İrəvanın xilası Azərbaycanla
sülh müqaviləsinin
imzalanmasından keçir
Ter-Petrosyan
xalqının və ölkəsinin qurtuluşunun
yeganə yolunu göstərdi
Regionda davamlı sülh və əməkdaşlıq əlaqələrinin formalaşması Azərbaycan üçün prioritet istiqamətlərdən birini təşkil edir. Rəsmi Bakının yanaşmasına əsasən, sülh müqaviləsinin imzalanması Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını da əhəmiyyətli dərəcədə artıracaq. Proseslərin bu səpkidə inkişafı Ermənistana mühüm dividendlər qazandıracaq, eyni zamanda tərəfdaş münasibətində olan dövlətlərə böyük fayda verəcək.
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da bunu etiraf
etməyə başlayıb. O, ölkəsinin
yaranmış ağır
sosial-iqtisadi böhrandan
çıxmasının yeganə
yolunun Azərbaycanla
normal münasibətlər qurmasından keçdiyini
bildirib. O, çox keçməz ki, Ermənistan hakimiyyətinin
Azərbaycanla sülh
sazişini imzalayacağını
bəyan edib.
Ter-Petrosyan İctimai televiziyaya müsahibəsində Ermənistanı
çətin və ağrılı qərarların
gözlədiyini bildirib,
ölkəsinin Azərbaycan
və Türkiyə ilə müqavilələrin
imzalamasının zəruriliyini
vurğulayıb. Keçmiş dövlət başçısı
hesab edir ki, Ermənistanın prezidenti problemin həllində dövlət
üçün ən
az ağrılı
variantı seçməkdə
hazırkı baş nazirlə dialoqa başlamalıdır: "Paşinyan
bu sənədi imzalamaqdan qorxur, çünki hansı sənədi imzalasa, ona yenə də
satqın və türk adı veriləcək".
Ter-Petrosyanın fikrincə,
əgər birlikdə
ən az
ağrılı variant seçilsə,
Paşinyana əl uzadılacaq: "Beləliklə,
bu razılaşmaların
məsuliyyətini öz
üzərimizə götürəcəyik".
Sabiq prezident onu da vurğulayıb ki, dünyada sülh müqaviləsi olmayan iki qonşu dövlət yoxdur. O, bunun sülh müqaviləsi deyil, daha çox təslimçilik müqaviləsi olması ilə bağlı səsləndirilən iradlara belə cavab verib: "Bəli, bizdən daha güclü ölkələr təslim olub. Ermənistanın təslim olduğunu ilk dəfə mən demişəm. Bəli, bunun nə günahı var? Yaponiya təslim olmadımı? Özünü alçaltmadı ki… Burada nə var ki? Bu, bizim istəyimiz deyil, şərait belə yarandı. Hakimiyyətin səhvləri bu vəziyyətə gətirib çıxardı. Mən səhv etmişəmsə, bu istiqamətdə etməmişəm. Əksinə, mən demişəm ki, kapitulyasiya yeganə yoldur. Sülh müqaviləsi mütləq imzalanmalıdır".
Ermənistanda real vəziyyətin təhlili göstərir ki, burada cəmiyyətin böyük əksəriyyəti 30 il davam edən münaqişədən və müharibə xofundan həm fiziki, həm də mənəvi cəhətdən yorulub. Lakin Azərbaycanla münasibətlərin normallaşması, xüsusilə də danışıqların indiki mərhələsində hazırlanmalı olan sülh müqaviləsi Ermənistan müxalifətinin və onu xaricdən dəstəkləyən qüvvələrin, eləcə də dünya erməni diasporunun maraqlarına tamamilə ziddir.
Görünən odur ki, bu gün də Ermənistan müxalifəti və diasporu yenə erməniləri eyni uçuruma doğru aparır. Əvvəllər olduğu kimi, müharibədən sonrakı yeni reallıqlar şəraitində də bölgədə yaranmış sülh fürsətini erməni xalqının əlindən almağa cəhd göstərirlər. Bu qüvvələrə qarşı gedə bilməyən Ermənistan iqtidarının normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda anlaşılmaz mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, eləcə də sülh gündəliyinə qarşılıq verməməsi İrəvanın sülhə maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədini nümayiş etdirir.
Sonuncu Brüssel görüşündən sonra baş verənlər bir daha Ermənistanın sülh müqaviləsi bağlamaqdan yayınmağa çalışdığını və İrəvanda revanşist meyillərin daha da gücləndiyini təsdiq edir. Ermənistanın niyyətindən asılı olmayaraq, Azərbaycan bölgədə sülhü təmin edəcək. Bunun üçün birtərəfli qaydada sərhədlər müəyyənləşdirilməli, Ermənistan ərazisində istifadə olunan atəş nöqtələri susdurulmalı, hətta təhlükəsizliyi təmin etmək üçün bufer zona da yaradılmalıdır.
Əgər rəsmi İrəvan ona verilən sülh təşəbbüslərini dəyərləndirmək əvəzinə hərbi avantüraya, revanşist təxribata əl atarsa, yenidən Azərbaycanın "dəmir yumruğu"nun başına dəyəcəyini görəcək.
Elçin CƏFƏROV,
Azərbaycan.-2022.- 28 sentyabr.- S.9.