“Tabutun küncü”: dünya iqtisadiyyatında nə baş verir?
Dünya
iqtisadiyyatı çətin dəyişikliklər
astanasındadır. Aviasiyada “Tabutun küncü” (Coffin
Corner) deyilən bir termin var. Bu, hava gəmisinin yüksəklikdən
düşmə riski səbəbindən daha sürətli və ya yavaş uça
bilməyəcəyi vəziyyəti
təsvir edən termindir. Sürətin azaldılması
hündürlüyün itirilməsinə,
sürətin artırılması
isə qaldırma qüvvəsinin azalmasına
səbəb ola
bilər. Nəticədə belə bir vəziyyətdə təyyarəni
sabit uçuşda saxlamaq çox çətindir, əks halda daim idarəetməni
itirmək və yerə düşmək təhlükəsi var. Hazırda
dünya iqtisadiyyatında
bu cür vəziyyət yaranmışdır
– “Tabutun küncü”.
Koronavirus pandemiyasına qədər
olan üç onillikdə məcmu təklif hər zaman məcmu tələbin dəyişməsinə
çevik reaksiya göstərirdi. Bu, əsasən
aşağıdakı 4 müsbət
amilin təsiri nəticəsində baş
verirdi:
1) Nisbətən
sabit geosiyasi şərait: iqtisadi artımı dəstəkləmək
üçün azad bazarların və əməkdaşlığın əhəmiyyəti ilə
bağlı geniş konsensusun mövcud olması
2) Texnoloji irəliləyişlər istehsal
xərclərini aşağı
saldı, vaxt və fiziki məsafənin iqtisadi fəaliyyəti məhdudlaşdan
faktor kimi rolunu azaltdı ki, bu da
qlobal məhsuldarlığın
artımının əsasını
qoydu.
3) Əmtəə
bazarlarının, istehsal
amillərinin və maliyyənin qloballaşması
siyasi və texnoloji amillərlə birləşərək dünya
istehsalının hüdudlarını
genişləndirdi.
4) Demoqrafik trendlər də müsbət oldu. Dünyada əmək resursları artım müşahidə
etdirdi.
Bu amillərin məcmu
təsiri aşağı
inflyasiya ilə yanaşı iqtisadi artımın da sürətlənməsinə dəstək
oldu. İnflyasiyanın aşağı
hədd olması əsasən aşağıdakı
amillərin hesabına
oldu:
1) ölkə
daxili iqtisadi fəaliyyət ilə inflyasiya arasında əlaqənin zəifləməsi;
2) daha
ucuz istehsal resurslarına çıxış;
3) şirkətlərin
qiymət hakimiyyətini
və işçilərin
sövdələşmə hakimiyyətini zəiflədən
yüksək beynəlxalq
rəqabət.
Bu amillər təklifi
tələbdəki dəyişiklikləri
daha həssas etdi. İstehsalçılar qlobal təchizatçılar
şəbəkəsinə asanlıqla daxil ola və
ən yaxşı qiymətlərdən yararlana
bilirdilər və böhranlar zamanı təklif yeni tələb modelinə uyğunlaşaraq tez bərpa olunmağa meylli olurdu.
Təklifin “Yol küləkləri” işin tsiklini dəyişdi. İnflyasiyanın
aşağı və
sabit olması şəraitində bum dövrlərində
pul siyasətinin əvvəlki qədər
sərtləşdirilməsinə ehtiyac qalmadı. Tənəzzüllər zamanı isə
mərkəzi banklar inflyasiyanın nəzarətdən
çıxmayacağına əmin olaraq stimullaşdırıcı tədbirlər
həyata keçirirdilər.
Tarixən aşağı nominal və real dərəcələr
həm də fiskal siyasətin manevr etmək üçün daha çox imkana malik olması demək idi.
QIRILMA
XƏTLƏRİ
Əmək məhsuldarlığının artımının azalması
əsas həyəcan
siqnalı oldu. İnkişaf etmiş ölkələrdə
onun tənəzzül
tendensiyası ötən
əsrin 90-cı illərindən
başlayıb, qlobal maliyyə böhranı zamanı o, aşağı
düşdü və
heç vaxt bərpa olunmadı. İnkişaf etməkdə
olan bazarlar isə struktur islahatları və qlobal istehsal zəncirlərinə inteqrasiya
sayəsində məhsuldarlıq
artımına nail oldular,
lakin bu keçici oldu.
Davamlı əmək məhsuldarlığı
artımı olmadıqda,
iqtisadiyyatlar digər artım mənbələrinə
əsaslandı: maliyyə
sisteminin genişləndirilməsi
və kredit resurslarına çıxış,
fiskal və pul siyasəti tədbirləri. Bu, ən azı qlobal maliyyə böhranına, tələb
və borc əsaslı böyümənin
mühərrikinin dayandığı
zamana qədər işlədi. Bərabərsizlik artdı və dövlət və özəl borclar tarixi maksimumlara çatdı.
Bütün bunlar iqtisadiyyatı
daha "kövrək"
etdi ,
fiskal və monetar manevrlər üçün məkan getdikcə daraldı və inzibati orqanlar hər tənəzzüldən sonra
iqtisadiyyatı bərpa
etmək üçün
getdikcə daha çox stimul tətbiq etmək məcburiyyətində qaldılar.
Bununla belə, çevik təkliflə inflyasiyanı
artırmadan tələbi
idarə etmək hələ də mümkün idi...
