmışdı. Sahib 7-ci sinfə kimi orada oxumuşdu.

Lakin futbola olan həvəsi onu rayondakı idman təmayüllü məktəbə gətirmişdi. 1991-ci ildə orta məktəbi bitirən Sahib hərbi komissarlığın xətti ilə Bişkek şəhərindəki hərbi məktəbə imtahan vermişdi. Lakin qəbul ola bilməyib rayona qayıtmışdı.

...Artıq erməni faşistləri torpaqlarımıza təcavüz edirdilər. Müharibə qığılcımları ətrafa yayılırdı. Şuşada özünümüdafiə batalyonları yaradılmışdı. Malıbəyli hadisələri isə Azərbaycanın vətənpərvər oğullarının böyük hiddətinə səbəb olmuşdu. Bu zaman on yeddi yaşı yenicə tamam olan Sahib cəbhəyə can atır. Ailəsi qədər etiraz etsə , onu inadından döndərə bilmir.

- Mən Bakıda işləyirdim. Sahib mənim yanıma gəldi. Malıbəyli hadisələri hər ikimizi hiddətləndirmişdi. Ailələrimizə xəbər vermədən Qarabağa yollandıq. Şuşa özünümüdafiə batalyonuna yazıldıq. Batalyonda uşaqların əksəriyyəti şuşalılar kərkicahanlılar idi. Qaxdan mən, Sahib, Kamil Etibar da bu batalyonda döyüşürdük. İlk döyüşümüz 1992-ci il yanvarın 11-də Şuşa ilə Xankəndi arasında yerləşən Kərkicahan kəndi uğrunda oldu. Sahib elə bu döyüşdə özünü əsl cəngavər kimi göstərdi. Baxmayaraq ki, hamımızdan kiçik idi. Hələ 18 yaşı tamam olmamışdı. Üç ay cəbhə yoldaşı kimi bir yerdə döyüşdük. Martın 31-də Kərkicahan uğrunda ağır döyüşlərin birində Sahib şəhid oldu. Sahib bu müharibədə Qaxın ilk şəhidi idi. Onun ölümü batalyondakı yoldaşlarını daha da hiddətləndirdi. Aprelin 2-də nəşini döyüş bölgəsindən götürə bildik. Çox təəssüf ki, Sahibi tez itirdik... Onun döyüş yolu çoxları üçün əsl hünər yolu oldu. Yaşasaydı, bəlkə Milli Qəhrəmanlardan biri olacaqdı. - Bu sözləri Əmircan kənd sakini, Sahiblə birlikdə  Qarabağa yollanan Müşfiq Muxtarov söylədi.

Müşfiq Muxtarov, Kamil Məmmədov Etibar Muradov da Şuşa batalyonunda döyüşən qaxlı gənclər idi. Onlar Şuşanın işğalına - 1992-ci il mayın 8-nə kimi Şuşa özünümüdafiə batalyonunda döyüşmüşlər.

Sahibin cəhbə yoldaşı Kamil Məmmədov söyləyir ki, Sahib çox gənc idi. Biz ondan 1-2 yaş böyük idik. Hamımız cəbhəyə könüllü getmişdik, Qarabağa - torpaqlarımızın müdafiəsinə. Amma Sahibin qəlbindəki Vətən sevgisi, intiqam hissi bir başqa idi. Mən düşünürdüm ki, o, əsl qəhrəmandır. Gözündə ölüm qorxusu yox idi. Həmişə deyərdi: "Erməni kimdir ki, bizə meydan oxuyur. Onlara qan udduracam". Biz bunu döyüş zamanı görürdük. Sahib Vətəni, milləti üçün ölməyi bacaran oğullarımızdan idi.

Bu il şəhidliyinin 30 ili tamam olur. Şuşa özünümüdafiə batalyonunun sağ qalan döyüşçüləri dostlarının xatirəsini anmaq üçün onun doğulduğu şəhərə - Qaxa toplaşmışdılar. az, çox, düz 30 nəfər idilər. Sahibin ata ocağına üz tutan batalyon üzvləri ən əvvəl Qax Şəhidlər xiyabanında Vətən uğrunda canından keçən qaxlı igidlərin, o cümlədən Sahib Qadaşovun məzarını ziyarət etdilər, ehtiramlarını bildirdilər. Sonra Sahibgilin küçəsində Şuşa özünümüdafiə batalyonunun üzvləri ilə rayon ictimaiyyəti birgə anım mərasimi keçirdilər. Mərasimdə çıxış edən Qax RİH başçısının müavini, İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, keçmiş batalyon üzvləri, əslən kərkicahanlı Nazim Mirzəyev, Mürvət Əliyev (rota komandirinin müavini), Zaur Mirzəyev (Zaur bu gün Zəngilanda ərazilərin minadan təmizlənməsində iştirak edir), Rasim Mirzəyev qaxlı Müşfiq Muxtarov Sahib haqqında xatirələrini danışdılar. Qeyd etdilər ki, torpaq uğrunda şəhid olanlar heç vaxt unudulmur. İllər keçsə , onların adları ehtiramla çəkiləcək. Çünki bu gün torpaqlarımızın işğaldan azad edilməsində hər bir şəhidin payı var. İstər Birinci Qarabağ, istərsə 44 günlük Vətən müharibəsində şəhid olan Azərbaycan oğulları ən böyük ehtirama, alqışa layiqdirlər. Onlar Vətəni, milləti üçün canlarından keçiblər.

Anım mərasimində şəhidimizin anası Zərifə Qadaşova ötən illər ərzində oğlunu yaddan çıxarmayan döyüş dostlarına minnətdarlığını bildirdi.

Zərifə ana ilə həmsöhbət olduq. Öyrəndik ki, bu ailədə iki qız iki oğul böyüyüb. Sahib üçüncü övlad olub. Zərifə xanım onu da dedi ki, analar övladlarına fərq qoymaz. Amma övladlar fərqli olurlar. Sahib bir başqa idi. Onda hələ körpəliyindən vardı Vətən sevgisi. Özünü dərk edəndən ermənilərin "Qarabağ sevdası" onu tamam dəyişmişdi. Məktəbi bitirən kimi getmişdi hərbi komissarlığa ki, onu əsgər aparsınlar. Elə bil nəyə isə tələsirdi. Dəfələrlə müraciət etsə , onu hərbi xidmətə aparmadılar. Bizdən xəlvət getmişdi Qarabağa. Hərbi komissarlıqdan çağırış vərəqi alanda Sahib artıq cəbhədə idi. Oğul itirmək ağır dərddir. Lakin onun Vətən uğrunda şəhid olması təsəllimiz olub. Bəlkə elə bu təsəllidir məni yaşadan. Bu günə kimi kimsənin qapısını döyməmişəm. Sağ olsun dövlətimiz, Prezidentimiz. Bilirəm ki, tək mənim oğlum deyil, bütün şəhid oğullarımız həmişə ehtiramla yad olunacaqlar.

 

Xavər ƏFƏNDİYEVA,

Qax rayonunda çıxan  "Şəlalə" qəzetinin redaktoru

 

Azərbaycan.- 2022.- 27 sentyabr.- S.17.