Repressiyalar dindən də yan keçmədi

 

Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri də 1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiyalar olmuşdur. Belə ki, bu illərdə Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq və zorakılıq nəticəsində yüz minlərlə günahsız insan əsasən əqidəsinə, siyasi rejimin diktəsinə deyil, milli hissiyyatla düşündüyünə görə ölümə məhkum edilmiş, işgəncələrə məruz qalmışdır.

Bu ağır illərdə Azərbaycandan 150 mindən çox ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana, Nargin adasına və   digər yerlərə sürgünə göndərilib. Bununla da cəmiyyətin ağıllı, elmli, istedadlı, əməksevər və mənəviyyatlı təbəqəsinin çox hissəsi məhv edilib. Bu bir  faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə olub.

Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb bunlardan 28 min nəfəri məhkəmə istintaq olmadan mühakimə edilib.

Din xadimlərinin əksəriyyəti yerindəcə güllələnib, Orta Asiyaya sürgün olunub, mülkiyyətləri əllərindən alınıb. Tarixçilər arxiv sənədləri əsasında yüzlərlə din xadimi alimin harada, necə dünyasını dəyişməsi haqqında məlumatın bilinmədiyini deyirlər.

1905-ci ildə "Novaya jizn" qəzetinin 28-ci sayında Lenin yazırdı: "Sosialist proletariat partiyasına münasibətdə din şəxsi deyil. Biz kilsənin dövlətdən tamamilə ayrılmasını tələb edirik. Bizim təbliğata mütləq qaydada ateizmin təbliği daxildir".

Azərbaycanda dinə xüsusən islama hücum sovet rejiminin ilk günlərindən başlamışdır. 1923-cü ildə hökumət tərəfindən məhərrəmlik əzadarlığı qadağan etmək üçün kampaniyalara başladılar, 1924-cü ildə isə "Allahsızlar" cəmiyyəti yaradıldı. İslama qarşı genişmiqyaslı hücum isə 1929-cu ildə başladı. 1917-ci ildə Azərbaycanda 3 min məscid var idisə, 1927-ci ildə onlardan cəmi 1700-ü qalmışdı. Bu məscidlərin 120-si Bakı Bakı ətrafında yerləşirdi. Rəsmi surətdə isə dinlə mübarizəyə 1928-ci ilin sonlarında başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-nin qərarı ilə bir çox məscid, kilsə sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi.

Stalin repressiyaları dövründə hakimiyyət guya xalqın tələbinə istinadən kütləvi şəkildə məscidləri bağlamağa başladı. Bir sıra partiya hökumət qulluqçularını məscidə, cümə namazlarına getməkdə ittiham edirdilər. Mollalıq etmək qəti qadağan idi. Repressiyaların ən qızğın çağında hətta "dinə qarşı mübarizəyə kifayət qədər həvəs göstərməmək" ittihamı həbsə səbəb ola bilərdi. Stalinin dövründə Bakının salamat qalmış məscidlərinin ikisindən başqa hamısı bağlanmışdı.

Moskvadan gələn əmrə əsasən, 1929-cu ildə Azərbaycanda eyni vaxtda 400 məscid bağlandı, əksəriyyəti kluba çevrildi. 1933-cü ildə respublikada cəmi 17 məscid qalmışdı. Bir müddət sonra xalqın narazılığına görə antidin kampaniyalarına son qoyulsa da, 1937-ci ildən etibarən "dini qalıqlara qarşı mübarizə" və terror yenidən güclənməyə başladı. 1930-cu illərdə Bibiheybət məscidi,  Müqəddəs FaddeyVarfolomey kilsəsi, Aleksandr Nevski saboru, Müqəddəs Bakirə Məryəmin kosteli kimi əhəmiyyətli dini məbədlər söküldü.

Stalin repressiyalarının əsas hədəfi respublikada islamın kökünü kəsmək idi. 1930-cu illərin ortalarından etibarən repressiya qurbanlarını panislamizmdə və xarici dövlətlərə xidmətdə ittiham edirdilər. Ruhanilər artıq hökumət üçün daha az təhlükəli idilər, çünki qorxudulmuşdular və "KQB xəbərçiləri" adını almışdılar.

İctimai şəkildə heç kim islam rituallarına əməl etmirdi. Gənc nəslə islamın əsasları haqqında biliklərin verilməsi çox riskli idi. Repressiyaların nəticəsində 1930-cu illərin sonunda islamdan başqa, demək olar ki, bir çox təriqətlər icmalar yox edilmişdilər.

Sovetlərin dinə qarşı sərt münasibətinin yumşalması İkinci Dünya müharibəsi dönəminə təsadüf edir. Din xadimlərinin müharibənin çətin vəziyyətində kömək imkanlarını hiss edən rəhbərlik faşizmə qarşı mübarizə üçün mollaların gücündən istifadə etməyə başlayır.

1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulması bu barədə araşdırmaların aparılmasına tarixi həqiqətlərin üzə çıxmasına imkan vermirdi. Yalnız müstəqillik illərində - 1996-cı il martın 15-də Ulu Öndər Heydər Əliyevin təsdiq etdiyi "Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında" qanunda bu hadisələrə ilk dəfə hüquqi qiymət verildi. Bundan sonra həmin illərdə baş verən repressiyalar barədə genişmiqyaslı tədqiqatların aparılmasına, bir neçə onillik ərzində gizli saxlanılan məlumatların üzə çıxarılmasına başlanıldı.

 

Elşən YƏHYAYEV,

Azərbaycan.-2022.- 28 sentyabr.- S.10.