Heydər Əliyev Mərkəzində
“Dünya xəzinələri - Azərbaycan”
filminin təqdimatı olub
Sentyabrın 29-da Azərbaycanın qədim və zəngin tarixini, mədəniyyətini təbliğ edən yeni layihə ictimaiyyətə təqdim edilib.
Heydər Əliyev Fondu və bp şirkətinin birgə tərəfdaşlığı ilə hazırlanan “Dünya xəzinələri – Azərbaycan” (“Treasures of the World – Azerbaijan”) filminin Heydər Əliyev Mərkəzində premyerası olub.
AZƏRTAC xəbər verir ki, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva filmin premyerasını izləyib.
Bakı,
Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz
tarixini, mədəni xəzinələrini təqdim edən
film Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq
miqyasda təbliğinə yönəlib.
Təqdimat mərasimində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ekran əsərinin çox sayda insanın dəstəyi ilə ərsəyə gəldiyini deyib. Qəri Counz Azərbaycanın mədəni irsinin bu cür tədqiq olunması və dünya ictimaiyyətinə mükəmməl şəkildə təqdim edilməsində əməyi olan şəxslərə minnətdarlığını bildirib. “Azərbaycandakı fəaliyyətimizin 30-cu ildönümündə Azərbaycanın beynəlxalq miqyasda təbliğinə yönələn bu böyük töhfəni verə bilməyimizdən qürur və şərəf duyuruq. Ümid edirik ki, Azərbaycanı dünyanın mədəniyyət xəzinəsinin bir incisi kimi təqdim edən filmdən milyonlarla insan böyük zövq alacaq”.
Qəri Counz, həmçinin vurğulayıb ki, bu film bp üçün Azərbaycanın qonaqpərvərliyinin dünyaya nümayiş etdirmək baxımından gözəl fürsətdir. Heydər Əliyev Fonduna minnətdarlığını bildirən Q.Counz bp və Fondun birgə bir sıra sosial layihələr ərsəyə gətirdiyini deyib. O, Arzu Əliyevaya və Bakı Media Mərkəzinə filmin ərsəyə gəlməsindəki yüksək texniki dəstəyə görə təşəkkürünü bildirib.
Premyeradan öncə filmin müəllifi, tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı professor Bettani Hyuz da çıxış edib.
“Burada sizinlə
olmaq çox xoşdur. Heydər Əliyev Fondu bizi inanılmaz dərəcədə dəstəklədi”,
- deyən professor Bettani
Hyuz Azərbaycan kimi gözəl diyar haqqında film paylaşmağın gözəl
bir iş olduğunu vurğulayıb.
İlk dəfə
Azərbaycana tarixçi
kimi gəldiyini deyən Bettani Hyuz dünyada ən qədim rəvayətlərin hamısının
Cənubi Qafqaza gətirib çıxardığını
söyləyib.
“Azərbaycan xalqı
qonaqpərvərdir. Azərbaycan qonaqpərvərliyin
əsl diyarıdır.
Azərbaycanın təbiəti və
mədəniyyəti çox
zəngindir. Budur
insan və təbiət dünyasının
möcüzələri: gözəllik,
sülh və qonaqpərvərlik”, - deyə
Bettani Hyuz fikrini yekunlaşdırıb.
Qeyd edək ki, professor
Bettani Hyuz Azərbaycanın tarixini və mədəniyyətini
araşdırmaq və
geniş auditoriyanın
marağına səbəb
olan filmlərindən
birini ölkəmizin möcüzəvi mədəniyyət
xəzinəsinə həsr
etmək üçün
2022-ci ilin iyun ayında Azərbaycana səfər etmiş və çəkilişlər
aparmışdı.
Sonra ekran əsəri nümayiş
etdirilib.
Film boyunca Bettani Hyuz Azərbaycanın möhtəşəm təbiətini, mədəniyyətini heyranlıqla təqdim edir: yerin altından çıxan qazın alovlarından tutmuş on min illərlə yaşı olan qədim qayaüstü rəsmlərədək. Onun fikrincə, əfsanəvi İpək yolunun möcüzələri bu diyarın təkcə ticarət deyil, həm də fikir mübadiləsinin aparıldığı yer olmasındadır. Qafqazın unikal mədəni irsini burada kəşf etmək mümkündür.
Qeyd edək ki, tamaşaçılar filmdə Şuşanın gözəlliyinin əks olunduğu kadrları alqışlarla qarşıladılar. Müəllif bir tərəfdən Xurşidbanu Natəvanın humanist motivli poeziyasına diqqət çəkir, digər tərəfdən Vaqifin muzey-məqbərə kompleksinin gözəlliyindən, onun inşa edilməsi tarixindən söz açır, eləcə də şairin poeziyasına toxunur. Cıdır düzünü əks etdirən kadrlar isə Qarabağ atları, çövkən oyunu haqqında maraqlı məlumatlarla müşayiət olunur.
Azərbaycanın özəlliklərindən heyranlıqla danışan müəllif filmin sonunda “Azərbaycanın dünyada misli-bərabəri yoxdur” qənaətinə gəlir.
Qeyd edək ki, film artıq BBC telekanalı vasitəsilə “İpək yolu” və “Odlar Yurdu” adlanan iki hissədə beynəlxalq ictimaiyyətə çatdırılıb. “İpək yolu” adlanan hissənin çəkilişləri Qobustan və Şəkini, “Odlar Yurdu”nun çəkilişləri isə Bakı və Şuşanı əhatə edib.
Film Böyük Britaniyanın “Sandstone Global Productions” şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.
Heydər
Əliyev Fondu və bp Azərbaycan auditoriyası
üçün filmin Azərbaycan və ingilis dillərində
60 dəqiqəlik tam versiyasını da hazırlayıb.
Filmin yerli telekanallarda yayımı nəzərdə tutulur.
Azərbaycan.-2022.- 30 sentyabr.- S.7.