"Shusha Chess-2022" - Şəhriyar Məmmədyarov və Nana Dzaqnidze liderdirlər

 

Mədəniyyət paytaxtımız Şuşada görkəmli şair və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan "Shusha Chess-2022" Beynəlxalq Şahmat  Turniri davam edir. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə kişilər və qadınlar arasında rapidblits üzrə keçirilən yarışda 9 ölkədən 20 tanınmış qrosmeyster təmsil olunur.

Respublika Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov beynəlxalq şahmat turnirinin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib ki, müstəqil Azərbaycan tarixində ilk dəfədir Şuşada şahmat üzrə beynəlxalq turnir keçirilir. Millimizin üzvləri və dünyanın məşhur şahmatçıları "Shusha Chess-2022"də iştirak edirlər: "Yarışın bir sıra görkəmli qonaqları da var. Turnirin ənənəvi olması üçün əlimizdən gələni edəcəyik".

Şuşada şahmat turnirində qonaq olan Türkiyə Şahmat Federasiyasının prezidenti Gülkız Tulay da "Shusha Chess-2022"nin açılış mərasimindən sonra jurnalistlərə açıqlama verib. O, yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirərək, buna görə Azərbaycan şahmat ailəsinə təşəkkür edib. O, həm də qeyd edib ki, yarışda Türkiyədən iki şahmatçı mübarizə aparır.

G.Tulayın sözlərinə görə, Şuşada olmaq çox gözəldir: "Turnir məhz burada keçirildiyi üçün, işlərimin çoxluğuna baxmayaraq, dəvəti qəbul etdim. Öz torpaqlarımızı görmək, dəyərlərimizi hiss etmək mənim üçün çox qiymətlidir. Bu səbəbdən təşkilatçılara minnətdarlığımı bildirirəm".

Federasiya prezidenti Şuşadakı ilk beynəlxalq şahmat turnirində nəticənin önəm daşımadığını söyləyib: "Burada dünyanın ən yaxşı şahmatçıları çıxış edirlər. Mənə görə ən önəmlisi bu cür idmançıları Şuşada bir araya gətirməkdir. Öz evimə gəlmişəm. Şuşada olmaqdan məmnunam".

Qeyd edək ki, püşkatmadan sonra yarışlara start verilib. Birinci turda kişilərin turnirində  azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli qələbə qazanıblar, Teymur Rəcəbov iranlı Parham Maqsudlu, Rauf Məmmədov isə FİDE dünya çempionu  Rüstəm Kasımcanovla (Özbəkistan) görüşlərini heç-heçə başa vurublar. Qadınların yarışında türkiyəli Kübra Öztürk Güvənli və gürcüstanlı Nana Dzaqnidze qələbə ilə başlayıblar. Ülviyyə Fətəliyeva - Gülnar Məmmədova və  Gövhər Beydullayeva - Xanım Balacayeva görüşlərində qalib müəyyənləşməyıb.

Dünən rapid üzrə yarışlarda daha 4 tur keçirilib. 5 turdan sonra kişilərin turnirində Şəhriyar Məmmədyarov 10 xalla liderlik edir. İkinci yeri hindistanlı Santoş Vidit (9 xal), üçüncü yeri isə Parham Maqsudlu (6 xal) tuturlar.

Qadınların yarışında 5 turdan sonra Nana Dzaqnidze 9 xalla liderliyi ələ alıb. 2-4-cü yerlərdə  hərəyə 6 xal toplayan Marsel Efroimski (İsrail), polşalı Yolanta Zavadska Kübra Öztürk Güvənli qərarlaşıblar.

Bu gün daha 4 tur keçiriləcək rapid üzrə yarışlara yekun vurulacaq. Sentyabrın

24-də isə blits üzrə yarışlar keçiriləcək.

 

Rizvan CƏFƏROV,

 

Azərbaycan.- 2022.- 23 sentyabr.- S.8.