Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun iştirakçıları Şuşaya səfər ediblər

 

Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun iştirakçıları sentyabrın 29-da Qarabağın incisi, tariximizin və mədəniyyətimizin simvolu olan Şuşa şəhərini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, qonaqların Azərbaycan mədəniyyətinin paytaxtı ilə tanışlığı ölkəmizin tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanından başlayıb.

Onlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Diqqətə çatdırılıb ki, 270 yaşlı mədəniyyət paytaxtı olan Şuşa şəhəri hər zaman muğam-sənət beşiyi kimi tanınıb. Sənətkarlığın və incəsənətin müxtəlif sahələrinin inkişafı nəinki Azərbaycanın Qarabağ bölgəsinin, bütövlükdə ölkəmizin tərəqqisində mühüm rol oynayıb. Şuşa Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş görkəmli şəxsiyyətlərin diyarıdır.

Qonaqlara Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, BülbülÜzeyir Hacıbəylinin güllələnmiş heykəlləri barədə də məlumat verilib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları da qonaqlarda maraq doğurub. Məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Qonaqlar Cıdır düzündə də olub, oradan açılan gözəl mənzərəni seyr ediblər. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Beyin mərkəzlərinin nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtının gözəlliyinə heyran olduqlarını bildirərək, Şuşanın azad edilməsinin tarixi əhəmiyyətini vurğulayıblar. Onlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən uzun illər Ermənistanın işğalı atında olan ərazilərin, o cümlədən Şuşa şəhərinin azad edilməsindən böyük sevincqürur hissi keçirdiklərini bildiriblər.

Qeyd edək ki, sentyabrın 28-də Bakıda keçirilmiş Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun əsas məqsədi beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması və dövrün tələbələrinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında kommunikasiyanın və əməkdaşlığın qurulmasını təmin etməkdir. Forumda yerlixarici beyin mərkəzlərinin təmsilçiləri ilə yanaşı, müxtəlif dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

 

Azərbaycan.-2022.- 30 sentyabr.- S.3.