"İlham Əliyev bizə tarixin ən acı məğlubiyyətlərini
yaşadır"
Azərbaycan Prezidentinin
Laçından verdiyi bəyanatlar ermənilərdə
təşvişi daha da
artırıb
Ermənistanı qorxuya salan növbəti məqam Prezident İlham Əliyevin Şərqi Zəngəzura növbəti səfəri, Laçın şəhərində Azərbaycan bayrağını ucaltması olub. Bu, Ermənistanda təşvişi daha da artırıb. Azərbaycan Prezidentinin bəyanatlarından sonra açıq şəkildə qeyd olunur ki, Nikol Paşinyanın cəfəng söyləmələri, rəsmi İrəvanın uydurduğu yalanlar daha erməni xalqı tərəfindən qəbul olunmur.
İlham Əliyevin Laçına budəfəki səfərindən sonra sosial şəbəkələrdə paylaşılan statuslardan və verilən şərhlərdən belə qənaətə gəlmək olar ki, artıq ermənilər həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə yenildiyinin gerçəkliyini anlamağa başlayıblar.
"Ermənistan Əliyev qarşısında daim məğlubdur"
Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bir neçəsini diqqətinizə çatdırırıq. Siyasi ekspert Manvel Levonyan feysbuk sosial şəbəkəsində maraqlı paylaşımı ilə dəqqət çəkib:
"İlham Əliyevin Laçına səfərini, verdiyi mesajları internetdən izlədim. Bir daha əmin oldum ki, biz biabırcasına uduzmuşuq. Əgər erməni olmasaydım, Əliyevin hər dediyinə inanardım. O, həmişə olduğu kimi, bu dəfə də Laçından verdiyi mesajlara yaxşı hazırlaşmışdı, jestlərinin dili savadlı seçilmişdi. Müharibədən sonra diplomatiya sahəsində də o, bizə yenə əks-zərbələr vurdu. Əliyev növbəti dəfə Laçından bəyan etdi ki, Qarabağ Azərbaycandır. Bizim rəhbərlik isə bu sahədə lazımi səriştəyə malik deyil və yarımçıq cavabları ilə özlərini gülməli vəziyyətə salırlar. Amma reallıq budur: qələbə artıq Əliyevin tərəfindədir".
İlham Əliyevin Laçındakı çıxışını izləyən, profilinə baxdıqda isə restoran sahibi olduğu nəzərə çarpan Qaqik Ovasanyan feysbuk səhifəsində yazır ki, səsləndirilən düz fikirlər niyə bəzilərini narahat edir: "Biz yalan danışmırıq. Öz vətəndaş mövqeyimizi nümayiş etdiririk. Çəkinmədən fikrimi bildirirəm. İstəyirlər gəlib məni aparsınlar. Restoranımı Yerevanda (İrəvan - red.) tanımayan yoxdur. Ermənistan Əliyev qarşısında daim məğlubdur. İlham Əliyev Laçında bizim rəhbərlərimiz barədə kifayət qədər sərt tonda danışır və açıq şəkildə bildirir ki, bir daha müharibə başlayarsa, Ermənistanın sonu olacaq. Amma məğlub Paşinyan indiyə qədər buna qarşı hansısa tutarlı cavab verə bilməyib. Nə günlərə qaldıq. İlham Əliyev bizə tarixin ən acı məğlubiyyətlərini yaşadır". (Məyus işarəsi)
"İlham Əliyevin
Laçına qayıdışı yuxularımızı
qaçırdıb"
İnstaqram sosial şəbəkəsində Henrix Qaparyan adlı bir nəfər beş yüz minlik bəyənməsi olan səhifədə Azərbaycan Prezidentinin Laçında etdiyi çıxışın yer aldığı xəbərə rəy bildirib: "Fikir verdinizsə, Laçında İlham Əliyev əlində dağıdılan binaların şəkilləri ilə küçələri bir-bir gəzirdi. Yenə çox açıq mesajlar ünvanladı. Çox qorxulu bir vəziyyətdir. Paşinyan ancaq evdə lovğalanır, hakimiyyətini qorumaq üçün daxili etirazları yatırtmaqla məşğuldur. Əliyev sonuncu döyüşlərdə Paşinyanın burnunu ovub geri göndərdi. Bu günkü Ermənistan ağlar durumdadır". (Qəzəb işarəsi)
Araik Poqosyan adlı feysbuk istifadəçisi isə məkan olaraq Laçın şəhərini qeyd edərək vahimə dolu status paylaşıb: "Nə vaxta qədər belə davam edəcək? İlham Əliyevin Laçına qayıdışı yuxularımızı qaçırdıb. Müharibədə Azərbaycana uduzduğumuzu görmüşdük, indi isə daha betər günlərə düşmüşük. 15 ildən artıq yaşadığımız Laçını tərk etdik. Belə qorxu nəyə lazımdır? Hazırda Sünikdəyik (Zəngəzur - red.). Atam dedi ki, hazırlaşın gələn ay Yerevana (İrəvan - red.), əmimgilə köçəcəyik".
