Çırağımız Laçında əbədi
yanacaq
21 sentyabr Azərbaycan tarixinə həkk edilən unudulmaz günlərdən biridir. Prezident İlham Əliyevin Laçın səfərində xalqımıza ucalıq, şərəf, rəşadət və mərdanə bir döyüşkənlik gətirən əzəmətli səhnənin - Azərbaycan bayrağının göylərə ucalmasının şahidi olduq.
Artıq iki ilə yaxındır ki, işğaldan azad edilmiş ərazilərdə Ali Baş Komandan bayrağımızı böyük qürur və ləyaqət hissi ilə özü ucaldır. Bunun mənası o deməkdir ki, bir qarış torpaq belə işğal altında qalmayacaq, bayrağımız sülhün, azadlığımızın və qələbəmizin rəmzi kimi azad edilmiş bütün torpaqlarımızın səmalarında dalğalanacaq.
44 günlük Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində bayrağımız Laçın şəhərində yüksəldildi. Bu bayraq qələbəmizin səmalarda sayrışan işartıları və sülhün rəmzi kimi bərq vurur.
Hər göyə yüksələn bayrağın arxasında öyünməyə imkan verən bir keçmiş, Azərbaycan əsgərinin düşməni çökdürən döyüşləri dayanır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə bayraqlarımız sıralandıqca böyük quruculuq və bərpa işlərinə start verilir. Şuşada, Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda və digər rayonlarımızda ümumi dəyəri milyardlarla ölçülən böyük quruculuq işləri aparılır. Bu müqəddəs işə həm də bizə dost və qardaş ölkələrin məşhur şirkətləri öz töhfələrini verir.
Sentyabrın 21-də Laçında dövlət başçısı "Laçın" Qovşaq Yarımstansiyasının təməlinı qoydu, xeyir-duasını verdi. Qeyd edək ki, 110/35/10 kV-luq bu qovşaq yarımstansiyası "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa ediləcək. Yarımstansiyanın rayon mərkəzində tikilməsi həm Laçın şəhərini, həm də yaxın ətrafdakı kəndləri fasiləsiz elektrik enerjisi ilə təmin etməyə imkan yaradacaq. Şəhərin cənub girişində inşa olunacaq bu yarımstansiya Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq, Laçın rayonunun fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində aparıcı rol oynacaq. Onu da xatırladaq ki, bu rəqəmsal yarımstansiyanın layihəsinin Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması onun xarici görünüşünün yeni Laçının digər binaları ilə vəhdət təşkil edəcəyindən xəbər verir.
Ümumi gücü 80 meqavatamper olacaq yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Tədbirdə dövlət başçısına məlumat verildi ki, Füzulidəki "Şükürbəyli" yarımstansiyasından çıxaraq "Cəbrayıl", "Zəngilan", "Qubadlı" yarımstansiyalarına, oradan isə "Güləbird" Su-Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, "Daşkəsən" yarımstansiyasından "Kəlbəcər" və "Qorçu" yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin "Şükürbəyli" yarımstansiyasından "Füzuli" və "Şuşa" yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt "Laçın" şəhər yarımstansiyası ilə əlaqələndiriləcək.
Beləliklə, Laçında ucaldılan bayraq yalnız müqəddəs qələbəmizin rəmzi kimi yox, həm də böyük işlərə verilən dəstək, dayaq kimi qiymətləndirilməlidir. Bu gün adını çəkmək belə istəmədiyimiz bədnam qonşu dövlətdə çevrilişlərə, xaosa, qarşıdurmalara cəhdlərin sayı-hesabı yoxdur. Biz xalq kimi inamla aydın məqsədlərimizə doğru Azərbaycan Prezidentinin rəhbərliyi altında addımladıqca, rəzil qonşularımız bir o qədər sürətlə mənasız düşmənçiliklərinin bataqlıqlarına yuvarlanırlar. Bunlar həm bizimlə, həm də bir-birlərilə vəhşi düşmənçilikdə ölümə getdiklərini belə anlamaq imkanında deyillər. Biz 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq işlərinə rəvac vermişik. Yaxın zamanlarda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bu da ona imkan verəcək ki, işğaldan azad olunmuş ərazilərdə hətta yüksəkgərginlikli xətlərdən birində qəza baş versə belə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə gərginliyin verilməsi bərpa edilsin. Yəni enerji təchizatı sistemində istənilən nasazlıq işıq sürəti ilə bərpa olunsun. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerji təchizatında qəzaya görə və ya başqa səbəbdən fasilələrə yol verilməyəcək.
Azərbaycanda elektrik enerjisi xətləri, yarımstansiyalar və onların arasında yaradılan əlaqə dünyanın müasir sistemləri əsasında qurulur. Strateji əhəmiyyətə malik Laçın yarımstansiyasında da müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu yaradılacaq, yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq. Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə bütün vacib addımlar atılacaq.
Aydın görünən odur ki, düşmən başını itirdikcə, havadar axtarışında dünyanı ələk-vələk etdikcə biz erməni faşistlərinin qoyduqları xarabalıqları cənnətə döndəririk. Dövlət başçısı Azərbaycan bayrağını Laçında qaldırdıqdan sonra çıxışında çox vacib məqamlara toxundu: "Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qürur hissi keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçrəngli bayrağımız dalğalanır".
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2022.- 24 sentyabr.- S.1; 4.