Ermənistan sülh danışıqlarını
pozur
44 günlük Vətən müharibəsində sarsıdıcı zərbə alıb məğlubiyyətə uğrayan Ermənistan hökuməti bundan dərs alıb nəticə çıxarmaq əvəzinə revanşist hərəkətlərini davam etdirir.
Düşmən ölkənin bu gün sərgilədiyi davranış, hər vasitə ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən uzaq olması deməyə əsas verir. Bu ölkənin rəhbərliyinin əsas məqsədi havadarlarının vasitəsi ilə yenidən güc toplayıb revanş götürmək, məkrli niyyətlərini həyata keçirmək üçün vaxt qazanmaq olub. Görünən budur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu gün sülh danışıqları adı ilə imitasiya edir, özünü sülh tərəfdarı kimi göstərərək beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Nikol Paşinyanın yenə bir əli telefonda, bir ayağı isə himayədarlarının qapısında qalıb. Yenə köhnə bayatılar dillərdə əzbər olub. "Öldürürlər", "ərazilərimizi işğal edirlər", "sülh danışıqlarını pozurlar", "Azərbaycan bizdən İrəvanı istəyir" kimi sərsəmləmələri gündəmə gətirirlər. Təəssüf ki, Paşinyanın sayıqlamalarına dəm tutanlar da var. Bəzi dövlətlər, erməni lobbisinin maliyyələşdirdiyi beynəlxalq təşkilatlar, o cümlədən sapı özümüzdən olan baltalar kölgəmizi döyəcləyirlər...
Özlərini sülh tərəfdarı göstərərək, əslində, Ermənistanı qızışdıran, eyni zamanda onlara siyasi dəstək verib, hərbi texnika, döyüş sursatı ilə silahlandıran bəzi dövlətlər nədənsə düşmən ordusunun ağır silahlarla sərhədlərimizdə cəmləşməsini, delimitasiya və demarkasiya olunmamış ərazilərdə hərbi istehkamlar tikmələrini görməzdən gəlirlər. İşğaldan azad olunmuş torpaqlarımızda bərpa işləri aparan dinc adamların mütəmadi olaraq ataşə tutulmasını bilib susurlar. Ərazilərimizin yenidən minalanmasına, minalanmış ərazilərin dəqiq xəritələrinin müxtəlif bəhanələrlə verilməməsinə adicə irad belə bildirmirlər. Bu azmış kimi, Azərbaycana siyasi təzyiqlər etməyə də cəhd göstərirlər.
Nədənsə bəzi qüvvələr unudurlar ki, Azərbaycan tərəfi imzaladığı üçtərəfli Bəyanatın bütün şərtlərini, bir qayda olaraq, qeyd-şərtsiz yerinə yetirib. Tərəflər arasında sərhədlərin delimitasiya və demarkasiya olunması üçün birgə komissiya yaradılsa da, Ermənistan bu prosesin sürətlənməsi, komissiyanın işə başlaması üçün müxtəlif bəhanələrlə hər cür maneə törədirlər. Azərbaycan tərəfi Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşasını başa çatdırıb təhvil versə də, Ermənistan tərəfi üçtərəfli Bəyanatın doqquzuncu bəndindən irəli gələn şərtləri yerinə yetirməkdən hələ ki inadla imtina edir.
Görünür, Ermənistan tərəfi müharibədə aldığı sarsıdıcı zərbədən hələ də nəticə çıxarmayıb və müharibə ocağını yenidən körükləyir. Sentyabrın 12-dən 13-nə keçən gecə sərhədlərimiz boyu Ermənistan hərbi birləşmələrinin törətdikləri təxribat da onların sülh danışıqlarını pozmaq, havadarlarından aldlqları silahları nümayiş etdirmək cəhdi idi. Bu cəhdin qarşısını rəşadətli Azərbaycan Ordusu yüksək peşəkarlıqla alıb düşmənə sarsıdıcı zərbə vurdu. Düşmən dərk etməlidir ki, ordumuzun qətiyyətli cavab əməliyyatı Ermənistanın yeni faciələrinin müqəddiməsidir. Unutmasınlar ki, problemin həllini yenidən hərbi müstəviyə keçirməyə cəhd edərlərsə, bunun nəticələri Ermənistan üçün daha sarsıdıcı olacaq. Ermənistan hərbi-siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, qarşılarında yüksək təlim görmüş, müasir silahlarla silahlanmış nizami Azərbaycan Ordusu var və bu ordu hər zaman düşmən təxribatının qarşısını almağa, torpaqlarımızı hər cür təcavüzdən qorumağa tam hazırdır. Ermənistan anlamalıdır ki, problemin yeganə həlli üçtərəfli Bəyanatın şərtlərini daha tez və qeyd-şərtsiz yerinə yetirməkdən keçir, bu, həm də onların xeyrinə olar. Yox, əgər Şərqi Zəngəzur dəhlizinin açılmasına mane olmaq niyyətinə düşüb, hiyləyə, təxribata əl atarsa, bunun cavabı Ermənistan üçün arzuolunmaz nəticə ilə bitə bilər.
İmzası qədər sözünün də keçərli olduğunu qətiyyətlə ifadə edən Prezident İlham Əliyev deyib: "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də, zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq". Yaxşı olar ki, Ermənistanın hərbi-siyası rəhbərliyi məsələnin ciddiliyini nəzərə alıb dövlətini və xalqını yeni bəlalara sürükləməsin. Anlasınlar ki, bu gün sülh yoxsulluğun faciəvi girdabında çabalayan Ermənistana daha çox lazımdır.
Elşən QƏNİYEV
Azərbaycan.- 2022.- 27 sentyabr.- S.18.