Qlobal təhdid
olan "TikTok"un milli təhlükəsi
Bu sosial şəbəkə
artıq gənclərlə yanaşı, yeniyetmə və
uşaqları da zərərli təsiri altına alır
Sosial şəbəkələrin
insan həyatına, cəmiyyətin psixologiyasına təsirləri
zaman keçdikcə özünü daha qabarıq şəkildə
göstərməkdədir. Bəzən qəbul
edilməyən, hətta ictimai ittiham obyekti olan müəyyən
hərəkətlər, davranışlar belə müxtəlif
platformalarda gün ərzində dəfələrlə
insanın qarşısına çıxaraq
şüuraltına təsirsiz ötüşmür. Bunun nəticəsində mənəvi təhdidə
çevrilən video və paylaşımların sürətlə
yayılan, təkrarlanmış müxtəlif
variantlarının şahidi oluruq.
2016-cı ildən sosial
mediaya daxil olan, qısa müddətdə istifadəçilərinin
sayı sürətlə artan, dünyada olduğu kimi, Azərbaycanda
da cəmiyyətin mütləq əksəriyyətinin kəskin
etirazına səbəb olan "TikTok" artıq dövlətimiz
üçün ciddi təhlükə mənbələrindən
birinə çevrilib. Bununla yanaşı, "TikTok" müəyyən
pis vərdişlərə təhrik, insan alverini əlçatan
edən, dələduzluq hallarını artıran, eyni zamanda əxlaqi
dəyərləri aşındıran neqativ
davranışların virtual məkanı olub. Bütün bunlar bu sosial şəbəkənin
hüquqi müstəvidə səbəb olduğu təhlükəli
problemlərlə yanaşı, milli-mədəni və mənəvi
keyfiyyətlərə də zərər verməsinə şərait
yaradır.
Sentyabrın 12-si gecə
saatlarından etibarən Ermənistanın törətdiyi hərbi
təxribatın qarşısının alınması istiqamətində
Azərbaycan Ordusunun qarşı tərəfə layiqli cavab tədbirləri
zamanı hərbi sirlər, xüsusən də
dezinformasiyalarla dolu paylaşımların bu sosial şəbəkədə
sürətlə yayılması artıq milli təhdid təşkil
etdi.
Ordumuzun uğurlarına kölgə
salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə
yanlış fikir formalaşdırmaq məqsədi güdən
məlumatların yayılmasının
qarşısını almaq üçün "TikTok"un
fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti
məhdudlaşdırılması ilə bağlı Dövlət
Təhlükəsizliyi Xidmətinin aidiyyəti orqanlar
qarşısında qaldırdığı vəsatət təmin
olundu. Bununla da artıq bir müddətdir ki, bu
sosial şəbəkəyə ölkə ərazisində
giriş məhdudlaşıb.
"TikTok"un ölkədə məhdudlaşdırılmasının
səbəbi
"TikTok"un ölkədə
yayımının müvəqqəti məhdudlaşdırılmasına
aydınlıq gətirən Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin
idarə rəisi Tural Məmmədov açıqlamasında
bildirib ki, bu sosial şəbəkədə dezinformasiya
xarakterli məlumatların yayılması daha çox risk
daşıdığı üçün ölkə ərazisində
bloklanmasına dair qərar qəbul edilib. Onun sözlərinə
görə, müəyyən insanlar "TikTok"u daha asan
istifadə oluna bilən formata salıb: ""TikTok"un
alqoritmi var ki, siz hansısa videoya baxdıqda ona uyğun digər
kontentləri cəmləyib sizin qarşınıza
çıxarır. Bu vasitə ilə sizi həm
doğru, həm də yanlış istiqamətlərə
yönəldə bilir".
İdarə rəisi qeyd edib
ki, doğru məlumata baxılanda düşmən ölkə
həmin məlumata uyğun, məsələn, 10 dənə
yanlış və sövqedici məlumat paylaşır. Belə olan
halda siz informasiya müharibəsinin qurbanına çevrilə
bilirsiniz.
Tural Məmmədov deyib ki,
eyni addımı düşmən ölkə də atıb. Təhdidlər
hər iki tərəfdən eyni formada dəyərləndirilir
və məqbul hesab olunduğu, risk daşıdığı
üçün məhdudlaşdırıcı addım
atılıb.
Tətbiq edilən
məhdudiyyət qanunlara tam uyğundur
Günümüzdə sosial
şəbəkələrin informasiyaya əlçatanlığında,
həmçinin istənilən məsələnin trendə
çevrilməsində necə böyük rola malik olduğu
danılmazdır. XXI əsrin texnoloji irəliləyişləri,
innovativ həll yolları bəşəriyyəti fərqli
istiqamətlərə yönəldir. Yəni
bu gün olduğumuz yerdən dünyanın istənilən
nöqtəsində baş verənlərdən xəbər
tutmaq imkanımız var. Bəzən isə son
texnologiyaların və internetin verdiyi böyük imkanlardan
insanların yanlış istifadəsi nəticəsində
neqativ halların artdığını görürük.
