Turizm xalqları bir-birinə
yaxınlaşdırır
Turizm
xalqımızın mədəniyyətini, adət-ənənələrini,
zəngin tarixi keçmişini dünyaya tanıtmaq
üçün ən gözəl vasitələrdən
biridir.
Təsadüfi deyil ki,
dövlət başçısı ölkəmiz
üçün bu sahənin əhəmiyyətindən bəhs
edərkən xüsusi olaraq vurğulayıb: "Turizm sahəsi
həm regionların inkişafı, həm də ki, ölkənin
iqtisadi potensialının möhkəmlənməsi
üçün, Azərbaycanın imici, dünyaya
inteqrasiyası üçün çox mühüm bir vasitədir.
Bizim çox gözəl təbiətimiz var. Bəlkə
nadir ölkələrdən biriyik ki, burada istənilən təbii
şərait, istənilən iqlim var".
Mütəxəssislərin
fikirlərinə görə, ölkəmizə gələn
turistlərin böyük əksəriyyəti ilk növbədə
mədəni irsimiz, tariximiz, ən qədim dövrlərə
təsadüf edən yaşayış məskənlərimiz
və abidələrimizlə maraqlanırlar. Ona görə də
mədəniyyətin təbliğ olunmasında turizmin
böyük rolu var. Gələn turistlər daha çox
İçərişəhər, Abşeron Milli Parkı,
Qarasu vulkanı, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu,
Şirvan Milli Parkı, Nabran, Şəki, Yanardağ, Atəşgah,
Lahıc və Yanar bulağa səyahət etməyə
üstünlük verirlər. Gündən-günə
abadlaşan, əsrarəngiz gözəlliyi ilə seçilən
Bakı gecələri, rəngarəng işıqları ilə
göz oxşayan Alov qüllələri də türistlərin
daha çox izlədikləri, üz tutduqları məkanlar
sırasındadır.
Dünyada ölkəmizə
olan diqqət gündən-günə artır. Bu fakt
respublikaya gələn xarici qonaqların sayına da təsir
göstərir. Turistlərin ölkəmizə axını
yeni turizm marşrutlarının yaranmasını zəruri
edir.
30 ilə yaxın ürəyimizdə
Qarabağ adlı bir dərdimiz vardı. Mənfur ermənilər
bu onilliklərdə turizm baxımından daha əhəmiyyətli,
daha çox təbii gözəlliyi, füsunkar təbiəti
ilə seçilən, zəngin tarixi abidələrin və mədəni
irsimizin saxlanc yeri olan Qarabağı işğal edib, tarixi
abidələrimizi, dini ocaqlarımızı
dağıdıb məhv etməklə, yaxud "özəlləşdirmək"lə
məşğul idilər. 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsi tarixi ədalətin bərpası
üçün aparılan bir müharibə idi. Ordumuzun
şücaəti, Müzəffər Ali Baş Komandanın qətiyyəti
ilə torpaqlarımız işğaldan azad edildi. Ədalət
zəfər çaldı. Bununla əsirlikdə olan tarixi abidələrimizi,
mədəni irsimizi də xilas etdik. Qədim şəhərimiz
olan Şuşa mədəniyyət paytaxtımız elan
olundu. Qısa zamanda bu qədim şəhərdə və digər
işğaldan azad olunmuş ərazilərimizdə erməni
vandalizmindən zərər çəkmiş,
dağıdılmış tarixi mədəni abidələrimizin
bərpasına start verildi. Artıq bəzi tarixi abidələrimiz,
məscidlərimiz bərpa olunaraq öz "ikinci həyat"larını
yaşayırlar. İftixar hissi ilə deyə bilərik ki,
Şuşa şəhəri, işğaldan azad edilmiş digər
rayonlarımız indi turistlərin, səyyahların ən
çox diqqətini cəlb edən ünvanlardır.
Bu il sentyabrın 21-də
düşmən işğalından azad olunmuş
Laçında, Kəlbəcərdə olan Müzəffər
Ali Baş Komandan bu yerlərin təbii gözəlliklərini,
uca dağlarını, gur axan səsli-küylü dağ
çaylarını, geniş ormanlarını göstərərək
- "Bu yerlər əsl cənnətdir, biz buraları
abadlaşdırıb əsl cənnətə döndərəcəyik.
Turizmin inkişafı üçün bu torpaqlar çox əlverişli
bir məkandır", - deyərək işğaldan azad
olunmuş torpaqlarımızın turizm üçün
uğurlu perspektivini bir daha qeyd etmiş oldu. Biz isə hər
gün abadlaşan, gözəlləşən vətənimizə
baxıb qürurla deyirik: "Cənnət görmək istəyən
Azərbaycana gəlsin".
Elşən QƏNİYEV
Azərbaycan.- 2022.- 24 sentyabr.- S.7.