Laçın tezliklə keçmiş
şöhrətini bərpa edəcək
"Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır".
Prezident İlham Əliyev sentyabrın 22-də Laçın şəhərinə səfər edərək burada Azərbaycanın üçrəngli bayrağını qürurla dalğalandırdı və bir daha dünyaya bəyan etdi ki, bu torpaqların əzəli sahibləri qayıdıblar.
Gəlmə erməniləri "yerli"
sakinlər kimi sırımağa cəhd
edirdilər
Tarixi torpaqlarımızı 30 il işğal altında saxlayan ermənilər, digər ərazilərimizdə olduğu kimi, Laçında da vandalizm əməllərinə əl ataraq rayonu xarabazarlığa çeviriblər, Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni irsi tamamilə məhv ediblər. Erməni vəhşiləri bu bölgəmizdə də ekoloji terror törədərək çayları, bulaqları qurudublar, ağacları kəsiblər, yanğınlar törədiblər, bir sözlə, bir həyat nişanəsinin belə qalmamasına çalışıblar.
Bununla belə, Laçın işğal olunduqdan sonrakı müddətdə ermənilər hərbi cinayət törədərək bəzi ərazilərdə - Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşdırma da aparmışdılar. Ermənistandan, eləcə də Yaxın Şərqdən ermənilər bu ərazilərimizə köçürülərək qanunsuz yerləşdirilmişdir. Bu məskunlaşmada xaricdəki erməni diasporu və müxtəlif ianələr toplayan fondlar da fəal rol oynamışdılar. Amma danılmaz reallıqdır ki, işğaldan öncə bu kəndlərin heç birində erməni əhali yaşamayıb.
Lakin riyakar ermənilər hər nə qədər buradakı gəlmə erməniləri "yerli" sakin kimi dünya ictimaiyyətinə sırımağa cəhd etsələr də, bu mənfur niyyətlərinin baş tutmayacağını da gün kimi aydın biliblər. Göz boyamaq üçün gəlmə ermənilərə bir neçə ev tikib versələr də, ümumilikdə digər işğal altında saxladıqları ərazilərimiz kimi, Laçının Zabux və Sus kəndlərini də talan ediblər, yaşayış evlərimizi söküblər, həmin kəndlərin ərazisində olan azərbaycanlılara aid abidələri tamamilə dağıdıblar.
Faşist xislətli ermənilərin Zabuxda özləri üçün inşa etdikləri evlərin əksəriyyəti azərbaycanlıların məzarlığı üzərində tikilib.
Xüsusilə vurğulayaq ki, bu ilin avqustunda Zabux və Susda qanunsuz məskunlaşdırılan ermənilər azərbaycanlılara məxsus yaşayış sahələrindən çıxarılanda da, mənfurlar 2020-ci ildə Kəlbəcərdə və Laçında nümayiş etdirdikləri vəhşi əməllərinə burada da əl atdılar. Evləri, meşələri yandırdılar, flora və faunaya ciddi zərər vurdular.
Dünya ictimaiyyəti ermənilərin hərbi cinayətlərinə
göz yumdu
O da faktdır ki, ötən illər ərzində işğalçılar bu qanunsuz əməllərini dünyanın gözü qarşısında reallaşdırsalar da, onlara heç zaman "gözün üstündə qaşın var" deyən olmadı, cinayətlərinə göz yumuldu.
Prezident İlham Əliyev Laçın şəhərində etdiyi çıxışı zamanı vurğuladı ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular: "Halbuki dəfələrlə bu mənzərəni görürdülər, dəfələrlə. Bax, bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır".
İkili standartlara, 30 il ərzində Azərbaycanın haqlı mövqeyinin dəstəklənməməsinə, danışıqların sülh yolu ilə həlli üçün heç bir real addım atılmamasına görə ölkəmiz milli mənafeyini özü təmin etməli oldu.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatından sonra Azərbaycan xalqı Vətən uğrunda savaşa atıldı. Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuz cəmi 44 gün ərzində düşməni əzici məğlubiyyətə uğradaraq kapitulyasiyaya imza atmağa məcbur etdi. O zaman həm də Azərbaycan Ermənistanı məcbur etdi ki, Ağdamdan, Kəlbəcərdən və Laçından döyüşsüz çıxsın. Müzəffər Komandan İlham Əliyevin mükəmməl hərbi taktikası sayəsində əldə edilən bu nailiyyət düşmənin mina tarlasına çevirdiyi Ağdamın, həmçinin çətin coğrafi relyef və iqlimə malik Kəlbəcərin və Laçının heç bir itki vermədən azadlığa qovuşdurulması kimi böyük müvəffəqiyyət idi.
Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu Laçın şəhərinin ortasından keçdiyi üçün o vaxt Laçın şəhəri nəzarətimizə götürülməmişdi. Ancaq üçtərəfli Bəyanatda da nəzərdə tutulduğu kimi, Azərbaycan hətta deyildiyi vaxtdan da az bir müddətə sözügedən yola alternativ yol çəkdi və bundan sonra, 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə təntənəli şəkildə daxil oldu.
İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini
bərpa edək
Şanlı Vətən savaşımız bitdikdən dərhal sonra Azərbaycan dövləti tərəfindən vandal düşmənin vəhşicəsinə dağıtdığı yurdlarımız sürətlə dirçəldilir, onlara yeni nəfəs verilir. Yollar çəkilir, tunellər inşa olunur, hava limanları tikilir, hərtərəfli infrastruktur qurulur, qədim şəhərlərimiz yenidən dirçəldilir, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası həyata keçirilir, tarixi, mədəni, dini abidələrimiz bərpa olunur.
Bir sözlə, hər ötən an dədə-baba yurdundan didərgin düşən yüz minlərlə keçmiş məcburi köçkünü Böyük qayıdışa, Qarabağa və Şərqi Zəngəzura daha da yaxınlaşdırır. Artıq Zəngilanın "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulmuş Ağalı kəndinin timsalında Böyük qayıdışın ilk uğurlu addımları atılıb və ağalılı sakinlər öz doğma yurdlarına qovuşublar.
Laçında da sürətli tikinti-quruculuq işləri gedir və tezliklə bu yerlərin də sakinlərinin öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilir. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçında yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır, beynəlxalq hava limanı tikilir.
Dövlət başçısı Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında sərəncam da imzalayıb. Bu məqsədlə 2022-ci il dövlət büdcəsindən ilkin olaraq 800 min manat ayrılıb.
"İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək" deyə çıxışında vurğulayan Prezident İlham Əliyev məlumat verdi ki, artıq buna hazırlıq işləri görülür: "Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik".
Bəli, Azərbaycan xalqı əzmi, gücü, qətiyyəti sayəsində cəmi 44 günə işğal altında qalan tarixi torpaqlarını azad etdiyi kimi, indi də eyni qüdrəti nümayiş etdirərək, həmin yurdlara yenidən həyatı qaytarır.
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2022.- 23 sentyabr.- S.5.