Bir sevgidən doğulub, min sevgidə yaşayanlar
Sumqayıtdan Şuşayadək şərəfli
yol keçdi
Yolumuz Sumqayıt şəhərindəki
kimyaçılar yataqxanasınadır…
XTQ-nin (Xüsusi
Təyinatlı Qüvvələr)
ən gənc şəhidi Səbuhi Həsənquliyevin valideynləri
yaşayan otağın
qapısını döyürük.
Qapını Səbuhinin anası
Mayisə xanım açır. Qəhrəmanımız hazırda onun şəxsi əşyalarının
bəzədiyi, iki böyük maketinin olduğu bu birotaqlı mənzildə
böyüyüb, boya-başa
çatıb. Əslən
Ucar rayonunun Boyat kəndindən olsalar da, ömürlərinin
bir gününü belə Qarabağda keçirməsələr də,
valideynləri hər gün övladlarına Xocalıda,
Kəlbəcərdə, Şuşada,
Zəngilanda erməni
cəlladlarının azərbaycanlı
uşaqların başına
gətirdikləri qanlı
faciələrdən danışar,
yurdumuzun gözəl bir hissəsinin işğalda olduğunu onların yaddaşına yazardılar. Səbuhi də balaca
yumruqlarını düyünləyib,
dişlərini bir-birinə
sıxıb, "Mən
böyüyəndə əsgər
gedəcəm, döyüşüb
Şuşaya bayrağımızı
sancanlardan biri olacağam" deyərdi.
Səbuhi Əlixan oğlu Həsənquliyev XTQ-nin ən gənc şəhidi, Füzulidən
Şuşaya kimi şanlı, şərəfli
döyüş yolu keçmiş, 44 günlük
Vətən müharibəsinin
qəhrəman döyüşçülərindən
biridir.
11 aprel 2002-ci ildə
Ucar rayonunun Boyat kəndində dünyaya gələn qəhrəmanımız gözünü
açandan ailədə
sevgi, sədaqət gördü. Halal ruzi ilə böyüdü. İlk
həyat dərsini Sumqayıt
Elektirik Stansiyasında
çilingər işləyən
atası Əlixandan, evdar qadın olan anası Mayisə xanımdan aldı. Valideynləri ona vətən
sevgisini, şərəflə,
ləyaqətlə yaşamağın
yolunu göstərdilər.
2008-ci ildə yaşadıqları
yataqxananın yaxınlığında
yerləşən 5 saylı
Cəbrayıl rayon məktəbinə
gedən Səbuhi
2017-ci ildə 9-cu sinfi
bitirdikdən sonra Sumqayıt şəhərində
yerləşən 10 nömrəli
Texniki Peşə Liseyində genişprofilli
dəzgahçı ixtisasına
yiyələndi. Əslində, Səbuhinin arzusu bu deyildi. İstəyi
əsgər olmaq, vətənini yağılardan
qorumaq idi. Elə bu məqsədlə də idmanla ciddi məşğul olur, qaydasız döyüşə gedirmiş.
2020-ci ilin iyun ayında hərbi xidmətə yola düşən Səbuhi Həsənquliyev hərbi
xidmətini Ağcabədi
rayonunda yerləşən
"N" saylı hərbi
hissədə başlasa
da,
sonradan Beyləqan
royonunda davam etdirməli olur. Kəşfiyyat bölüyündə xidmətə başlayan gənc əsgərin arzusu XTQ-nin tərkibində xidmət keçmək idi. Səbuhinin fiziki hazırlığını, qamətini,
gücünü və istəyini
nəzərə alan komandirləri ona xidməti vəzifəsini
Xüsusi Təyinatlı
Qüvvələrin tərkibində
davam etdirməyə imkan yaradırlar. Vətən müharibəsinin
ilk günündən Füzuli
rayonunun azad olunması uğrunda düşmənlə döyüşə
girən Səbuhi Həsənquliyev 2020-ci il
noyabrın 8-də Şuşa şəhəri
uğrunda gedən savaşda qəhrəmancasına
şəhid olur. O, ölümündən sonra
"Hərbi xidmətdə
fərqlənməyə görə",
"Vətən uğrunda",
"İgidliyə görə",
"Füzulinin azad olunmasına görə",
"Cəbrayılın azad
olunmasına görə",
"Xocavəndin azad olunmasına görə",
"Zəngilanın azad
olunmasına görə",
"Şuşanın azad
olunmasına görə"
medalları və
"Azərbaycan Bayrağı"
ordeni ilə təltif edilir.
Qarşımızda Səbuhinin şəxsi əşyaları, bir də ki, müxtəlif
illərdə çəkdirdiyi
şəkilləri var. Gözüyaşlı
ana oğlunun şəkillərinə baxdıqca
Səbuhili günlərinin
xatirələri yadına
düşür. Xəyalı onu keçmişə, gəncliyə, ömrünün
bahar çağlarına
aparır:
- Biz kənd adamlarıyıq. Uşaq vaxtı ayaqyalın gəzəndə
elə bilirdik torpaqdan güc, günəşdən od alırıq. İnanclı, imanlı böyümüşük.
Əlixanla evlənib Ucardan
Sumqayıta gəldik.
