Dünyanın məşhur səyyahları Xocavənd,
Füzuli və Cəbrayılda olublar
Azərbaycanda səfərdə olan 20 ölkənin 40-a yaxın tanınmış səyyahı işğaldan azad edilən Füzuli, Xocavənd və Cəbrayıl rayonlarında erməni vandalizmini gözləri ilə görüblər. Onlar, həmçinin azad edilən ərazilərdə aparılan tikinti-quruculuq və mina təmizləmə işləri ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunan ərazilərdə üç günlük səfərdə olan dünyanın məşhur səyyahları Şuşa və Ağdamdan sonra, səfərin ikinci günündə Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli və Xocavənd rayonlarına gəliblər.
Səyyahlar Füzuli rayonunda işğal ərəfəsində ermənilər tərəfindən törədilən dağıntıların şahidi olublar. Füzuli rayonunun Merdinli kəndindəki məscid və məzarlıqdakı dağıntılar barədə səyyahlara məlumat verilib. Bildirilib ki, düşmən məscid və məzarlıqları dağıdıb, təhqir edib. Bu cür vandalizm aktlarına işğaldan azad olunan digər rayon və kəndlərimizdə də rast gəlinir.
Sonra səyyahlar Füzuli şəhərinə gəlib, dağıntılara baxıblar. Məlumat verilib ki, azad olunan digər ərazilərimiz kimi, Füzuli rayonu kabus şəhərə çevrilib, bura ancaq dağıntılar və minalanmış sahələrdən ibarətdir.
Füzuli Beynəlxalq Hava Limanı ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, qısa müddətdə inşa edilən aeroporta dünyanın digər ölkələrindən də uçuşlar həyata keçirilib.
Səyyahlara azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Qarabağın digər rayonlarına və Şərqi Zəngəzura uzanan yollar yenidən qurulur.
Dünyanın məşhur səyyahları sonra Xocavənd rayonuna gəliblər. Qonaqlar burada qədim yaşayış məskəni Azıx mağarasında olublar. Onlar Azıx mağarasının tarixi və coğrafi mövqeyi barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində yerləşir. Mağarada 600 metrə qədər uzanan 8 dəhliz var. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə çatır. Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə Elmlər Akademiyasının Paleolit arxeoloji ekspedisiyası tərəfindən aşkar olunub. 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar edib. Diqqətə çatdırılıb ki, Ermənistan işğal dövründə digər tarixi yerlər kimi, Azıx mağarasında da dəyişikliklər etməyə cəhd göstərib.
Səyyahlar daha sonra Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıla gəliblər. Burada mina təmizləmə işləri ilə tanış olan səyyahlara məlumat verilib ki, ermənilər bu ərazilərdən müdafiə səddi kimi yararlanıb və əraziyə kütləvi mina basdırılıb. İşğaldan azad edildikdən sonra ərazi ANAMA-nın əməkdaşları tərəfindən minalardan təmizlənir.
Tanınmış səyyahlar
ərazidən tapılan mina və
partlamamış silah-sursatların zərərsizləşdirilməsi
prosesini də izləyiblər.
Azərbaycan.- 2022.- 10 sentyabr.- S.1; 5.