KƏSKİN
DÖNÜŞ
Pandemiya və Ukraynadakı hərbi münaqişə
göstərdi ki, təklif tərəfində
düzəlişlərin əhatə
dairəsi sərhədsiz
deyil və bu siyasətin kalibrlənməsini çətinləşdirdi. Pandemiya
ilə mübarizə
aparmaq üçün
qlobal iqtisadiyyat demək olar ki, dayandırıldı, lakin sonradan məlum oldu ki, təklifin “yandırılması” və
“söndürülməsi” tələbi yandırıb-söndürmək
kimi deyil. Artıq hər kəs anlayır ki, artımın mühərrikini
asanlıqla yenidən
işə salmağın,
sürəti tez bir zamanda bərpa
etməyin və yenidən rəvan uçmağın mümkün
olacağını gözləmək
sadəlövhlükdür.
Bundan əlavə,
məlum oldu ki, birincisi, məcmu təklifin mövcudluğunu “olmalıdır”
kimi qəbul etmək düz deyil, ikincisi, inflyasiya təklifin məhdudiyyətlərinə son dərəcə həssasdır. Bol təklifə öyrəşmiş
və söndürülmüş
mühərriki tənzimləməkdə
təcrübəsi olmayan
siyasətçilər isə
keçmişdə inflyasiyanı
artırmadan iqtisadi artımı bərpa etməyə kömək edən tanış
tələb stimuluna müraciət etdilər. Nəticədə təklifdə yaranan
problemlərdən qaynaqlanan
inflyasiya çoxlarını
darmadağın etdi.
Əsas
məsələ ondan
ibarətdir ki, təkliflə bağlı
ara-sıra pozulmalar aradan qalxsa belə,
“Yol küləklər”i
tərsinə çevrildiyi
üçün inflyasiyanın
hələ də yüksək qalacağı
ehtimalı var. Əvvəllər
inflyasiyanın qarşısını
almağa kömək
edən bütün tendensiyalar indi əksinə təsir edir:
1) Ukraynadakı münaqişədən əvvəl
də geosiyasi vəziyyət daha da gərginləşmişdi;
2) Qloballaşmanın təsiri müvafiq olaraq azalmışdır;
3) Texnologiyaların inkişafı artıq daha çox yerli istehsala dəstək olur, qlobal ticarətə deyil;
4) Demoqrafik trendlər də əksinə çevrilib, pandemiyanın təsirindən insan kapitalı azalmağa başlayıb.
Bu şərtlərdə iqtisadiyyatın davamlı iqtisadi artım yoluna qaytarılması üçün makroiqtisadi siyasətlərin yenidən qurulmasına ciddi tələb yaranmaqdadır.
İndi məcmu tələbi hədəfləyən siyasətlərə arxalanmaq daha yüksək və zəif idarə olunan inflyasiya riskləri yaratmaq deməkdir. Mərkəzi banklar artıq bütün iqtisadi şokları yumşaltmağa nail olacaqlarına arxayın ola bilməzlər - onlar ilk növbədə inflyasiya ilə mübarizəyə diqqət yetirməli olacaqlar.
Büdcə siyasəti sahəsində resursları daha çox iqlim dəyişikliyi, əhalinin qocalması və infrastrukturun inkişafı nəticəsində yaranan təchizat problemlərinin həllinə yönəltmək lazım gələcək. Dünyada təkliflə bağlı problemlərin olduğu bir zamanda tələbi stimullaşdıran vergi-büdcə siyasəti məhdudlaşdırılmalı və sərt pul siyasəti ilə kompensasiya edilməlidir.
Yeni makroiqtisadi siyasətin son məqsədi innovasiya, institusional, texnoloji və ətraf mühitin yenidən qurulması üçün şərait yaratmaqdır. İnsan kapitalını qorumaq üçün səhiyyə sahəsinə investisiyaların artırılması , müxtəlif növ infrastruktura (rəqəmsal və yaşıl daxil olmaqla) investisiyaların təşviq edilməsi, rəqabətin və təhsiliin inkişaf etdirilməsi vacibdir–bütün bunlar innovasiyaları təşviq edir. Texnoloji innovasiyalardan faydalanmaq üçün əlverişli tənzimləyici və hüquqi mühit yaratmaq lazımdır.
Azərbaycanın monetar və fiskal siyasətində çeviklik, vaxtında atılan addımlar, ehtiyat resursların həcminin böyüklüyü yarana biləcək bir çox problemlərin aradan qaldırılmasına imkan vermişdir. Eyni zamanda, büdcə siyasətində daha çox təklifin canlanlandırlmasına yönəlik siyasətin gücləndirilməsi yuxarıda göstərdiyimiz istiqamətlərə uyğun gəlməkdədir.
Düşünürəm ki, bütün bunlar davamlılıq, çeviklik və səmərəlilik arasında balans tapmağa imkan verəcək. İstənilən bir pilotun dediyi kimi, “xəbərdarlıq sistemləri yanıb-sönməyə başlayanda, vaxtında və qətiyyətli hərəkət etmək çox vacibdir”.Tamamilə mümkündür ki, təklifin canlandırılmasına yönəlmiş vaxtında “makroiqtisadi yenidən başlama” nəinki daha güclü və dayanıqlı qlobal iqtisadiyyata gətirib çıxaracaq, həm də yeni “küləklərin” və imkanların yaranmasına gətirib çıxaracaq.
Tahir MİRKİŞİLİ,
Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Azərbaycan.-2022.- 28 sentyabr.- S.4.