"Laçında bayrağını ucaltdı,
sırada Xankəndidir"
Tevos Petrosyan adlı feysbuk istifadəçisi paylaşdığı statusda bildirib ki, xalqın yalançı Paşinyana inamı artıq tamam tükənib: "Atam ehtiyatda olan hərbi zabitdir. Qeyd edir ki, İlham Əliyev Laçında da bayrağını ucaltdı, sırada Stepanakertdir (Xankəndi - red.). Həmin bölgəyə çağırıblar, gizlənib getmir. Deyir ki, Paşinyan Ermənistan üçün nə edib? Niyə səs-küy salmısınız? Torpağın sahibləri geri qayıdıb".
Karapet Alanyan adlı tarix müəllimi "Odnoklassniki" sosial şəbəkəsində
İlham Əliyevin Laçından verdiyi bəyanatla bağlı sosial şəbəkədə paylaşımının əks olunduğu xəbərə münasibət bildirib: "Görəsən, bizim nə vaxt normal bir rəhbərimiz olacaq? İlham Əliyev indiyəcən sülhdən danışa-danışa Qarabağı bizdən geri aldı. İndi isə Laçındadı. Bu gedişlə İlham Əliyevin İrəvanda qarşısına çıxacaq bir adam tapılmayacaq".
Ermənistanın xəbər agentliklərinin sosial media səhifələrində "Dostlar, İlham Əliyevin Laçına səfərindəki çıxışlarından nə nəticə çıxardınız?" sualına çoxlu sayda münasibət bildirilib. Arsin Tevosyanın şərhi çoxlu bəyənmələrlə yadda qalıb. İxtisasca memar olduğunu qeyd edən Arsin yazır: "Dostlar, bilmirəm fikir verdiniz ya yox, ümumiyyətlə, İlham Əliyev çıxışlarında bizimkilərə meydan oxuyur. Hər dəfə rəhbərlərimizi hərbi cani adlandırır. Bu dəfə də dövlətimizi, ordumuzu biabır etdi. Paşinyanın onun cavabını verməyə cürəti çatmır. Çünki qorxaqdır. Ancaq gücü ölkəmizdəki kasıb insanlara çatır. Mənim bu şərhimə qeyri-etik ifadələr işlədənləri, Paşinyana, Sarkisyana yaltaqlananları blok edəcəyəm, şikayət edəcəyəm. Xəbəriniz olsun!"
Arsinin şərhinə fikir bildirən Samvel Ohanyanın "Səninlə tamamilə razıyam. Əliyev bizim rəhbərlərin ünvanına çıxışlarında sərt sözlər deyir. Məni qınasalar da, söysələr də, bunu açıq şəkildə çəkinmədən yazacağam: İlham Əliyev Paşinyanı yenə də yerə vurdu, sonra da təpiklədi" rəyi bir çoxunda qıcıq yaratsa da, əksəriyyətinin bəyənmələrinə səbəb olub.
"Heyif, hər il
yay aylarında İrəvandan
Laçına istirahətə gedirdik"
Manvel Levonyan adlı istifadəçi "Telegram" kanallarından birində Azərbaycan Prezidentinin Laçından paylaşılan videolarına yazdığı rəylə diqqət çəkib: "Ermənistan dağılır, Azərbaycan qarşısında hər gün daha çox məğlub duruma düşür, bəs bizim media orqanları niyə susur?
İlham Əliyevin Laçına səfəri, verdiyi mesajlar bir erməni kimi məni çox üzdü. Heyf, hər il yay aylarında Yerevandan (İrəvan - red.) Laçına istirahətə gedirdik. Təriflədiyiniz Paşinyan buna nə cavab verəcək? Heç nə! Öz kefindədir".
Barat Stepanyan adlı istifadəçinin tviterdə paylaşımı isə daha çox "retweet" olunub: "İlham Əliyev Laçında yenidənqurmaya başladı, əlində tikiləsi binaların layihələri ilə küçələri gəzir, Ermənistana sərt mesajlar verir. Bizim baş nazir isə susur. Əliyevə tutarlı cavab verə bilmir və yəqin ki, bundan sonra da bilməyəcək".
Bu statuslara və şərhlərə daha çoxunu əlavə etmək olar. Bu faktdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Laçına sonuncu səfərindən, orada səsləndirdiyi fikirlərdən şok yaşayan ermənilər sosial şəbəkələrdə Paşinyandan hesab sorurlar.
Elçin CƏFƏROV
Azərbaycan.-
2022.- 23 sentyabr.- S.8.