Ağdamlılar Anım gününü sonsuz ehtiramla qeyd etdilər

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım günü ilə əlaqədar Ağdamda tədbir keçirilmişdir.

Tədbirdə şəhid ailələri və qazilər, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Şəhidlər Abidə Kompleksində davam edən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirmişdir ki, 27 sentyabr 2020-ci ildə Ermənistanın cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşmənə öz layiqli cavabını verərək tarixi ədaləti bərpa etmişdir. 44 günlük şanlı Vətən müharibəsində xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, öz lideri ilə yenilməz həmrəylik nümayiş etdirmişdi. Məhz bu həmrəyliyin nəticəsində Ali Baş Komandanın rəhbərliyi altında  Azərbaycan tarixi Zəfərə imza atmışdır. Vətən müharibəsindən sonrakı dövr ərzində də Ermənistan tərəfi sülh danışıqlarını pozmaq məqsədilə hərbi təxribatlara əl atmış və ordumuz bu təxribatların qarşısını almaq məqsədilə "Qisas" və "Qətiyyətli cavab" əməliyyatları ilə düşmənə sarsıdıcı zərbələr endirmişdir. Ermənistanın revanşist qüvvələri unutmamalıdırlar ki, bu cür təxribatlar bir də təkrarlansa, onlara ordumuz tərəfindən daha ağır zərbələr vurulacaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, "dəmir yumruq" hələ də yerindədir! Azərbaycan qalib tərəf  kimi bölgədə, regionda dayanıqlı sülhün və əmin-amanlığın tərəfdarıdır. Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində ölkəmiz yeni-yeni uğurlara, qələbələrə imza atır.

Daha sonra çıxış edənlər şanli Vətən müharibəsi zamanı xalqımızın birliyindən, ordumuzun qüdrətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən söz açıblar.

Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Komleksində Birinci Qarabağ müharibəsi şəhidlərinin adına ucaldılan xatirə lövhəsinin önünə gül dəstələri düzərək onları yad etmiş, ruhlarına dualar oxumuş, Bayraq meydanında  şəhidlərin xatirəsinə ağaclar əkmişlər. Tədbir iştirakçıları Şəhidlər xiyabanını və rayonun digər kəndlərində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək gül dəstələri düzmüşlər. Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.               

 

Lazım QULİYEV,

Azərbaycan.-2022.- 29 sentyabr.- S.9.