Həyat hekayəsi Xocavənddə
tamamlandı
İllərdir ki, namərd düşmən torpağımızı işğal edib, yurdumuzu bəd niyyətlərinin hərb meydanına çevirmişdi. 30 il işğalda qalan sinəsi yaralı tarixi yurdlarımız qisas deyib qeyrətli oğullarımızı döyüşə səsləyirdi. Nəhayət, 2020-ci ilin 27 sentyabrında azğın düşmənə layiqli cavab vermək əzmində və qüdrətində olan Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğ"unu düyünləyib "yetər" dedi. O andan xalq bir olub o qəzəbli yumruğa döndü. Oğullarımız hərbi səfərbərlik idarələrinin qarşısına axışıb döyüşmək, düşmənə layiq olduğu yeri göstərmək niyyətlərini bildirərək silaha sarıldılar. Düşmənin üstünə gedənlərin sırasında Əli də var idi…
Əli Mehman oğlu Nağıyev 1991-ci il dekabrın 25-də Bakıda anadan olub. 6 saylı Texniki Peşə Liseyində sürücülük peşəsinə yiyələnib. 2010-cu ildə həqiqi hərbi xidmətə çağrılan Əli Nağıyev ilk aylarını Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissənin minaatan bölüyündə keçirsə də, sonralar əsgəri xidmətini Ağdam rayonunda davam etdirməli olub. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət Bakı şəhərində sürücülük edib, "Safir" hotelində işləyib. 2020-ci ilin yayında düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribat Əli Nağıyevin də qəzəbinə səbəb olur. O, yaşadığı rayonun Hərbi Səfərbərlik İdarəsinə yaxınlaşıb döyüşə getmək niyyətində olduğunu bildirir. Bundan sonra Əli Nağıyev 2020-ci il sentyabrın 20-dən Pirəkəşküldə hərbi təlimlərə cəlb edilir. 27 sentyabrda səhər tezdən Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza xaincəsinə basqını zamanı Füzuli rayonunda qanlı savaşa girənlərin sırasında səf tutan qəhrəman oğullarımızdan biri də Əli Nağıyev olur.
Əli Nağıyev 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə əsl fədakarlıq göstərib. 20 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əli Nağıyev 22 oktyabrda Səbail rayonu Badamdar qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Bu günlərdə Əli Nağıyevin valideynləri ilə görüşüb övladları haqqında xatirələrini danışmalarını xahiş etdik. Anası Lalə xanım deyir:
- Əli 2020-ci ildə cismani ömrünün tamam olacağını bilirmiş kimi davranırdı. Müharibədən xeyli əvvəl yatdığı çarpayının yanına, divar kağızına 25 dekabr 1991-ci il doğum tarixini, bir də 2020-ci il yazmışdı. Amma ay göstərməmişdi. Bir gün bu yazı gözümə dəydi. Soruşdum ki, Əli, bu nədir belə yazmısan? Məni öz adımla çağırardı. Dedi ki, "Lalə, mənim yazmayıb yarımçıq saxladığımın ardını da sən yazarsan. Biz hamımız bu dünyada qonağıq. İmtahan üçün gəlmişik. Gərək elə ömür sürəsən ki, o dünyada da imtahandan keçə biləsən".
Allah Əliyə Vətən sevgisini hər şeydən çox vermişdi. Əli məni hərəkətləri, davranışı ilə sanki bu günə hazırlayırdı. Şəhidlər haqqında maraqlı söhbətlər edirdi. 2020-ci ilin yayında Hərbi Çağırış və Səfərbərlik İdarəsinə gedib könüllü yazılmışdı ki, Qarabağda döyüşsün. Səfərbərlikdən çağırış gələndə çox sevinirdi. Sentyabrın 27-də Füzuli rayonundan zəng vurmuşdu. Dedi ki, "düşmənlə üz-üzəyəm. Döyüşürəm".
