Ən böyük arzusu hərbçi olmaq idi

 

 

18 yaşlı Mərahim Aslan oğlu Abdullayev  Zəfər qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Şəmkirin Keçili kəndindən şəhadətə yüksələn altı şəhiddən biri, yaşca ən kiçiyidir.

Mərahim 18 yaşına təzə keçmişdi. Kənddə bəzi həmyaşıdlarını hərbi xidmətə çağırsalar da, hələlik ona heç nə deyilməmişdi. Buna görə də o, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon idarəsinə gedib və tələb edir ki, onu da hərbi xidmətə yollasınlar. Beləliklə, istədiyinə nail olur. Mərahim əsgər kimi Beyləqan rayonu ərazisindəki "N" saylı hərbi hissədə xidməti borcunu yerinə yetirir. Minaatan batareyada baş nişançı olur, intizamı, bacarığı ilə seçilir. Hərbi xidmətinin ilk 5 ayından sonra Vətən müharibəsi başlayır və o, könüllü olaraq ön cəbhəyə yollanır.

Mərahim Aslan oğlu Abdullayev 2002-ci il martın 27-də Şəmkir rayonunun Keçili kəndində dünyaya göz açıb. Atası Aslan fərdi təsərrüfatçı, anası Susanna evdar qadındır. Orxanİbrahim adlı özündən böyük iki qardaşı var. Şəhidimizin oxuduğu məktəbin direktoru Fənarə Qəhrəmanova deyir: "Mərahim  nizam-intizamına görə yoldaşlarından fərqlənirdi. İdmana meyilli, vətənpərvər idi, həmişə yaşıdlarına əsgərliyə gedəcəyindən həvəslə danışar və xidmətdən sonra hərbçi kimi Milli Ordu sıralarında qalıb ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması uğrunda mübarizədə iştirak edəcəyini bildirərdi".

Mərahim Abdullayevlər ailəsinin sonbeşiyi olub. Sakit davranışı, mehribanlığı ilə yanaşı, dəli-doluluğu da var idi. Əldə-ayaqda olan uşaq kimi, həmişə hamının köməyinə çatar, ətrafındakılara yardımçı olmağı özünə borc bilərdi. Qardaşı İbrahim söyləyir ki, vaxt televizoru açsaydı, hərbi verilişləri axtarar, tapanda onlara baxardı. Bir dəfə fəxrlə dedi ki, mən əsgər gedəcəyəm, şəhidlərimizin, günahsız öldürülən insanların intiqamını alacağam, vəhşi ermənilərlə son nəfəsimə kimi vuruşacağam. Əgər şəhid olsam, ağlamayın. Buna görə onunla mübahisə edərdim. Kim istəyər ki, qardaşı nadan gülləsinə tuş gəlsin, torpaq altında yatsın?!"

Mərahim Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Qorxu nədir, bilməyib. Vətənini canından artıq sevən Mərahim düşmən mərmisinə tuş gəlmiş neçə-neçə yaralı əsgərimizin, şəhidimizin arxa hissəyə gətirilməsində fədakarlıq göstərib. Təəssüf ki, 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən gərgin mübarizədə döyüş tapşırığını yerinə yetirən zaman şəhid olur.

Hər dəfə evlə, ata-anası ilə  danışanda "oktyabrda gələcəyəm" deyirmiş. Lakin qayıdan üçrəngli bayrağa sarılmış nəşi oldu. Şəhid olmazdan bir gün əvvəl  ailəsi ilə telefon əlaqəsi zamanı qürur hissilə deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə  ordumuzun uğurları böyükdür, düşmənin sonuna çıxırıq, az qalıb, Qələbə bizimlədir. Dediyi kimi oldu. Azərbaycan bu müharibədə tarixdə əvəzi olmayan  qələbə qazandı. Bu qələbənin əldə edilməsində əməyi olan Mərahim Abdullayev şəhadətindən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

İndi Keçili kəndində uşaqdan-böyüyə hamı Mərahimin döyüş yolu, qəhrəmanlığı ilə fəxr edir. Ad anım günlərində, eləcə milli bayramlarda həmyaşıdları, onu yaxından tanıyanlar, döyüşçü yoldaşları, məktəblilər, ictimaiyyətin rayon hərbi komissarlığın nümayəndələri 18 yaşlı qəhrəman şəhidi ehtiramla yad edir, məzarı üstünə gül-çiçək qoyur, ruhuna dualar oxuyurlar.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2022.- 28 sentyabr.- S.8.