Qətiyyətin ifadəsi

 

 

"Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır".

Bu fikirləri Vətən müharibəsinin başlanmasının ikinci ildönümündə Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrında ilk şəhid verdiyimiz yerdə - şəhidlərimizin şərəfinə Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında ucaldılan abidəni ziyarət edərək söylədi.

Müzəffər Ali Baş Komandan işğaldan ilk azad olunan ərazilərdən səslənərək bir daha qeyd etdi ki, Azərbaycan döyüş meydanında öz haqqını bərpa edib, düşməni məğlubiyyətə uğradıb və bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacaq.

 

 

 

Anım günündə Prezidentin Füzuliyə səfəri şəhidlərimizin ruhuna ehtiramın göstəricisidir

 

 

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında qeyd edib ki, Füzuli rayonu 44 günlük Vətən müharibəsində Zəfərin əldə olunmasında xüsusi töhfəsi olan rayonlardandır, çünki əks-hücum əməliyyatı da məhz burada başlayıb, bu baxımdan ilk şəhidlərimizi də Füzuli uğrunda gedən döyüşlərdə vermişik.

Deputat bildirir ki, Füzulinin Qaraxanbəyli kəndində ucaldılan abidə də məhz Azərbaycan dövlətinin, xalqının şəhidlərin ruhuna olan hörmətini bir daha nümayiş etdirir: "Anım günündə cənab Prezidentin abidəni ziyarət etməsi, onun önündə çıxış etməsi şəhidlərimizin ruhuna ehtiramın göstəricisidir. Füzuli rayonu, o cümlədən şəhəri yenidən qurulur, Prezident İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu rayona səfərləri füzulilərə olan yüksək diqqət kimi qiymətləndirilir".

Vüqar Bayramov deyir ki, Füzuli şəhərinin yenidən qurulması ilə bağlı işlər sürətlə həyata keçirilməkdədir. İkinci "ağıllı kənd"in Füzulinin Dövlətyarlı kəndində salınacağını xatırladan deputat  orada  təxminən 450 ailənin məskunlaşacağını söyləyib.

Deputat qeyd edir ki, Füzuli şəhərində məskunlaşmanın növbəti ilin payız aylarında həyata keçiriləcəyi gözlənilir. Bu gün infrastrukturu qurulan Füzuli rayonu  mərhələli şəkildə məskunlaşmaya hazırlaşır. Füzuli şəhərində yaşayış binalarının inşa edilməsi də məskunlaşma prosesinin daha qısa zamanda baş tutacağından xəbər verir. Prezident İlham Əliyevin və Mehriban Əliyevanın Füzuliyə səfərləri, rayonda gedən quruculuq, bərpa işləri ilə tanışlığı, bu istiqamətdə tövsiyə və tapşırıqları füzulililərin ata-baba yurdlarına daha tez  qayıtmasına imkan verəcək.

 

 

 

Prezident Azərbaycanın sülhə sadiq olduğunu bir daha bəyan etdi

 

 

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyir ki, Prezident İlham Əliyevin Vətən müharibəsində qələbəmizin ildönümü münasibətilə tədbirləri işğaldan azad olunmuş bölgələrdə keçirməsi ənənəyə çevrilib.

Deputat deyir ki, dövlət başçısının hətta Novruz bayramını da Şuşada qeyd etməsi böyük məna daşıyan, cəmiyyətin düşüncəsinə, duyğusuna çox müsbət təsir edən addımlardır: "Prezidentin Anım günü ilə bağlı işğaldan azad olunmuş əraziyə səfəri onun bu torpaqlara  necə böyük önəm verdiyini göstərdi. Dövlət başçısı Azərbaycanın qazandığı qələbəni daha böyük şövqlə xalqa çatdırır. Həm daxili, həm xarici siyasət üçün verdiyi anlamlı mesajlar insanlarda məsuliyyət duyğusunu formalaşdırır. İki il öncə bu ərazilər bizdə deyildi, amma iki ildə atdığımız addımlar, keçdiyimiz məsafə o qədər  möhtəşəmdir ki, bunu vətəndaşlarımız qiymətləndirməlidir".

Fazil Mustafa qeyd edir ki, ölkə Prezidenti Azərbaycanın sülhə sadiq olduğunu, bütövlükdə regionda aparıcı dövlətlərdən biri kimi sabitliyin tərəfində olduğunu ifadə etməklə, müəyyən qüvvələrin ölkəmizlə bağlı məkrli niyyətlərini ortadan qaldırması üçün də səmimi mövqe sərgiləyir: "Prezident Azərbaycanın istər hərbi qüdrətindən, istərsə də iqtisadi inkişafından bəhs edərək göstərdi ki, biz istənilən platformada, istənilən dildə bədxahlarımızla danışa bilərik. Dostluğunu qazandığımız ölkələrlə münasibətləri davam etdirəcəyik. Amma Ermənistanın dostluğa, normal yaşayışa münasibəti mənfi olduğundan hələ ki proseslər gecikir".

Fazil Mustafa düşünür ki, Prezidentin bu istiqamətdə açıqlamaları yeni situasiyanın yarandığını göstərir. Bu mesajlar Azərbaycanın mövqeyini dəqiq diqqətə çatdırır.

Bu gün, həqiqətən də, dünya Azərbaycanın iqtisadi gücünə bir daha şahidlik edir. İki il öncə "dəmir yumruq"la işğal altında olan torpaqları azad edən Azərbaycan hazırda həmin ərazilərdə misli görünməyən tikinti-quruculuq işlərini həyata keçirir. Prezidentin söylədiyi kimi, məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu yurdlarımıza yenidən həyat qaytarırıq.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 29 sentyabr.- S.7.