Dövlət Sərhəd Xidmətinin
Akademiyasında “Dəmir yumruq” abidə kompleksinin açılışı olub
Sentyabrın
27-də Dövlət Sərhəd Xidmətində (DSX)
müqəddəs torpaqlarımızın düşmən
tapdağından azad olunması uğrunda Vətən
müharibəsində qəhrəmancasına
döyüşmüş, üçrəngli Zəfər
bayrağımızı azad edilən torpaqlarda
dalğalandırmış, ölkəmizin ərazi
bütövlüyü yolunda canlarını fəda etmiş əsgər
və zabitlərimizə, bütün şəhidlərimizə
əbədi ehtiramın ifadəsi olan Anım
Gününün ikinci ildönümü münasibətilə
tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Vətən müharibəsində xalqımızın yenilməzliyini, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətini, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qüdrətini, Zəfərimizi və şəhidlərimizin əziz xatirəsini tərənnüm edən “Dəmir yumruq” abidə kompleksinin açılışını edib.
Sonra tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların əziz xatirəsi hərbi orkestr tərəfindən “Təzim” marşının ifası ilə bir dəqiqəlik sükutla anılıb.
General-polkovnik Elçin Quliyev tədbirdə tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq Qələbəsi ilə başa çatdığını, tarixi Zəfərimizin təmin edildiyini vurğulayıb.
Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət göstərmələri qeyd edilib.
Torpaqlarımızın azad edilməsi uğrunda apardığımız haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən DSX-nin heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbçilərin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman qürur və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasının daima uca tutulacağı vurğulanıb.
DSX-nin bütün hərbi hissə və bölmələrində Anım Gününün ikinci ildönümü ilə əlaqədar tədbirlərin keçirildiyi qeyd edilib, həmçinin şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğu bildirilib.
Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin bu gündə səngərdə və sərhəddə böyük əzmlə xidmət apardıqları, ərazi bütövlüyü bərpa edilmiş ölkəmizin bütün hüdudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunduğu, milli maraqlarımızın ən yüksək səviyyədə müdafiə edildiyi ifadə olunub.
Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidməti Akademiyasının vətəninə, xalqına və dövlətinə sadiq peşəkar sərhədçi zabitlərin yetişdirilməsində əhəmiyyətli rolu qeyd edilib.
Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu müqəddəs savaşda DSX-nin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin göstərdikləri igidlik nümunələri vurğulanıb, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması xüsusi olaraq bildirilib.
Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə dövlət sərhədlərimizin mühafizəsinə DSX-nin Akademiyasının məzunu olan sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqlarımızın təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.
Anım
mərasiminin sonunda Dövlət Sərhəd Xidmətinin
şəxsi heyəti Vətən müharibəsinə həsr
olunmuş “Dövlət xətti” sənədli filmini izləyib.
Azərbaycan.-2022.- 29 sentyabr.- S.12.