Vətən fədaisi
44 gün davam
edən Zəfər tariximizə adı yazılan minlərlə
igidlərimiz oldu. Bu zəfərdə
şəhadətə ucalan qəhrəman
oğullarımız daim ehtiramla
yad olunur, ailələri
ziyarət edilir.
Sağlamlığını itirən qazilərimizə, Vətən
müharibəsi iştirakçılarına hər zaman dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir.
Onların müalicələri istər ölkə daxilində,
istərsə də xaricdə davam etdirilir. Bəzən bütün bu səylərə
baxmayaraq, müharibənin vurduğu
yaralar nəticəsində həyatını
itirən oğullarımız olur. Elşən
Həsənov kimi...
Cəbrayıl uğrunda gedən döyüşlərdə müxtəlif bədən xəsarətləri alan igidimizin ordudan tərxis olunduqdan sonra müalicəsi uzun müddət Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında və digər sağlamlıq mərkəzlərində, eləcə də xaricdə davam etdirilib. Çox təəssüf ki, bu müalicələrin heç bir faydası olmayıb. O, avqustun 15-də Rusiya Federasiyasının Sankt-Peterburq vilayətində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Avqustun 19-da E.Həsənovun nəşi doğulduğu Qiyamadınlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn mərasimində çıxış edən rayon rəhbəri bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz 30 ildən sonra işğal altında olan torpaqlarımızı azad etdi. R.Hüseynov vurğulayıb ki, Vətənimizin bütövlüyü uğrunda canından keçənlər heç zaman unudulmayacaq, onlar daim qəlbimizdə yaşayacaqlar. Sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı E.Həsənovun atasına təqdim edilib.
Qeyd edək ki, Həsənov Elşən Etibar oğlu 31 dekabr 1997-ci ildə rayonun Qiyamadınlı kəndində anadan olub. Uşaqkən ailəsi ilə birgə Rusiya Federasiyasına köçüb. Bir müddət burada yaşadıqdan sonra yenidən doğma kəndlərinə qayıdıb.
E.Həsənov 2015-ci ildə Qiyamadınlı kənd tam orta məktəbini bitirib. O, həqiqi hərbi xidmətini 2016-2017-ci illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə başa vurub.
II Qarabağ müharibəsi zamanı Vətən eşqi ilə yaşayan gənclərimiz kimi, Elşən də müharibəyə yollanıb. 29 sentyabr 2020-ci ildən döyüşlərə qatılıb və Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. Göstərdiyi igidliklərə görə Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq, Elşən Həsənov "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Rəmziyyə
HƏSƏNOVA,
Ağcabədidə
çıxan "Aran" qəzetinin əməkdaşı
Azərbaycan.-2022.- 28 sentyabr.- S.6.