Sözügedən məsələ
ilə bağlı qəzetimizə açıqlama verən Mətbuat
Şurasının sədr müavini Müşfiq Ələsgərli
qeyd edir ki, Avropa İnsan Haqları Konvensiyasının 10-cu
maddəsinə əsasən, cəmiyyətdə kataklizmlər
törədən, milli təhlükəsizlik, ərazi
bütövlüyü və ya ictimai asayiş maraqları
naminə təhlükə yaradan informasiya vasitələrinin
və KİV-in fəaliyyəti məhdudlaşdırıla
bilər. Onun sözlərinə görə,
"TikTok" sosial şəbəkəsi son vaxtlar Azərbaycanda
ciddi şəkildə problemə çevrilib. Bu səbəblə onun fəaliyyətində məhdudiyyətin
tətbiq edilməsi həm yerli qanunlara, həm də beynəlxalq
konvensiyalara uyğun addımdır.
Sədr müavini bildirir ki,
"TikTok" digər sosial şəbəkələrdən
bir çox xüsusiyyətləri ilə fərqlənir. Bəzi sosial
şəbəkələrdə konkret standartlar tətbiq
olunur. Məsələn, feysbuk, yutub kimi
platformalarda nifrət, şiddət, terror və reklamı
özündə ehtiva edən, müəllif və insan
hüquqlarını pozan hər hansı paylaşım etmək
olmaz. Həmin kontentli paylaşımlar
yayımlansa belə onlara məhdudiyyət qoyulur və sosial
şəbəkədən silinir. "TikTok"da isə
belə məhdudiyyətlər mövcud deyil, burada heç
bir informasiya standartı gözlənilmir: "İstər
uşaq haqlarını pozan, istər pornoqrafiya, istərsə
də terrorizmi təbliğ edən paylaşımlar
asanlıqla yayımlanır və kütləvi izlənilir. Belə olduğu halda da bu platforma sui-istifadə
üçün geniş meydana çevrilir".
"TikTok" problemli sosial
şəbəkə olduğundan qeyri-sabit şəraitlərdə
bu kimi hallar özünü ikiqat göstərməyə
başlayır. Son dövrlərdə isə manipulyativ
xarakterli paylaşımların sayı kəskin artıb.
Müşfiq Ələsgərli deyir ki, hətta
orduda xidmət edən əsgərlərin erməni təxribatları
zamanı canlı yayım açmasına təsadüf
edilib. Həmin yayımlarda və ya
paylaşımlarda əsgərlər olduqları ərazidə
baş verənlərdən danışır, hərbi və
dövlət sirlərini izləyicilərlə
bölüşürdülər. Bu kimi
hallar isə düşmənə onların
koordinatlarını asanlıqla müəyyən edib
hücuma keçməyə imkan verirdi. Məhz
bu sadalananlara görə, platformadan istifadənin məhdudlaşdırılması
zəruri idi.
Sədr müavini bildirir ki,
bir çox ölkələr bu addımı zaman-zaman
çıxış yolu olaraq görüb. Məsələn,
Hindistanda 2020-ci ildən bu proqramdan istifadə milli təhlükəsizlik
baxımından qadağan edilib. Rusiyada isə
2022-ci ilin fevralından məhdudlaşdırılıb.
Psixoloji müharibədə
məlumatların dəqiqliyi, süzgəcdən keçməsi
vacibdir
"TikTok" sosial və təhlükəsizlik
problemləri yaratmaqla yanaşı, cəmiyyətdə,
xüsusən uşaqlarda ciddi psixoloji fəsadlar da törədir. Şəbəkənin
insan psixologiyasına təsirlərindən, zərərlərindən
danışan psixoloq, bu sahə üzrə mütəxəssis
İbrahim İbrahimov qəzetimizin əməkdaşına
açıqlamasında deyib ki, "TikTok"da
qısametrajlı videoların çəkilib
yayımlanması və bunun sürətlə yayılması
şəbəkənin ən mənfi tərəfidir.
Onun sözlərinə görə, belə texnologiyaların
inkişafı gələcəkdə psixoloji problemləri
artıracaq: "Texnologiya inkişaf etdikcə, hər kəs
bu vasitələrdən istifadə etməklə, bir-birini
çəkib paylaşır və həmçinin bu yolla şantaja əl
atır. Bu da şantaj olunan tərəfin hətta
intiharına qədər gətirib çıxarır".
