Qafqazın hərbi gücü
Bu gün fəxrlə deyirik ki, Silahlı Qüvvələrimiz dünyanın ən güclü ordularından biridir. Əlbəttə, bu, hərbi sahədə aparılan uğurlu islahatların nəticəsində mümkün olub. Hər il ölkəmizdə hərbi sahənin inkişafına Ermənistanın dövlət büdcəsindən də artıq maliyyə vəsaiti ayrılır.
Dövlət başçısı daim çıxışlarında bildirir ki, ordumuzun gücləndirilməsi üçün nə qədər vəsait lazım gəlsə ayrılacaqdır. Azərbaycan əsgəri də dövlətin qayğısını hər zaman üzərində hiss edir, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır.
Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ordumuzun hərbi-texniki təchizatının səviyyəsi, hərbi qulluqçuların nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Bu, olduqca vacib amildir. Əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə məqsədyönlü tədbirlər davam etdirilir. Bütün bunlar isə döyüşçülərimizdə ruh yüksəkliyi yaradır.
Aprel döyüşlərində, ermənilərin iyulda törətdikləri Tovuz təxribatı zamanı qəhrəman hərbçilərimizin gücünə bir daha əmin olduq. Bu qələbə sübut etdi ki, torpaqlarımızı işğaldan azad etməyə qadirik. O zaman əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldular. Lələtəpə kimi yüksəklik alındı.
44 günlük Vətən müharibəsindəki parlaq Qələbə isə Azərbaycanın gücünü, qüdrətini bir daha göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı düşmən diz çökdürüldü, torpaqlarımız işğalçılardan təmizləndi, ərazi bütövlüyümüz təmin edildi. Nəticədə tarixi ədalət bərpa olundu. Düşmənlərimizin illərlə qurduğu, qürurla öyündüyü "yarılmaz istehkam"lar, "keçilməz səd"lər, xərclədiyi vəsaitlər və pulsuz aldıqları hərbi texnika cəsur hərbçilərimiz tərəfindən darmadağın edildi. Azərbaycan döyüş meydanında kimin kim olduğunu dünyaya göstərdi.
Hərbi gücü artan, ən müasir silah və sursatlarla təmin edilən Silahlı Qüvvələrimiz Şuşa kimi alınmaz qalanı düşməndən azad edərək dünyanın hərb tarixinə yeni döyüş salnaməsi yazdı. Əlbəttə ki, alınmaz qala olan bu şəhəri işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Qəhrəman hərbçilərimiz bunu bacardı, sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Azərbaycanın mirvarisi adlandırılan Şuşanı azad etdi. Əldə edilən qələbə əsgərlərimizin döyüş əzmini və ruh yüksəkliyini bütün dünyaya nümayiş etdirdi.
Ermənistanın uydurduğu mif darmadağın oldu
Düşmən qüvvələrin 30 il müddətində formalaşdırdığı "yenilməz ordu" mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı. Ermənistanda daxili vəziyyət gərginləşdi. Ordusunun yalnız mifdən ibarət olduğunu Ermənistanın baş naziri N.Paşinyan da etiraf etmək məcburiyyətində qaldı. Əslində, onların özləri barədə uydurduqları mif hələ 2016-cı ildə darmadağın edilmişdi. Sadəcə Ermənistanın hərbi-siyasi rəhbərliyi öz ölkəsinin yalançı ordu mifi ilə bağlı təbliğatını xalqa təsəlli vermək üçün davam etdirirdi. Vətən müharibəsində hərbçilərimizin endirdiyi sərrast zərbələr nəticəsində qısa dövrdə Ermənistanın 3 milyard dollar məbləğində hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı.
Məğlubiyyətlərilə razılaşmayan erməni silahlılarının hələ də atəşkəsi pozmaları o deməkdir ki, Bakıdakı Hərbi Qənimətlər Parkında onların texnikalarının sayı artırılacaq. Unutmasınlar ki, Azərbaycan-Ermənistan dövlət sərhədində döyüş növbətçiliyi aparan hərbçilərimiz istənilən təxribatın qarşısını almağa qadirdirlər.
Humanist və bəşəri dəyərlərə hörmət
Qalib əsgərlərimiz döyüş meydanında öz gücünü göstərməklə bərabər, humanist və bəşəri dəyərlərə hörmətini də nümayiş etdirir. Ordumuz tərəfindən əsir götürülən hərbi və mülki vətəndaşlara həssaslıqla yanaşılır, onları qarşı tərəfə sağlam təhvil verir. Amma bəzən elə olur ki, Ermənistan hərbi və siyasi rəhbərliyi ölkədaxili təzyiq və gərginlikdən qorxaraq öz vətəndaşlarına sahib çıxmaq belə istəmir. Müharibə vaxtı ermənilərin Hadrut qəsəbəsində qoyub qaçdıqları yaşlı iki şəxs və digər əsirlər Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıldı. Amma Ermənistan nə Birinci, nə də İkinci Qarabağ müharibələri dövründə azərbaycanlı əsirlərə qarşı bu cür humanist münasibət göstərdi. Digər tərəfdən heç bir zaman mülki erməniləri hədəfə almadı. Baxmayaraq ki, erməni vandalları şəhərlərimizi və kəndlərimizi raket atəşinə tutub qırğınlar törətdilər.
Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
Elşən YƏHYAYEV,
Azərbaycan.-2022.- 28 sentyabr.- S.5.