Müharibəyə gedəndə isə dedi: "Hər işdə bir xeyir var. Yaxşı ki, evlənməmişəm. Yoxsa gözüm arxada qalardı". Əlinin Füzulidən başlayan döyüş yolu Xocavənddə tamamlanır. Döyüş yoldaşı Ağalar Ağayev o günü belə xatırlayır:
- Vətən müharibəsinin ilk günü, sentyabrın 27-də səhər tezdən Füzulidə Əli Nağıyevlə tanış oldum. Əli qorxu hissindən uzaq, hərəkətlərini idarə edə bilən, ən gözlənilməz məqamda vəziyyətdən çıxmağı bacaran, əsl döyüşçü xarakteri olan bir əsgər idi. Həqiqi hərbi xidmətdə olanda minamyot bölüyündə xidmət etdiyindən həm avtomatdan istifadə edə bilirdi, həm də minamyotçularla işləyirdi.
Əli ilə bağlı bir xatirəmi bölüşmək istəyirəm. Havalar yağışlı keçirdi, yağış olmayanda isə gecələr şeh düşüb üstümüzü isladırdı. 3 gün idi ki, aramsız yağan yağışlar nəticəsində tam islanmışdıq. Düşməni təqib edirdik. Gözləmədiyimiz məqamda dağların arxasından üstündə Azərbaycan bayrağı olan 12 tankın və 120-130 nəfər canlı qüvvənin müşayiəti ilə dairəvi, sep şəkilli düzülüşün bizə doğru hərəkətini gördük. Elə zənn etdik ki, gələnlər bizim əsgərlər, tanklarsa ordumuzun düşməndən qənimət götürdükləridir. Üstünə bayrağımızı sancıblar ki, atəş açmayaq. Tanklar mövqeyimizə yaxınlaşıb, yerimizi dəqiqləşdirəndən sonra atəş açmağa başladı. Məsafə getdikcə daralırdı. Elə zənn etdik ki, sonumuz çatıb. Üstümüzdə olan qumbaraları çəkib, təslim olmaqdansa, özümüzü partlatmaq qərarını verdik. Bütün döyüş yoldaşlarımız belə düşünürdü. Bu zaman döyüş yoldaşlarımız Əli və Cavid qumbaraatanla erməni tanklarının öndə gələnini vurdular. Onların bu hərəkətləri erməniləri qorxuya saldı. Bu an ermənilər təşviş içində geriyə, qaçmağa başladılar. Az keçmədi ki, ermənilərin qənimi olan xüsusi təyinatlılarımız köməyə gəldilər. Birlikdə hücuma keçib düşməni darmadağın etdik. Onlar döyüş texnikasını, silah-sursatlarını atıb qaçdılar.
Cəbrayılda, Qubadlıda, Xocavənddə də birgə döyüşlərimiz olub. Cəbrayılda çox dəhşətli bir mənzərə yaranmışdı. Əli çox cəsur döyüşçü idi. Həm də öncədən şəhid olacağını hiss edirmiş kimi davranırdı. Oktyabrın 20-də gecə döyüşə girdik. Bizə həmin ərazinin Qubadlı rayonuna aid olduğunu demişdilər. Çox ağır döyüşlər gedirdi. Düşmən ciddi müqavimət göstərirdi. Gecədən başlayan döyüş səhər saat 10-a kimi davam etdi. Bu zaman Əlini fikirli-fikirli bir daşın üstündə oturduğunu gördüm. Çox keçmədi ki, Əlinin yaxınlığına mərmi düşdü. Toz dumana qarışdı. Bir qədərdən sonra Əlini oturduğu daşın yanında uzanıqlı vəziyyətdə görüb ona tərəf qaçdım. Əli uzanıqlı vəziyyətdə gülürdü. Bu onun son gülüşü idi... Həmin döyüşdə bölüyümüzdən 27 şəhid verdik.
Vətən yolu sevgi yoludur. Sevərək yaşayanlar, sevilərək ölənlər isə ölməzlərdir.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2022.- 28 sentyabr.- S.8.