Psixoloq qeyd edir ki, videonu
çəkən tərəflərə sosial şəbəkədə
əylənmək, gülmək üçün material
lazımdır. Onlar həmin görüntüləri
insanların düşdüyü qəribə vəziyyət,
hər hansısa sözü düzgün deməməsi, nəyisə
səhv başa düşməsi kimi hallarda çəkirlər
və bu da həmin şəxsi ələ salmaq
üçün materiala çevrilir. Beləliklə,
video yayımlanır və başqaları tərəfindən
tez-tez paylaşılır. Bu "yumoristik"
yanaşmanın təhlükələri çoxdur. Çünki burada ələ salınan insanın
yaxınları da bu videoya baxır, vəziyyətdən
utanır, hətta depressiyaya düşürlər. Bu
baxımdan bir insanı ələ salanda mütləq nəticəsini, həmin şəxsə
hansı travma yaşadacağını düşünmək
lazımdır.
İbrahim İbrahimov deyir
ki, sosial şəbəkələrdə hər kəsin
canlı yayım aça bilməsi, çəkdiyi
videoları paylaşmasının mümkünlüyü də
bəzən insanların yanlış informasiyalar almasına gətirib
çıxarır. Məsələn, hansısa "mütəxəssis"
səhv məlumat verir, milyonlarla istifadəçi isə ona
inanır və videonu paylaşır. Əsası
olmayan fikirlər səsləndirilir, reallıqdan kənar məlumatlar
yayımlanır. Belə videolar insanların həyat tərzinə
zərərli təsir göstərə, bəzən isə
ailədə mübahisələrə səbəb ola bilir. Xüsusən
"mütəxəssis"lərin müəyyən məlumatlar
yayması cəmiyyətdə ajiotaja gətirib
çıxarır. Psixoloq deyir ki, "TikTok"da
süzgəcdən keçməmiş videolar yayılır,
bunun da qarşısını almaq mümkün deyil.
Azərbaycanda "TikTok"un müvəqqəti məhdudlaşdırılması
ilə bağlı isə ekspert deyir ki, hərbçilərin
olduqları ərazidən video yayması düşmən tərəfindən
ərazinin, hədəflərin təsbit olunmasına imkan
verir.
İ.İbrahimov bildirir ki,
Ermənistan tərəfi həmişə itkilərini gizlədir. Bunun da səbəbi odur ki, onsuz da
qorxaq olan əsgərləri panikaya düşməsin, həvəssiz
döyüşməsin, çünki məlumat insanı idarə
edir. Onun sözlərinə
görə, təbliğatın yanlış növlərindən
düşmən istifadə edir: "Ermənilər 44
günlük Vətən müharibəsindən sonra qəfil
ayıldı ki, bugünə kimi yalan informasiyalara
inanıblar. Məlum oldu ki, Azərbaycan Ordusu
artıq Şuşadadır, ermənilər işğal etdikləri
rayonları itiriblər. Çünki
müharibə vaxtı Ermənistan hökuməti bunu gizlədirdi.
Hətta statuslarda ermənilərin azərbaycanlılara
yazdığı rəylərdə belə yalanlara necə
inandıqları açıq-aşkar
görünürdü. Onlar bizim 44 gündə heç
bir qarış
da irəliləmədiyimizi düşünürdülər".
Psixoloq deyir ki, bəzən onlar eyni
dezinformasiyanı bizə də təbliğ etmək istəyirlər:
"Başqa döyüş kadrlarını Qarabağ
müharibəsi kimi paylaşır və ya azərbaycanlı əsgərlərin
kütləvi şəkildə əsir
götürüldüyünü qeyd edirlər. İnsanlar isə
bu kadrların hansı müharibəyə aid olduğunu
düşünmədən, müəyyənləşdirmədən
buna inanırlar".
Hazırda informasiya müharibəsinin
cəmiyyətin, hərbçilərin psixologiyasında mühüm rol
oynadığını deyən İ.İbrahimovun fikrincə,
psixoloji müharibədə məlumatların dəqiqliyi,
süzgəcdən keçməsi vacib amillərdəndir. Dövlət bu prosesdən haqlı olaraq
narahatdır və yalan məlumatların
yayılmasının qarşısını almaq
üçün konkret addımlar atır.
Feyk xəbərləri,
zərərli vərdişləri təbliğ edən
platforma
Jurnalist Hacıbəy Heydərli də
"TikTok"un Azərbaycanda ən
kütləvi və təhlükəli sosial şəbəkəyə
çevrildiyini hesab edir. "Metrix"in yaydığı
infoqrafika haqqında məlumat verən jurnalist deyir ki, Azərbaycanda 1 milyona yaxın
"TikTok" istifadəçisi var. Onun sözlərinə
görə, bu hələ rəsmi qeydiyyatdan keçənlərin
sayıdır. Bununla yanaşı, proqramı yükləyib,
qeydiyyatdan keçməyən kənar izləyicilər də
az deyil. "TikTok" 2021-ci
ildə dünyada ən çox daxil olunan sosial şəbəkə
olub. Təkcə bir ildəki qazancı
milyard dollarla ölçülür. Burada ən həyəcanlı
məqam isə ölkəmizdən "TikTok"a daxil
olanların 73,1 faizinin 18-24 yaşlı gənclər
olmasıdır. Yəni Azərbaycan gəncliyinin
ən çox istifadə etdiyi sosial şəbəkə
"TikTok"dur.
