Demoqrafik göstəricilərimiz
də müsbətdir
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlindən ölkə əhalisinin sayı 35 min 243 nəfər artaraq avqust ayının 1-i vəziyyətinə 10 milyon 191 min 609 nəfərə çatıb. Xatırladaq ki, 10 milyonuncu vətəndaşımız 2019-cu il aprelin 6-da anadan olub və bu hadisə ölkəmizdə dövlət səviyyəsində bayram kimi qeyd edilib.
Hazırda əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib. Kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək qalıb.
Azərbaycanda əhalinin sayı, əsasən, təbii artımla və nisbətən miqrasiya yolu ilə çoxalır. Təbii artım yeni doğulanların sayının dünyasını dəyişənlərin sayını üstələməsi ilə yaranır. Hazırda ölkəmizdə anadan olan uşaqların sayı həyatdan köçən insanların sayından iki dəfəyə qədər çoxdur. Odur ki, təbii artım göstəricisi də yüksəkdir. Məsələn, keçən ilin eyni dövrünə nisbətən hər 1000 nəfərə hesabı ilə 3,8-dən 5,8-ə çatıb. Başqa sözlə, təbii artım 12 min 293 nəfər təşkil edib.
Yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 71 min 491 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə onların sayı 7 min 342 nəfər çox olub. Əhalinin hər 1000 nəfərinə doğumun səviyyəsi 11-dən 12,2-yə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1984, üçəmlərin sayı 96 olub. Yəni 992 ailə eyni zamanda iki, 32 ailə isə üç övlad sahibi olması ilə sevinib.
"Dünya gəlimli-gedimlidir" deyiblər. Ölkədə yanvar-iyul ayları ərzində 37 min 183 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə ölüm səviyyəsi azalaraq 7,2-dən 6,4-ə düşüb. Ölümün azalması isə təbii artıma bilavasitə təsir edən səbəbdir. Belə ki, doğumun artması kimi ölümün azalması da təbii artımın şərtidir.
Prezident İlham Əliyev "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyir. Bu sözlərin arxasında Azərbaycan xalqının gündən-günə yüksələn rifah halını, dövlətin öz vətəndaşına sonsuz qayğısını ifadə edən böyük bir həqiqət dayanır. Bu həqiqəti bir çox faktlar təsdiqləyir ki, onlardan biri də məhz ölüm hallarının azalmasıdır. Ötən müəyyən dövr ərzində koronavirus pandemiyası və erməni cəlladlarının cinayətləri nəticəsində yarımçıq qırılan ömürləri istisna etməklə, son illərdə ölkədə, ümumiyyətlə, ölümün səviyyəsi aşağı düşür, yaxud sabit qalır. Bunun səbəblərindən biri, əlbəttə ki, insanın gün-güzəranının yaxşılaşmasıdır. Bu mənada əhalinin gəlirlərinin çoxalması, əməkhaqqının getdikcə yüksəlməsi, pensiya və müavinətlərin artması böyük rol oynayır.
Azərbaycan vətəndaşının sağlamlığının qorunması dövlətin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biridir. Təsadüfi deyil ki, son illər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, müayinələrin sayı artıb, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan vəsaitin məbləği ilbəil artır. Ölkədə yeni müasir müalicə ocaqları inşa edilib və əvvəlkilər yenidən qurulub, tibbi sığorta tətbiq olunub.
Ölüm hallarının azalmasına, əlbəttə ki, ölkədə qida məhsullarının keyfiyyətinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşması, insanlar üçün yaradılan rahat məişət şəraiti və s. amillər də təsir göstərir.
Dünyada analoqu olmayan faktdır ki, ölkə Prezidenti hər bir vətəndaşın səhhətinin, sağlamlığının qeydinə qalır. Koronavirusun tüğyan etdiyi dövrdə dövlət başçısının dediyi sözləri xatırlamaq kifayətdir: "Pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır".
Bütün deyilənlərlə yanaşı, insanı yaşadan digər amillər də var. Bunlar xalqımızın milli-mənəvi dəyərləridir. Çətin gündə bir yerdə olmaq, bir-birinin dərdinə şərik çıxmaq, xoş hadisələr baş verəndə sevinci bölüşmək, yaşa dolmuş valideynlərə övladların qayğısı ömrü uzadan amillər sırasındadır.
Nəhayət, boşanmalar haqqında. Onların sayı azalıb! İlin ilk 7 ayında 35 min 646 nikah (keçən ilin eyni dövründə 30 min 289) və 8 min 862 boşanma halı (keçən ilin eyni dövründə 9 min 682) qeydə alınıb. Beləliklə, nikahların sayı hər 1000 nəfərə 5,2-dən 6,1 qədər artıb. Boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə enib. Təki həmişə belə ola. Çünki bu, dünyaya nümunə olan Azərbaycan ailəsi modelinin öz yüksəkliyində qalması, milli-mənəvi dəyərlərimizin, ailə ənənələrimizin yaşaması deməkdir.
Flora SADIQLI,
Azərbaycan.-2022.- 29 sentyabr.- S.10.