Daha sonra Səbuhi… Səbuhinin dünyaya gəlişi
də gedişi kimi bir başqa
oldu. Onun çox yaşamayacağı
ürəyimə dammışdı.
Özü də bunu hiss etmişdi. Şəhidlik onun alın yazısı idi… Sanki Səbuhi dünyaya gələndə
Allah ona möhlət verdi ki,
böyüyüb torpaqlarının
azad edilməsində iştirak etsin, döyüşüb şəhidlik
zirvəsinə yüksəlsin.
2016-cı
ilin Aprel döyüşlərindən az sonra atası ilə bax, burada, bu
evdə oturub söhbət edirdik. Səbuhi gəlib məni qucaqlayıb başını
sinəmə qoydu.
Sonra üzümə baxıb dedi: "Ana, vətən bizim namusumuzdur. Namus üstə öləni
ağlamazlar. İndi deyirəm
ki, buna hazır olasınız".
Dərddən beli bükülmüş,
oğlunun qəhrəmanlığı
ilə iftixar duyan şəhidin atası Əlixan Həsənquliyev söhbətə
qoşulur:
- Səbuhi haqqında danışmaq mənim üçün qürurvericidir. Mən övladlarıma halal çörək verib, halallıqla böyütdüm. Tərbiyəli, vətənsevər, kamil insan olmalarını arzu etdim.
Səbuhi idmanla məşğul olurdu. Deyirdi ki, "Ata, əsgər olacağam, düşmənlə üz-üzə dayanacağam. Güc mənə hər zaman lazım olacaq". Uşaqlıqdan özünü hərbi xidmətə hazırlayırdı. İndi Səbuhi haqqında danışanda, düşünəndə elə bilirəm bütün bunlar gerçək həyatda olmayıb, yuxuda görmüşəm. Nə ömür yaşadı ki? Adının mənası səhər mehi deməkdir. Bir meh kimi əsdi, keçdi.
Biz Sumqayıtda olanda şəhidin döyüş yoldaşı Təbriz Vəliyevlə də görüşdük. Qəhrəmanımızla birgə keçdiyi döyüş yolundan danışmasını ondan xahiş etdik:
- Həqiqi hərbi xidmətimi Yaşmada keçirmişəm. 2020-ci ilin 27 sentyabrında müharibənin başlanma xəbərini eşidən kimi qeydiyyatda olduğum Qusar rayonunun hərbi səfərbərlik idarəsinə gedib könüllü olaraq döyüşmək niyyətimi bildirdim. Elə həmin gün Qusarda yerləşən hərbi hissəyə, oradan da Ağdama göndərildim. Səbuhi Həsənquliyevlə Ağdamda yerləşən "N" saylı hərbi hissədə tanış oldum. Əslən Qusardan olduğumu, Sumqayıtda yaşadığmı dedim. Beləcə bizim dostluğumuz başladı.
Oktyabrın sonlarında biz Qubadlı istiqamətindən döyüşə-döyüşə Şuşaya doğru irəlilədik. Səbuhi yerli adam kimi bizə bələdçilik edirdi. Ermənilər hər yeri minalayıb, Şuşanın giriş-çıxışını ağır texnika, tanklarla bağlamışdılar. Kiçik qruplara bölünüb kol-kosla, meşəliklə Daşaltı kəndinə doğru hərəkət edirdik. Təbii çətinliklərdən başqa, hər an kiçik qruplara bölünüb meşəliklərdə pusqu quran erməni döyüşçülərinə də rast gəlirdik. Oktyabrın 28-də Şuşaya doğru hərəkət edərkən pusquya düşdük. Ermənilərin mobil dəstəsi ilə aramızda gərgin döyüş oldu. Biz ermənilərdən üç nəfərini öldürdükdən sonra düşmənin üç döyüşçüsünü də əsir götürdük. Səbuhi əlbəyaxa döyüşdə ermənilərə gözlərini belə açmağa aman vermirdi. Həmin döyüşdə mən ayağımdan yaralandım. Çətin addımlayırdım. Daş-kəsək, kol-kos da bir yandan hərəkət etməyə imkan vermirdi. Səbuhi çəkdiyim çətinliyi görüb, "Yox, qardaş, bizdə yoldaşı yolda qoyub getmək yoxdur" deyib, əvvəlcə silahına doladığı juqutu açıb qan getməməsi üçün yaramı bağladı, sonra da məni çiyninə alıb yola davam etdi. Dirənəndə "Etiraz, filan yoxdur. Düz sona qədər səni də özümlə aparacam" dedi. Daşaltı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralandım. Yanıma minamyot mərmisi düşüb üz-gözümü yandırmışdı. Hətta elə bildilər ki, ölmüşəm. Üç gün orada qalandan sonra ölmədiyimi görüb məni Füzulidə hospitala yerləşdiriblər... Sonralar oradan da Gəncəyə apardılar. Hospitalda olanda eşitdim ki, Səbuhi noyabrın 8-də, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub...
Amma şəhidlər ölmürlər. Ürəklərdə, sevgilərdə, qan tökdükləri, can verdikləri Vətənin tarixində, torpağında yaşayırlar...
Elşən QƏNİYEV,
Azərbaycan.-2022.- 28 sentyabr.- S.6.