H.Heydərli "Tiktok"un təhlükəli
tərəfini burada əxlaqsızlığın, feyk xəbərlərin,
zərərli vərdişlərin, "oğru aləmi"nin təbliğ olunmasında görür. Son
zamanlar ölkədəki əksər problemli proseslərin mənbəyinin
bu sosial şəbəkədən
qaynaqlandığını vurğulayan jurnalist bildirir ki,
çıxış yolu yalnız maarifləndirmə və
düzgün təbliğatdan keçir: "Dövlətini,
xalqını sevən insanlar bu sosial platformanı da boş
qoymamalı, aktiv olmalı, lazım olduqda
savaşmalıdırlar. Tanınmış
jurnalistlər, bloqçular yalnız status yazmaqla kifayətlənməməli,
əksinə, gənclərin, kütlənin çox
olduğu meydana çıxmalıdırlar. Yeri gəldikcə, "TikTok"da canlı
yayımlar açılmalı, maarifləndirici söhbətlər
edilməlidir".
Jurnalist "TikTok"a qeyri-ciddi
platforma kimi baxanlara xatırladır ki, orada yayılan
hansısa saxta video, dezinformasiya bir anda ölkəni
çalxalaya, xaosa gətirib çıxara bilər: "Biz
bunu daha öncə Qazaxıstan misalında
görmüşük. Belə ki, 2 il əvvəl
Almatıda baş verən iğtişaşlar Bakıda
imiş kimi insanlara təqdim olundu, bəzi qüvvələr
bu saxta videolarla xalqı meydanlara səslədi. O dövrdə
dövlət təfəkkürlü insanların
ayıq-sayıqlığı nəticəsində bu təxribatların
qarşısı alındı".
O qeyd edir ki, belə dezinformasiyaların qarşısını almaq üçün ictimaiyyətlə yanaşı, dövlət qurumları da fəal olmalıdır. "TikTok"un artıq əyləncə platforması deyil, ölkə gündəminə təsir edə bilən bir meydan olduğunu deyən H.Heydərli bildirir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı qələbə qazansa da, informasiya müharibəsi hələ də davam edir və onun gedişində ayıq-sayıq olmalıyıq.
Cəmiyyəti bayağılığa sürükləyən
platforma
"TikTok"dakı zərərli kontentli paylaşımlarda, bayağı mövzulu canlı yayımlarda keçirilən saatlar hədər olan ömrə çevrilir. Azyaşlıların zərərli vərdiş kimi qurşandığı sosial media həm də onları "tərbiyə" edir: söyüşlər, təhqirlər, mədəniyyətsizliklə...
Paylaşımlar isə sərhəd tanımır. Cəmiyyətdə mənfi imic qazanmış insanlar canlı yayımda öz "məharət"ini göstərmək üçün sanki bir yarış zolağında qaçır. Onlar pul dilənir, rəqibinə qalib gəlmək üçün yalvarışlarla hədiyyələr gözləyir, nalayiq ifadələr işlədir, insan alveri cinayətinə aid hallarla aşkar şəkildə məşğul olur, hər cür rəzilliyə, əxlaqsızlığa rəvac verirlər. İllərlə "ciddi şəxs" kimi imic qazanmış ictimai xadimlər bir göz qırpımında elə bu platformada gözdən düşürlər.
Belə təhlükəli və zövqü korlayan videoların "TikTok"da yayımlanması kifayət deyilmiş kimi həmin kontentli paylaşımların digər sosial şəbəkələrə də daşındığını görürük. Son günlər isə ölkədə "TikTok"un müvəqqəti məhdudlaşdırılması yayılan dezinformasiyaların və təşviş yaradan görüntülərin xeyli azaldığını göstərir. Bu da onu deməyə əsas verir ki, qarşıdakı dövrdə bu kimi neqativ halların, vətəndaşları narahat edən yalan məlumatların, uydurmaların yayılmaması, təxribat xarakterli çağırışların qarşısının alınması məqsədilə "TikTok"un Azərbaycanda fəaliyyətinin dayandırılması məqsədəuyğundur. Bu, ən əsası milli təhlükəsizliyimizin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Aydan XƏLİLOVA
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2022.- 24 sentyabr.- S.7.