"Dəmir yumruğ"un sülh missiyası
İkinci Qarabağ müharibəsinin başlanmasından iki il ötür. İllər keçdikcə 2020-ci ilin 27 sentyabrından noyabrın 8-dək baş verən Vətən müharibəsi Azərbaycan xalqının tarixində nə kimi iz qoyduğunun önəmi daha çox dərk ediləcək. Qafqazda Azərbaycan adlı ölkənin, xalqın nə dərəcədə güclü, mətin və qürurlu olduğu getdikcə daha qabarıq görünəcək.
Tarixinin ən şərəfli dövrünü yaşayan qalib Azərbaycanın regionda yaratdığı yeni reallıqlar bu gün beynəlxalq birlik tərəfindən də təqdir edilir. Bunu şərtləndirən ən əsas amil qalib komandan kimi İlham Əliyevin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması yolunda atdığı addımlar, irəli sürdüyü təşəbbüslərdir. Qarabağ münaqişəsini "dəmir yumruq"la həll edən Azərbaycan Prezidenti indi dəmir iradə ilə postmüharibə dövründə regionda sülhün, barışın əldə olunmasını prioritet məsələ kimi müəyyənləşdirir. Müharibədən ötən iki ildə siyasi proseslərə, İlham Əliyevin çıxışlarına, irəli sürdüyü təkliflərə, apardığı danışıqlara nəzər yetirsək, birmənalı şəkildə buna şahidlik etmiş olarıq.
Gücün hüququ ilə ədalətin bərpası
Bu bir həqiqətdir ki, 44 günlük müharibədə Azərbaycanın qələbəsinin legitimliyi dünyanın əksər geosiyasi qütbləri tərəfindən qəbul edilib. Bununla yanaşı, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpası da beynəlxalq birlik tərəfindən tanınıb.
Artıq bu gün Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın apardığı misli görünməmiş quruculuq işləri isə haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsini şərtləndirib. Bu da istisnasız olaraq İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir.
Ancaq nəzərə alaq ki, bu gün Azərbaycana dəstək verən beynəlxalq təşkilatlar savaşdan öncə keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə biganə yanaşır, hətta dünyanın ən böyük siyasi təşkilatı olan BMT belə Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasının reallaşdırılması üçün cəhd etmirdi. Amma başqa problemli məsələlərlə bağlı BMT-nin çıxardığı qərarlar heç mürəkkəbi qurumamış icra olunurdu. Bu da Azərbaycana qarşı ikili standartların həyata keçirildiyinin bariz təcəssümü idi. İşğalçı Ermənistan da bu cəzasızlıq mühitindən necə lazımdırsa istifadə edir, təxribatlar törədib Azərbaycanı günahlandırır və bu azmış kimi işğal etdiyi torpaqlarımızda qanunsuz məskunlaşma siyasəti həyata keçirirdi. Bununla da mövcud status-kvonun saxlanması, münaqişənin uzanması, ən əsası, sülh yolu ilə həllinin qeyri-mümkünlüyü təsəvvürünü yaradırdı.
Ona görə də İkinci Qarabağ müharibəsində İlham Əliyev BMT TŞ-nin çıxardığı qərarı güc yolu ilə yerinə yetirdi. Qüdrətli sərkərdə hüququn gücü ilə deyil, gücün hüququndan yararlanaraq 27 il kağız üzərində qalan qətnamələrin icrasını reallığa çevirdi.
Ermənistan sülhü yox, təxribatı seçir
Müharibədən iki il vaxt keçir, lakin məğlub Ermənistan hələ də sülh sazişini imzalamaqdan dolayısı ilə imtina edir.
Onu da vurğulayaq ki, qalib komandan kimi İlham Əliyev sülh müqaviləsi üçün 5 prinsipi irəli sürüb. Yəni müqavilə bu prinsiplər əsasında hazırlanmalıdır. İlham Əliyevin təkliflərinin Ermənistan rəhbərliyi səviyyəsində də qəbul edildiyi bildirilib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə artıq 4 görüş keçirilib. Bu görüşlərin hər biri Azərbaycanın diplomatik qələbəsi ilə başa çatıb. Ermənistan sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirsə də, ardınca dövlət sərhədində təxribatlar törədərək aranı qarışdırıb. Buna misal olaraq, təkcə avqustun 3-də və sentyabrın 12-də baş verən toqquşmaları göstərmək olar. Təkcə bu iki təxribatın qarşısını alarkən Azərbaycanın 81 hərbi qulluqçusu şəhid olub, qarşı tərəf isə bundan dəfələrlə çox canlı qüvvə itirib.
Bu təxrtibatlarla Ermənistan bir daha regionda sülhün təmin olunmasının tərəfdarı olmadığını göstərir. Məğlub ölkə, əslində, yaxşı anlayır ki, dövlət kimi onun inkişafı, xalqının nicatı yalnız sülh müqaviləsindən keçir. Əgər bölgədə kommunikasiyaların bərpası, yeni nəqliyyat-tranzit imkanlarının yaranması, xüsusən də Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesi baş verərsə, bu ölkə qısa zamanda iqtisadiyyatını da dirçəldər, əhalsinin ağır sosial durumunu da həll edə bilər.
Amma görünən odur ki, Ermənistan dövlət kimi güclənmək, sosial problemlərini həll etmək əvəzinə özünü avantüralara xərcləyir. Artıq Qarabağ münaqişəsi bitib. Azərbaycan bütün istiqamətlər üzrə Ermənistandan güclüdür. İstənilən təxribata qarşı cavab əməliyyatı keçirilir və düşmən ağır itki verərək geri çəkilir. Azərbaycanın hərbi gücü getdikcə daha da qüdrətlənir, dövlət büdcəsində hərbi xərcləri artırılır və modern silah-sursat, hərbi texnika alaraq ordunun arsenalına daxil edilir. Bu da onu deməyə əsas verir ki, Ermənistanın Azərbaycanın qarşısına çıxara biləcəyi gücü yoxdur. Odur ki, Ermənistanın bu vəziyyətdən nəticə çıxarmasına çox böyük ehtiyacı var.
İlham Əliyev bunu dəfələrlə Ermənistan rəhbərliyinin, eləcə də bu ölkəınin havadarlarının diqqətinə çatdırıb. Laçın şəhərində bayrağımızı ucaldan Prezident çox açıq şəkildə bir daha hər kəsə mesajını ünvanladı. İlham Əliyev bir daha revanşist qüvvələrə səslənərək dedi ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir. Ancaq əgər düşmən təxribat törədərsə, layiqli cavabı veriləcək. Ona görə də Ermənistan yaxşı fikirləşməlidir. Azərbaycanla heç kim ultimatum dili ilə danışa bilməz. Rəsmi İrəvan heç kimə bel bağlamasın. Çünki Azərbaycanı heç kim və heç nə dayandıra bilməz.
Bütün bunlar bölgədə təhlükəsizliyin, sabitliyin təmin edilməsi üçün bütün imkanlarını səfərbər edən İlham Əliyevin sülh missiyasının yalnız uğur vəd etdiyini söyləməyə əsas verir. Ona görə də beynəlxalq birlik Azərbaycan Prezidentinin bu missiyasını birmənalı təqdir edir.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 29 sentyabr.- S.7.