Mingəçevir
Dövlət Universiteti “Erasmus+” proqramının qalibi olub
Mingəçevir Dövlət Universitetinin
(MDU) koordinatorluğu ilə
hazırlanmış və
təqdim edilmiş “Azərbaycan ali təhsil müəssisələrində
sahibkarlıq ekosisteminin
gücləndirilməsi” (Enhancing
sustainable entrepreneurial ecosystem in Higher Education Institutions of
Azerbaijan – ENGAGE) mövzusunda “Erasmus+” layihəsi Avropa Komissiyası tərəfindən
maliyyələşdirmə üçün qəbul edilib. Bununla da MDU koordinator
statusunda “Erasmus+” layihəsində
qalib gələn ilk
region universiteti olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki,
layihənin əsas məqsədi Azərbaycanın
müvafiq ali
təhsil müəssisələrində
sahibkarlıq ekosisteminin
gücləndirilməsindən, akademik heyətin və tələbələrin
sahibkarlıq düşüncəsinin
inkişaf etdirilməsindən
və innovativ yanaşmanın təkmilləşdirilməsindən
ibarətdir. Layihə
çərçivəsində reallaşdırılması nəzərdə
tutulan tədbirlər
ali təhsil
müəssisələrində daha çox innovativ ideyaların yaradılmasını, tədris
prosesinin məzmununda praktiki komponentlərin artırılmasını, startap
fəaliyyətlərinin genişləndirilməsini
və universitet-sənaye
əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutur. Layihənin icrası zamanı Avropa İttifaqı ölkələrini
təmsil edən tərəfdaş universitetlərin
müsbət təcrübəsi
öyrəniləcək, layihədə
iştirak edən Azərbaycan ali
təhsil müəssisələrinin
əməkdaşları üçün
çoxsaylı təlimlər
təşkil ediləcək.
MDU-nun koordinatorluğu və idarəçiliyi ilə həyata keçiriləcək
ENGAGE layihəsi 36 ay ərzində
reallaşdırılacaq. Layihənin
ilkin büdcəsi 800 min
avrodur. Layihənin məzmununun
hazırlanmasında Bakı Biznes Universitetinin təcrübəli əməkdaşları
da fəal iştirak
ediblər.
Layihənin
əsas benefisiarları qismində Azərbaycanın 11 ali təhsil
müəssisəsi (Mingəçevir Dövlət
Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət
İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali
Neft Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti, Azərbaycan Turizm və
Menecment Universiteti, Gəncə Dövlət Universiteti,
Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət
Aqrar Universiteti, Odlar Yurdu Universiteti) nəzərdə tutulub.
Eyni
zamanda layihənin Azərbaycandan olan tərəfdaşları
sırasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda
Qadın Sahibkarlığının İnkişafı
Assosiasiyası (İB) da yer alıb.
ENGAGE layihəsinin 5 Avropa İttifaqı ölkəsini
təmsil edən tərəfdaş universitetləri
bunlardır: Estoniyadan
Tallin Texnologiya Universiteti (Tallin University
of Technology), İsveçdən KTH Royal Texnologiya İnstitutu (KTH
Royal Institute of Technology), Portuqaliyadan Lissabon Universiteti (University
of Lisbon), İspaniyadan Kataloniya
Politexnik Universiteti
(Polytechnic University of Catalonia), Polşadan
WSG İqtisadiyyat Universiteti
(WSG University of Economy).
Azərbaycan.-2022.- 30 sentyabr.- S.7.