Vətənin cəsur döyüşçüsü
Doğmaları onun iyirmi altı yaşını on doqquz gün qabaq qeyd etmişdilər. 2020-ci ilin 29 sentyabrı idi. Cəbhəyə gedirdi. Vətən müharibəsinin üçüncü günü idi. Azətbaycanın bütün igid oğulları kimi Şaiq Kəlbiyev də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində başlayan döyüşlərə can atırdı. İyirmi faiz torpağımız otuz ilə yaxın idi yağı düşmənin tapdağı altında idi. Vətən oğulları işğalçıları məğlub, ərazilərimizi azad etməyə gedirdilər.
Döyüşə yollanan bütün igidlər kimi, Şaiq Kəlbiyev də Azərbaycan Ordusunun zəfər çalacağına inanırdı. Son dəfə mavigözlü Xəzərə baxdı. Dəniz də sanki ləpələri ilə onu coşdururdu, qalibiyyətə səsləyirdi...
Yarımçıq qalan arzular
Şaiq 1994-cü ilin 10 sentyabrında Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində dünyaya göz açıb. 2002-ci ildə qəsəbədəki 273 nömrəli məktəbin birinci sinfinə daxil olub. Dördüncü sinfədək həmin məktəbdə oxuyub. Təhsilini 319 nömrəli orta məktəbdə davam etdirib. Şaiq ailədə üç övladın ikincisi idi. Uzun illərdir ki, Heydər Əliyev adına Dərin Özüllər Zavodunda kran sürücüsü işləyən atası Namik Kəlbiyev, anası Səkinə xanım onları kiçik yaşlarından zəhmətə alışdırıb. Atası deyir ki, Şaiqin çox yaxşı əl qabiliyyəti var idi. Təhsil aldığı 319 nömrəli orta məktəbin direktor müavini Nargilə xanımın xahişi ilə keçirəcəkləri bütün tədbirlərin tərtibatını o hazırlayırdı. 2012-ci ildə doqquzuncu sinfi başa vurub, Bakı Dövlət Sosial-İqtisad Kollecinə qəbul olunub. Kollecdə başqa biliklərlə yanaşı, dizayner ixtisasına yiyələnib. Diplom işi isə mənzillərinin tavanının tərtibatı olub.
Kiçik yaşlarında oğlan uşaqlarının əksəriyyəti kimi, o da böyüyəndə əsgər olacağını deyib. 2014-cü ildə kolleci bitirdikdən sonra bu arzusu reallaşıb. Şaiq Kəlbiyev hərbi xidmətə çağrılıb. Cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində xidmət etməyə başlayıb. Üç ay gənc əsgər kursu keçib, hərbi biliklərə və silahların sirlərinə yiyələnib. Kursu uğurla başa vurub. Xidmətini "N" hərbi hissəsində davam etdirib. Şaiq Kəlbiyev 2016-cı ilin Aprel döyüşlərində savaşıb. Döyüşlərin davam etdiyi dörd gün ərzində silahı yerə qoymayıb. Tapqaraqoyunlu və Talış kəndi istiqamətində gedən əməliyyatların ön sıralarında vuruşub. Hərbi hissə komandiri tərəfindən əməliyyatlarda göstərdiyi şücaətə görə fəxri fərmanla mükafatlandırılıb.
Şaiq ordu sıralarından tərxis olunduqdan sonra onu halal zəhmətlə böyüdən valideynlərinin qayğılarını azaltmaq üçün əlindən gələni əsirgəməyib. Dizayner ixtisası üzrə müxtəlif müəssisə və təşkilatlarda çalışıb. Eyni zamanda dizayner-tərtibatçı kimi televiziyalarda keçirilən müxtləif yarışlarda iştirak edib. Son vaxtlar Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən "Gender və Tərəqqi" İctimai Birliyində dizayner kimi fəaliyyət göstərib. İşinə, peşəsinə marağı çox böyük olub. Daim öz üzərində çalışıb, araşdırıb, öyrənib. Ona görə də bu sahədə getdikcə püxtələşib. Fəaliyyətinin əhatə dairəsi də genişlənib. Artıq Gürcüstan, Türkiyə, İran və başqa ölkələrə iş üçün səfərlərə gedirdi. Mehribanlığı, səmimiyyəti ona hər yerdə dostlar qazandırırdı. İşgüzarlığı, peşəsinə yaradıcı yanaşması sayəsində uğurlarının sayı gündən-günə artırdı. O, daha böyük uğurlarına doğru irəliləyirdi...
Son döyüş
Ancaq artıq fərdi uğurlarını düşünmək zamanı deyildi. Vətən igid övladlarını çağırırdı. 2020-ci il sentyabrın 27-si səhər saatlarından başlayaraq, işğalçı Ermənistanın silahlı qüvvələri yeni ərazilərimizi ələ keçirmək üçün mövqelərimiz üzərinə hücuma keçmişdilər. Qəhrəman Azərbaycan Ordusu düşmənin qarşısını almaq üçün əks-həmlə əməliyyatları aparırdı.
Şaiq Kəlbiyevin döyüş yolu sentyabrın 30-da başladı. Həmin günün axşamı o, Suqovuşan istiqamətində döyüşlərə atıldı. Talış, Suqovuşan kəndlərinin, eləcə də yüksək strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsi uğrunda döyüşdü. Şaiq özü kimi cəsur oğullarla çiyin-çiyinə dayanıb yağı düşmənə zərbələr endirirdi.
Atası deyir ki, Azərbaycan torpaqlarının otuz ilə yaxın düşmən işğalında qalması bütün təəssübkeş gənclərimiz kimi, Şaiqə də ağır təsir edirdi, odur ki, Vətən müharibəsi başlayanda döyüşə böyük ümidlə getdi: "Hərdən cəbhədən zəng vururdu. Sağ-salamat olduğunu söyləyir, bizi arxayınlaşdırmağa çalışırdı. Ancaq çox az danışırdı. Deyirdi ki, danışmağa da vaxt yoxdu".
Atası xatırlayır: "Hər dəfə soruşurduq ki, nə vaxt qayıdacaqsan? Cavab verirdi ki, oktyabrın 18-i. İntizarla həmin günü gözləyirdik. Oktyabrın 16-da şəhid olduğunu eşitdik".
O gün Şaiq döyüşçü yoldaşları ilə birlikdə strateji əhəmiyyətə malik yüksəkliklərin biri uğrunda mübarizə apardı. Öyrəndik ki, düşmənlə 10-15 metr məsafədə vuruşublar. Şaiq manevr edərək daha da əlverişli atəş nöqtəsi tutmaq üçün düşmənin mövqelərinə atılıb. İşğalçılar onu görüblər. Hədəfə alaraq aramsız atəşə tutublar. Bu, Şaiq Kəlbiyevin son döyüşü olub. İgid əsgər Vətən torpaqları uğrunda şəhidlik zirvəsinə yüksəlib.
Atası deyir ki, Şaiqin cənazəsini oktyabrın 17-də evə gətirdik: "Ertəsi gün - oktyabrın 18-də böyük izdihamla Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırdıq. Düşünürəm ki, yəqin ölümü ürəyinə dammışdı".
Cəsur əsgər Şaiq Kəlbiyevin döyüşlərdə göstərdiyi igidlik, qəhrəmanlıq unudulmayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə Vətən müharibəsində göstərdiyi şücaətə və rəşadətə görə "Vətən uğrunda" medalına layiq görülüb.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.-2022.- 28 sentyabr.- S.8.