Əbədi ehtiram ünvanı

 

 

İki ildir ki, sentyabrın 27-də Azərbaycan xalqı Qarabağda tarix yazan Vətən oğullarının xatirəsinə sonsuz ehtiramını ifadə edir. Rəşadətli Azərbaycan Ordusu şəhidlərimizin qisasını döyüş meydanında almışdı. Düşmənin işğal altında saxladığı əzəli torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdu. O xalqlar xoşbəxtdir ki, onların uğrunda canından keçən vətən övladları var.

 

 

Xalq şəhidlərini unutmur

 

 

Dünən xalqımız İkinci Fəxri xiyabana gələrək şəhidlərin xatirəsini ehtiramla anıblar. Ölkə ictimaiyyətinin ziyarəti səhər saatlarından başlayıb axşama kimi davam edib. İnsan axını dayanmaq bilməyib. Şəhidlərimizin xatirəsi uca tutulub, ruhlarına böyük ehtiram göstərilib.

Anım günündə şəhid ailələri, hərbçilər, qazilər və Azərbaycan övladları iştirak edirdilər. Ziyarətə gələnlər qəhrəmanlarımızın şərəfli ömürdöyüş yollarından söhbət açır, məzarları önünə əklillər, tər çiçəklər düzərək ruhlarına dualar oxuyurdular. Hər tərəf al-əlvan güllərə, çiçəklərə bürünmüşdü.

Ziyarətçilər Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladığından və bunun zəfərlə yekunlaşdığından bəhs edirdilər. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı və canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğunu bildirirdilər.

 

Xiyabanda uyuyanlar qəlblərdə əbədi yaşayırlar

 

 

Aradan illər keçsə də yaralar sağalmır, bəlkə də heç vaxt sağalmayacaq.  Bəzi şəhidlərin baş daşlarına onların son sözləri, bəzilərinə son mesajları, bəzilərinə isə yazdıqları şeirlər qeyd edilib. Əslində hər məzar daşının öz hekayəsi var. Burada uyuyanların hər biri baş tacımız, qürur mənbəyimiz, and yerimizdir. Onlar fərqli zamanlarda şəhid olsalar da, hər biri müqəddəs zəfərimizin və qələbəmizin qəhrəmanlarıdır. İrəli addımladıqca şəhid analarının ah-naləsinin, hönkürtüsünün şahidi oluruq. Biri balasını oxşayır, birisi laylay çalır, birisi məzar daşına sarılaraq göz yaşları tökür. Məzar daşlarından isə gözlərində nur olan vətən üçün canlarından keçən igidlər boylanır.

Şəhid Nicat Atayevin anası Rəsmiyyə Əhmədova da ziyarətçilər arasında idi. O, oğlunun şəhadətə yüksələn Vətən müharibəsinin ilk iştirakçılarından olduğunu bildirdi: "Oğlum həmişə vətənpərvər olub. Deyirdi ki, torpaqlarımızı işğaldan azad etmək lazımdır. Elə bu amalla da döyüşə atıldı. Nicat İkinci Fəxri xiyabanda Polad Həşimovdan sonra gələn birinci şəhid olub. Oğlumla fəxr edirəm. Burada yatan şəhidlərimizin hamısı qəhrəmandır".

 

 

Onlar bizim fəxrimizdir

 

 

Əlində bayraq tutan hərbi geyimli bir gənclə söhbətləşirəm. Qazi Cavad Fətullayev deyir ki, burada uyuyanlar igidlik və mərdlik nümunəsi göstərərək şəhidlik zirvəsinə yüksəliblər: "Çox xoşbəxtəm. Torpaqlarımız işğaldan azad edilib. Bütün şəhidlərə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram. Onlar bizim fəxrimizdir. Ata-baba yurdlarımız şəhidlərimizin qanı bahasına alınıb".

Könüllü olaraq döyüşlərə yollanan kəşfiyyatçı-snayper Namiq Əliyevlə də həmsöhbət olduq. Söylədi ki, şəhidlərimiz Azərbaycan tarixində heç vaxt unudulmayacaq: "İgidlərimiz illərdir Ali Baş Komandanın əmrini gözləyirdilər. Azərbaycan xalqı ölkəmizi yenidən ərazi bütövlüyünə qovuşdurmuş qəhrəman şəhidlərimizin xatirəsini daim uca tutacaq, onları böyük məhəbbətlə yad edəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların məkanı cənnətdir".

Hazırda ölkənin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, adları əbədiləşdirilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır, yeni yaşıllıq zolaqları salınır. Əlamətdar və tarixi günlərdə, bayramlarda ölkəmizin hər guşəsində Şəhidlər xiyabanları ziyarət olunur. Şəhid ailələri ilə daim əlaqə saxlanılır, onların problem və qayğılarının müsbət həlli üçün bütün tədbirlər görülür.

Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Şəhidlərimizin intiqamını isə igidlərimiz döyüş meydanında aldılar.  Onların qanı yerdə qalmadı.

 

Elşən YƏHYAYEV,

Azərbaycan.-2022.- 28 sentyabr.- S.7.